
Kiş məbədi Azərbaycanın dini və tarixi yaddaşında xüsusi yeri olan ən qədim abidələrdən biridir. Şəkinin Kiş kəndində yerləşən bu müqəddəs tikili həm memarlığı, həm də mənəvi əhəmiyyəti ilə əsrlərin sınağından çıxaraq günümüzə gəlib çatıb. Tarixçilərin fikrincə, Kiş məbədi Qafqaz Albaniyasının ilk xristian ibadətgahı olub və təsadüfi deyil ki, çox vaxt “Qafqazın ana kilsəsi” adlandırılır.
Əfsanəyə görə, apostol Faddeyin şagirdi olan Müqəddəs Yelisey eramızın I əsrində bu kəndə gələrək xristianlığı təbliğ edib və ilk kilsəni də məhz burada inşa etdirib. Lakin arxeoloji qazıntılar göstərdi ki, Kiş məbədi daha qədim dövrlərə gedib çıxır. Buradan tapılan maddi sübutlar bu tikilinin əvvəllər Ay kultuna sitayiş olunan məbədin qalıqları üzərində salındığını ortaya qoydu. Yəni Kiş məbədi sadəcə bir dini məkan yox, ibtidai inanclarla yeni dinin qovuşduğu nadir yerlərdən biridir.
Əsrlər boyunca kilsə müxtəlif dövrlərdə dağıdılıb, yenidən bərpa olunub, lakin heç vaxt öz müqəddəsliyini itirməyib. XIX əsrdə rus missionerləri burada müəyyən təmir işləri aparsalar da, məbəd uzun müddət baxımsız qalmışdı. XX əsrin sonlarında isə dağılmaq təhlükəsi ilə üzləşmişdi. Bu məqamda dünya şöhrətli norveçli səyyah Tur Heyerdalın rolu danılmazdır. O, Qafqazla Skandinaviya arasında qədim əlaqələri araşdırarkən Azərbaycana səfər etmiş və Kiş məbədini də diqqət mərkəzinə gətirmişdi. Heyerdalın təşəbbüsü ilə Norveç hökuməti bərpa işlərinə maliyyə dəstəyi verdi. Nəticədə 2000-ci illərdə beynəlxalq alimlərin iştirakı ilə genişmiqyaslı tədqiqatlar aparıldı, məbəd yenidən dirçəldildi. Qazıntılar zamanı aşkar olunan qədim qəbiristanlıq, xüsusən də orta əsr insanları ilə müqayisədə xeyli hündürboy skeletlərin tapılması alimlər arasında böyük maraq yaratdı.
Bu gün Kiş məbədi muzey-qoruq kimi fəaliyyət göstərir və Azərbaycanın turizm xəritəsində ən çox ziyarət edilən məkanlardan biridir. Buraya gələnlər həm qədim Alban dövrünün izlərini görür, həm də Şəki təbiətinin ecazkar mənzərələri ilə qarşılaşırlar. Məbədin sadə, lakin möhkəm daş divarları, işıqlı daxili məkanları ziyarətçiyə həm tarix, həm də mənəvi sakitlik bəxş edir.
Kiş məbədi sadəcə bir tikili deyil, minilliklərin şahidi, sivilizasiyaların toqquşub qovuşduğu məkan, Azərbaycanın qədimliyini dünyaya göstərən canlı abidədir. Onun qorunması həm xalqımızın tarixinə hörmət, həm də gələcək nəsillərə ötürüləcək müqəddəs bir mirasdır.
İlkin Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yenifikir.media
Son Xəbərlər
Dünya şöhrətli müğənni evi üçün 8 milyon dollar endirim etdi
Rusiyadan Qərbə sərt mesaj: “NATO barış qüvvəsi olmayacaq”
ABŞ-ın qırmızı xətti : 4 nəfərə sanksiya
Tarixi bilməyənlər susmalıdır, ya da şərəfsizlik etməməlidir.
Pınar Altuğun yoga götüntüsü gündəm oldu
Ədalət Verdiyev: "Ukraynanın Rusiyanın şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmır”
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Victor Nelsson Hellas Veronaya transfer olacaq