Haran ağrıyır, Fazil?

Uzun müddətdir Rusiyada yaşayan Rəqsanənin bu dəfəki “səhnə çıxışı” nə mahnı, nə də dovğa resepti ilə bağlıdır. Bu gün yayılan xəbər gündəmi silkələdi: Rəqsanə həbs olundu.

Axı biz onu son illər daha çox Instagram səhifəsində görməyə öyrəşmişdik: gah yemək bişirirdi, gah banka bağlayırdı, gah da bağ sulayırdı. Hətta bir dəfə izləyicilərinə zarafatla demişdi: “Dovğanın bankasını 200 manata satıram.” O vaxt hamı gülüb keçdi, amma kim biləydi ki, gün gələr, o bankaların qapağı sözün əsl mənasında “partlayacaq”.

İndi isə məsələ bankadan da, dovğadan da qat-qat ciddidir. Bir az əvvəl yayılan məlumata görə, Rəqsanə 35 min manatlıq qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Müğənni təqsirləndirilən şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əslində, bu, ilk deyil. Bir il əvvəl də Rəqsanənin həbs xəbəri yayılmışdı. Amma çox keçmədi ki, o, yenə kamera qarşısına çıxdı – bankasını bağladı, ətini qızartdı, dovğasını qarışdırdı. Rusiyada mətbəx işlərinə başı o qədər qarışdı ki, mahnı oxumağa vaxt tapa bilmədi. Kaş ki, o qədər banka bağlamaqdansa, bir-iki yaxşı mahnı oxuyaydı…

Ailə tarixçəsinə gəlincə, qalmaqallar orada da az deyil. 2007-ci ildə anası Adilə Həsənova və bacısı Ellada İsmayılova insan alverinə görə həbs olunmuşdu. 2014-cü ildə isə bacısının oğlanları – Tural, Turan və İlqar Səfərovlar Çermet qəsəbəsində baş verən avtoxuliqanlıq olayına görə saxlanılmışdı. Yəni, görünən odur ki, ailədə qalmaqal sanki nəsildən-nəsilə ötürülür.

İndi isə hər kəsin ağlında bir sual var: Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanov nə danışacaq? Danışacaqmı, susacaqmı?

Bir vaxtlar xəbər yayılmışdı ki, guya Rəqsanə Fazil müəllimdən ayrılıb. Sonradan məlum oldu ki, ayrılmayıblar. Müğənni o boyda Rusiyada yaşayan varlı kişiyə o qədər “Fazil, Fazil” deyirdi ki, izləyicilər də artıq ona sadəcə “Fazil” deyirdi. Halbuki, heç olmasa yanında bir “müəllim” artıraydılar. Onsuz da bizdə müəllim sözünü hər kəsə deyirlər. Adamdan soruşarlar: “Fazil müəllim, tayun-tuşundur bəyəm?”

İndi hamının gözü Rəqsanənin Instagram səhifəsindədir: görək Fazil müəllim oradan nə danışacaq. Məncə, heç nə danışa bilməyəcək… Çünki Rəqsanənin Instagram hesabının parolunu bilmir.

Amma çox güman ki, susacaq. Susacaq, amma bu susqunluq “Rəqsanənin bağladığı bankaların qapağının çıxardığı səs” qədər gur eşidiləcək.

Keçmiş olsun, Fazil müəllim.

Bir də sual soruşmaq istəyirik : haran ağrıyır, Fazil?

Savalan Talıblı 

Yenifikir.media