Çətinliklərdən Avropa zirvəsinə gedən yolun müəllifi - İlkin Seyfəddinov

Masazır kəndində boksun adı belə bilinmədiyi bir vaxtda, 2015-ci ildə İlkin Seyfəddinov qeyri-mümkün görünən bir işə imza atdı. O, kənddə ilk dəfə olaraq boks bölməsi yaratdı və bir müəllim kimi bu idmanı sıfırdan qurmağa başladı.

İlkin müəllimin fəaliyyəti adi zalda  voleybol üçün nəzərdə tutulmuş, boks üçün heç bir şəraiti olmayan bir məkanda başladı. Avadanlıq yox səviyyəsində idi, təbliğat imkanları isə demək olar ki, sıfır idi. Buna baxmayaraq, İlkin Seyfəddinov böyük bir məqsədlə yola çıxdı: Masazırda boks məktəbi qurmaq və gələcək çempionlar yetişdirmək.

9 aydan sonra o, daha uyğun bir zal kirayələyərək fəaliyyətini oraya köçürdü. Lakin daha böyük çətinlik qarşıda idi – boksun olmadığı bir məkanda uşaqları bu idmana cəlb etmək, bu idmanı onlara sevdirmək. İlkin müəllim bu prosesi təkbaşına həyata keçirdi və qısa müddətdə ilk uğurlar özünü göstərdi.

İlk uğurlar – İlkin müəllimin əzminin bəhrəsi

2017-ci ildə onun yetirməsi Hüseynov Rəvan məktəblilər arasında Azərbaycan çempionu oldu. Bu, İlkin Seyfəddinovun Masazırda yaratdığı boks bölməsi üçün tarixi dönüş nöqtəsi idi. Ardınca məktəblərə, ailələrə olan inam artdı və 2017–2018-ci illərdə 7–10 yaşlı uşaqlar böyük həvəslə bu idmana axın etməyə başladılar.

İlkin müəllim balaca boksçularla sistemli və ciddi məşqlər qurdu. Onun planlı işi nəticəsində bu gün həmin uşaqlar beynəlxalq arenalarda Azərbaycanı təmsil edən idmançılara çevriliblər.

Avropa uğurları – İlkin Seyfəddinovun yetişdirdiyi çempionlar

Masazır Boks Məktəbinin son illərdə qazandığı uğurlar, əslində İlkin Seyfəddinovun gərgin əməyinin və illərlə qurduğu sistemin nəticəsidir:

Müseyibli Nurlan – 2025-ci il Avropa çempionu, 2024-cü il Avropa birinciliyinin gümüş medalçısı

Məmişov Əli – Avropa birinciliyinin gümüş medalçısı (Türkiyə Ərzurum şəhəri 2022- ci il )

Əmirxanlı Baqir – 2022-ci il Avropa birinciliyinin bürünc mükafatçısı ( Türkiyə Ərzurum şəhəri 2022- ci il )

Bütün bu nailiyyətlər bir daha göstərir ki, İlkin Seyfəddinovun qurduğu məktəb artıq beynəlxalq səviyyədə öz sözünü deməyə başlayıb.

Statistika ilə yazılan zəfər

Son 4 il ərzində Masazır Boks Məktəbi:

Azərbaycan birinciliklərində 26 medal qazanıb:

10 qızıl

6 gümüş

10 bürünc

Bu gün İlkin Seyfəddinovun yetişdirdiyi idmançılardan Əmirxanlı Baqir, Məmişov Əli, İmanlı Ömər, Həsənov Ayxan, Əhmədli Bəhlul, Hümmətov Eldar , Məmmədli Əli, Müseyibli Nurlan və Abasov İbrahim Azərbaycan milli yığma komandasının üzvləridir.

İlkin Seyfəddinov təkcə bir məşqçi deyil – o, bir bölgədə idman tarixçəsi yazan qurucudur

İlkin Seyfəddinovun təşəbbüsü ilə əsası qoyulan Masazır Boks Məktəbi bu gün ölkənin ən uğurlu bölgə idman strukturlarından biridir. Onun əzmi, fədakarlığı və uşaqlara sevgi ilə yanaşması nəticəsində Masazır kəndindən beynəlxalq arenalara uzanan bir uğur hekayəsi yazılıb.

Bu gün Masazır boksunun adı varsa, bu, ilk növbədə İlkin Seyfəddinov uğurudur.

Yenifikir.media