Müharibələr təsadüf deyil. Bu, qlobal sistemin acı, amma planlı təmizləmə mexanizmidir

İnsanlıq tarixində müharibələr hər zaman mövcud olub. Onlar bəzən torpaq uğrunda, bəzən ideologiya savaşı, bəzən isə dövlət maraqları adı altında təqdim edilir. Lakin əslində, müharibələr təsadüfi deyil, onlar qlobal sistemin özü üçün bir təmizləmə, balanslaşdırma və idarəetmə mexanizmidir. Hazırda dünya əhalisi 8 milyarda yaxındır və bu rəqəm hər gün artır. İnsan sayının sürətlə artması ilə paralel olaraq, dünyada karbon qazı emissiyası yüksəlir, qlobal istiləşmə sürətlənir, ərzaq və su ehtiyatları azalır, enerji resursları tükənir, sosial və iqtisadi idarəetmə zəifləyir. Bu vəziyyətdə dünya sistemi artıq bu yükü təkbaşına daşıya bilmir. Belə şəraitdə qlobal idarəetmə mexanizmləri tərəfindən “tənzimləyici tədbirlər” görülür. Bu tədbirlərin ən qəddar və ən effektiv forması müharibələrdir. Müharibələr sadəcə əraziləri dəyişmir. Onlar eyni zamanda insan sayını azaldır, iqtisadi sistemləri sıfırlayır, sosial və siyasi güc mərkəzlərini yenidən qurur. Bu, çox vaxt siyasi və ya ideoloji səbəblərlə örtülür, amma mahiyyət dəyişmir. Müharibənin funksiyası əhali sayını azaltmaq, resurs tələbatını yüngülləşdirmək, iqtisadi strukturları yeniləmək, güc balansını dəyişmək və ictimai diqqəti yayındırmaqdır. Bu, planlı və sistematik bir alətdir. Əgər bu düşüncə sərt gəlirsə, gəlin təbiətə baxaq. Orada da aslan ceyranı, canavar meşə heyvanlarını, qartal isə ilanı, balığı, dovşanı və hətta tülkünü ovlayaraq saylarını tənzimləyir. Əgər yırtıcılar olmasa, bəzi heyvan növləri nəzarətsiz çoxalaraq təbiəti çökdürər. Bu, Allahın yaratdığı balans qanunudur. İnsan dünyasında bu balans müharibə, iqtisadi böhran və digər mexanizmlərlə qorunur. Fərq ondadır ki, burada yırtıcılar yox, dövlətlər və sistemlər bu işi görür. Əgər dünyada heç bir müharibə olmasa və əhali artımı belə davam etsə, yaxın gələcəkdə ərzaq, su, enerji kimi həyati resurslar tükənər və sistem çökər. Buna görə də böyük sistemlər bəzən müharibəni zəruri hesab edir və tətbiq edir. Müharibə insan üçün faciədir, amma sistem üçün balansdır. Təbiətdə heyvanların bir-birini yeməsi necə ekosistemi qoruyursa, insan dünyasında da müharibələr bu balansı qorumaq üçün yaradılmış süni yırtıcılardır. Bu həqiqət sərt və acı olsa da, onu anlamaq və qəbul etmək gələcək üçün düzgün qərarlar verməyin əsas şərtidir.

Tural Qoca

Yenifikir.media