Kənan Hacı : -"Könüllərdə min, milyon Məmməd İsmayıl qaldı"

Bu gün Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, sevilən yazıçı Məmməd İsmayıl uzun sürən xəstəlikdən sonra vəfat edib. Ustad şairin zəngin yaradıcılığı və ədəbi irsi barədə tanınmış yazıçı Kənan Hacı yenifikir.media-ya danışıb.

Kənan Hacı bildirib ki, dünyada heç zaman qiymətini itirməyən əzəli və əbədi dəyərlər var. “İnsanı mənəvi bataqlığa gömülməkdən qoruyan, ümidsizlik boşluğuna yuvarlanmaqdan saxlayan, həyatın sərt sınaqlarından keçirən bu dəyərləri yaradanlardan biri də dövrümüzün böyük şairi Məmməd İsmayıl idi. Onun poeziyası milli köklərdən qaynaqlanaraq dünya poeziyası okeanına çıxmışdı. Dünya poeziyası meridianlarında nəhəng şairlərlə birlikdə onun da adı dolaşırdı. Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edirdi. Uzun illər Türkiyədə yaşasa da, ürəyi Azərbaycanla döyünürdü. Qürbət Məmməd İsmayılı dəyişə bilmədi, o, qürbətdə də Vətənin bir parçası oldu,” — deyə o vurğulayıb.

Kənan Hacı əlavə edib: “Onun vəfatı xəbəri məni sarsıtdı. Sanki gəncliyimlə əbədi vidalaşdım. O, mənim gəncliyimin şairi idi. Bir Məmməd İsmayıl haqqa yürüdü, amma könüllərdə minlərlə Məmməd İsmayıl qaldı. Rahat uyu, Məmməd əmi. Səni heç zaman unutmayacağıq.”

Yenifikir.media