"Məscid minbəri siyasi tribuna deyil " - İlahiyyatçı

Din xadimləri məscidlərdə çox zaman cəmiyyət üçün faydalı olmayan, aktual olmayan, əsasən də xurafat xarakterli xütbələr və moizələr söyləyirlər. Halbuki ədəb, əxlaq və mənəviyyat mövzularına ən az toxunulur. İslam tarixinin və orta əsrlərdə baş verən hadisələrin ziddiyyətli məqamlarını danışmaq isə artıq ənənəyə çevrilib. Bununla da elə bir təsəvvür yaranıb ki, guya din yalnız ixtilaflardan, nifaqdan və mübahisələrdən ibarətdir.

Mən hesab edirəm ki, bu yanlış yanaşmaya son qoyulmalıdır. Məzhəb ixtilafı yaradan, cəmiyyətə fayda verməyən təbliğat tamamilə zərərli və yolverilməzdir. Məscid ibadət və mənəvi dəyərlərin aşılandığı müqəddəs məkan olmalıdır. Məscid minbəri siyasi tribunaya çevrilməməli, məzhəbçilik təəssübünü alovlandırmaq vasitəsi kimi istifadə edilməməlidir.

Təəssüf ki, bu gün də əksər dindarlar sosial şəbəkələrdə özlərini doğru aparmır, söyüş söyür, cəmiyyətə pis örnək olur və dinin adına xələl gətirirlər. Bir çoxu isə mədəni və mənəvi dəyərlərə diqqət yetirmir. Halbuki dindarlar və xüsusilə də din xadimləri təvazökar, mədəni, kübar və mənəvi cəhətdən zəngin olmalıdırlar. Onlar başqalarına örnək göstərməli, nümunəvi əxlaq sərgiləməlidirlər.

Din xadimləri həm də zəngin mənəvi irsimizin insanlara aşılanmasında öncül rol oynamalıdırlar.

Tural İrfan 

İlahiyyatçı 

Yenifikir.media