Alyaska görüşündən nə gözlənilir...?

Dünya ictimayyətinin və  mediasının diqqəti 15 avqust 2025-ci ildə  keçiriləcək -- ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaska ştatında baş tutacaq tarixi görüşə yönəlib. 

Görüşün əsas mövzusu Ukraynadakı müharibənin gələcəyi və regiondakı geosiyasi balansın taleyi olacaq. 

 Bu danışıqlar yalnız iki dövlətin münasibətlərini deyil ;  bütövlükdə beynəlxalq təhlükəsizlik arxitekturasını müəyyənləşdirə bilər.

Məlumat üçün bildiririk ki, hazırda Rusiya Ukrayna ərazisinin təxminən 19 faizinə nəzarət edir.  Bu , ərazisi  603 min kvadrat kilometr olan Ukraynanın  ümumi sahəsinin  təxminən 114 min 500 kvadrat kilometrinə bərabərdir. 

İşğal olunmuş ərazilərə Krım yarımadası, Donbas bölgəsinin böyük hissəsi, həmçinin Zaporojye və Xerson vilayətlərinin əhəmiyyətli sahələri daxildir.
Krım məsələsi 2014-cü ildən bəri beynəlxalq gündəmin ən mübahisəli mövzularından biridir. Rusiya Krımı “tarixi torpağı” hesab  edir.

 Ukrayna və Qərb ölkələri isə Krımı Rusiya tərəfindən qanunsuz işğal olunmuş ərazi  sayır. 
 Donbasda da  vəziyyət  gərgindir. Moskva buradakı separatçı qurumları “müstəqil dövlət” kimi tanıyıb və onların böyük əksəriyyətinə faktiki nəzarəti həyata keçirir.

 Zaporojye və Xerson vilayətlərində isə Rusiya təxminən 74% əraziyə sahibdir. Ukrayna bu ərazilərin bir hissəsini geri qaytarmağa nail olsa da, Rusiyanın  genişmiqyaslı əks-hücum əməliyyatları böyük itkilərlə müşayiət olunur.

Problemi həll edə bilmək məqsədiylə ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, müharibəyə son qoymaq üçün həm Kiyev, həm də Moskva müəyyən ərazilərdən imtina etməlidir. Bu mövqe Qərb dünyasında birmənalı qarşılanmayıb.

 Bəzi analitiklər bunu real kompromis kimi dəyərləndirsə də, digərləri Ukraynanın suverenliyinə zərbə kimi qiymətləndirir.
Trampın yanaşması ;  ABŞ-ın 2025-ci ildən etibarən xarici siyasətində prioritetlərin dəyişməsi ilə izah olunur: 

 -- Vaşinqton bir tərəfdən uzunmüddətli müharibənin iqtisadi və siyasi yükünü azaltmaq , 
-- digər tərəfdən isə Rusiya ilə birbaşa qarşıdurma riskini minimuma endirmək istəyir.
Rusiya lideri Vladimir Putin isə sülh üçün bir sıra şərtlər irəli sürüb :


1.NATO-nun şərqə doğru genişlənməsinə  qarşı hüquqi təminat ;


2.Ukraynanın neytral statusu və hərbi qüvvələrinə məhdudiyyət ;

3.Rusdilli əhalinin hüquqlarının qorunması ;

4.Rusiya tərəfindən işğal olunmuş ərazilərin tanınması.


Moskva bəzi kiçik ərazilərdən geri çəkilməyə hazır ola biləcəyini bildirir, lakin strateji əhəmiyyətli bölgələrdə güzəştləri istisna edir. Bu isə Alyaska görüşündə sülh sazişinin imzalanmasını çətinləşdirir.

Hesab edirik ki,  Alyaska görüşü uğurlu olarsa ; bu, qlobal enerji bazarlarında stabilliyi bərpa edə, ərzaq təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Əks halda ; yeni sanksiya dalğaları, silahlanma yarışının güclənməsi və regional münaqişələrin alovlanması qaçılmaz görünür.

Alyaska danışıqları Ukrayna müharibəsinin diplomatik yolla həlli üçün nadir imkan yaradır.
Lakin tərəflərin sərt mövqeləri və qarşılıqlı etimadsızlıq bu prosesi çətinləşdirir. Tramp və Putin bu görüşdə yalnız öz dövlətlərinin maraqlarını deyil ;  həm də beynəlxalq təhlükəsizlik sisteminin gələcəyini müəyyənləşdirə bilərlər. 

Dünya isə gözləyir -- Alyaska soyuğunda qlobal siyasət istiləşəcək ;  yoxsa yeni buz dövrü başlayacaq...?!

Qəvami Sadıqbəyli.
Yenifikir.media