Bir qaşıq şirin ləzzətin içində gizlənən sağlamlıq - Bəhməzin faydaları   

Bəhməz bədənin kalsium tələbatını ödəyir, tərkibindəki dəmir və kalsium sayəsində sümük inkişafını dəstəkləyir, qan azlığının qarşısını almağa kömək edir. İmmuniteti möhkəmləndirən bəhməz, eyni zamanda bir çox xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Lakin bəhməz alarkən və istehlak edərkən bəzi sadə qaydalara riayət etmək vacibdir.

Qidalanma üzrə tanınmış mütəxəssis, dietoloq Nur Tatlıoğlu, xüsusilə soyuq havalarda əvəzsiz qida mənbəyi sayılan bəhməz barədə maraqlı məlumatlar verib. Onun sözlərinə görə, şəkər və digər qatqı maddələri əlavə olunmadan, Anadolu ərazisində min illərdir ənənəvi üsulla hazırlanan bəhməz, adətən şəkərlə zəngin meyvə şirələrinin qaynadılaraq durulaşdırılması nəticəsində əldə olunan sıx və şirin bir şərbətdir.

Qeyd edək ki, Anadoludan fərqli olaraq Azərbaycanın demək olar ki, bütün bölgələrində – xüsusilə Naxçıvan, Gəncə, Qazax, Qəbələ, Şəki, Zaqatala və digər ərazilərdə üzüm, tut, alma, armud, xurma və hətta qarpız bəhməzi hazırlanır. Əsrlər boyu xalqımız bəhməzi təkcə şirin qida kimi deyil, həm də xalq təbabətində təbii dərman vasitəsi kimi istifadə edib. Soyuqdəymə, bronxit, qanazlığı və halsızlıq zamanı bəhməz südlə və ya ilıq su ilə qarışdırılaraq içilir, bəzən də çörəyə çəkilərək səhər yeməyində təqdim olunur.

Bu gün də kəndlərdə və bəzi şəhər evlərində payız mövsümündə ailələr birlikdə bəhməz hazırlayır. Bu qədim ənənə həm ailə bağlarını möhkəmləndirir, həm də sağlam və təbii qidalanmanı təmin edir.

Yenifikir.media