Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70

Uca Allah insanı ən kamil varlıq olaraq yaradıb. Lakin bir sıra insanlar şeytana uyaraq nəfslərinin arxasınca gediblər. Möhkəm iradəli insanlar isə şeytanı yaxın buraxmayıb, Uca Allahın onlara verdiyi istedaddan, zəkadan, şüurdan bəşəriyyətin inkişafı üçün səmərəli istifadə edərək kəşflər, ixtiralar eləyib, eyni zamanda əcdadlarının yaratdıqlarını gələcək nəsillərə ötürməkdən ötrü sütunları elmə, biliyə bənd olmuş heç vaxt qırılmayacaq körpü rolunu oynayıblar. Vüqar Vüqarlı da belələrindəndir. O gənc yaşlarından başlayaraq tək xalqına deyil, bütün bəşəriyyətə fayda vermək üçün çalışmış, gecəsini gündüzünə qatmış, Uca Allahın ona verdiyi elmi fəhmə dayanaraq həm ədəbiyyat sahəsində elmini xərcləmiş, nəfis şeirlər, dərin məzmunlu hekayələr yazmış, bədii tərcümədə öz məharətini bəyan etmiş, beləliklə on kitabını oxuculara təqdim emiş, həm peşəkar bir jurnalist kimi fəaliyyət göstərmiş, mətbuatda çoxsayda elmi-publisitik məqalələri işıq üzü görmüş, eyni zamanda bir çox sirrləri hələ də qaranlıq qalan fizika elmində kəşflər etmişdir. 

Vüqar Vüqarlı (Vüqar Əmir oğlu Əliyev) 1955-ci il 28 avqustda Gürcüstanda anadan olmuşdur. 16 yaşında orta məktəbi əla qiymətlərlə bitirən Vüqar müəllim 1971-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1976-cı ildə oranı da əla qiymələrlə bitirmişdir. 1976-cı ildə AMEA-nın aspiranturasına daxil olmuş, 1979-cu ildə oranı bitirmiş və 1983-cü ilin yanvar ayında fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi fəaliyyətini texniki elmlərlə davam etdirən alim 1998-ci ilin yanvar ayında fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. Vüqar müəllim yüzdən çox elmi əsərin müəllifidir, eyni zamanda ABŞ, Rusiya, Yaponiya, Almaniya, Türkiyə, Macarıstan, Yunanstan, Ukraniya, Belarus, Litva və Gürcüstan alimləri ilə müştərək elmi əsərlər də yazmışdır. Vüqar müəllim 2007-ci ildə beynəlxalq elmi qrupun tərkibində yarımkeçiricilər fizikasında yeni qanun kəşf etmişdir. Bu kəşf darzolaqlı yarımkeçiricilərdə eyni zamanda Fermi səviyyəsinin sabitləşməsi və elastiklik xassələrinin çevrilməsi arasında qanunauyğun əlaqə yaradır. 

Azərbaycan fizika elminin tarixində ilk və bu günədək yeganə olan bu elmi kəşf, beynəlxalq hüquq normalarına müvafiq qaydada ekspertizadan keçirilmiş, kataloqlara daxil edilmiş və kəşf müəlliflərinə “Kəşf Diplomu” (№340) və fizika sahəsində Nobel mükafatı laureatı Kapitsa adına Qızıl Medal verilmişdir.

2000-ci ildən etibarən “Yeni Azərbaycan” partiyasının, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən isə Gürcüstan Yazıçılar İttifaqının üzvüdür. Bütün bunlardan əlavə gürcü-Azərbaycan və Azərbaycan-gürcü dillərində bədii tərcümə ilə fəaliyyət göstərir. Vüqar müəllim ömrü boyu çəkdiyi zəhmətlər qədirbilən insanlar tərəfindən lazımınca qiymətləndirilmiş və isteadadlı alim mükafatlara layiq görülmüşdür. 1983-cü ildə SSRİ Kosmonavtika Federasiyasının Fəxri Fərmanını almış, 1997-ci ildə xeyriyyəçilik fəaliyyətinə görə Hacı Zeynalabdin Tağıyev Milli Mükafatına layiq görülmüş, maarifçilik fəaliyyətinə görə 1998-ci ildə Akademik Yusif Məmmədəliyev Milli Mükafatı və Medalı ilə təltif edilmiş, 2001-ci ildə bədii tərcümələrinə görə “Humay Milli Mükafatı” almış. Vüqar Vüqarlı eyni zamanda 2010-cu ildə Gürcüstan Yazıçılar İttifaqının bədii tərcümə müsabiqəsinin qalibi kimi “Maçabeli” mükafatı ilə təltif olunmuş, 2011-ci ildə publisistik yazılarına görə “Qızıl Qələm” mükafatına layiq görülmüş, 2022-ci ildə patentlərinə görə Arximed Qızıl Medalı ilə təltif edilmiş, həmin il yeni texnologoyalar üzrə Serbiyanın Nikola Tesla qızıl medalı ilə mükafatlandırılmışdır. Vüqar müəllim bütün bunlardan başqa ABŞ-da nəşr olunan və SCOPUS sistemində indeksləşdirilən Beynəlxalq “Reliability: Theory and Applications” jurnalının assosiativ redaktoru, “İnternational Journal of Sustainability and Risk Control” elmi dərgisinin baş redaktoru, bir sıra beynəlxalq jurnalların isə redaksiya heyətinin üzvüdür. Elmi nailiyyətlərinə görə alimin bioqrafiyası 2000-ci ildə “Beynəlxalq Bioqrafiya Cəmiyyəti”nin Böyük Britaniyada nəşr olunan “Kim kimdir?” ensiklopediyasının 13-cü nəşrinə salınmışdır.  

Ailəlidir, Allah qorusun 3 oğlu, 5 nəvəsi vardır. 

Göründüyü kimi Vüqar Vüqarlı elm dəryasıdır, özü də bu dəryanın ucu-bucağı görünmür, belə ki, bu elm dəryasında yuxarıda qeyd olunduğu kimi ədəbi lövhələr, mətbuat töhfələri, texniki elmlər lövhərləri billur incilərlə dalğalanmaqdadır. Lakin Vüqar müəllimin çoxşaxəli yaradıcılığı bunlarla da bitmir. Fitri istedada malik olan alim bir folklorşünas kimi də fəaliyyət göstərməkdədir. Yeddi arxa dönəninə, soyuna-kökünə, əcdadına intəhasız dərəcədə bağlılıq onun folklorumuzla bağlı, eyni zamanda gənc nəslin tərbiyəsində, əxlaqında, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi öyrənməsində çox vacib bir sıra əsərlər meydana gətirmişdir. 

Şeirləri, hekayələri, bədii tərcümələri və ədəbi-tənqidi məqalələri “Ulduz” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və çox sayda ədəbi-bədii qəzetlərdə işıq üzü görmüşdür.

1997-ci ildə “Cırağımı sevənlər” adlı şeirlər kitabını ərsəyə gətirən alim bundan sonra “Günəş, Od, Ocaq, Məşəl, Şam, Çıraq” adlı folklor toplusu yazıb nəşr etdirmişdir. 

Məlum məsələdir ki, hər bir xalqın formalaşmasında, təkamül prosesində milli-mənəvi dəyərlərin böyük rolu vardır. Azərbaycan xalqı minilliklərlə öz dəyərlərini, mədəni irsini qoruyub saxlayaraq çağdaş dövrümüzə gətirib çıxarmışdır. Bu milli-mənəvi dəyərlər isə əcdadlarımızdan bizə miras qalan folklorumuz əsasında formalaşmışdır. 

Hamıya məlumdur ki, aşıq poeziyası, aşıq yaradıcılığı bizim folkloruzun ən önəmli vasitələrindən biridir. Qədim türklərin ruhu, mənşəyi, yüksək mənəvi keyfiyyətləri, nəcib sifətləri, qəhrəmanlığı, şücaəti, ülvi məhəbbəti məhz bu açıqladığımız tərəfindən yaradılan dastanlarda öz əksini tapıb. Əgər aşıq yaradıcılığı itib-batarsa, onda heç bir milli-mənəvi dəyərlərdən söhbət açmaq olmaz. Bütün bunlardan əlavə aşıq yaradıcılığında Azərbaycanın gerçək tarixi ən gözəl şəkildə vurğulanır. Bir sözlə aşıq yaradıcılığı Azərbaycan xalqının əcdadının vizit kartıdır və onun kimliyini ən müəzzəm şəkildə bəyan edir. “Çıraq” isə simvoldur, işıq, nur rəmzidir ki, Vüqar müəllim 2000-ci ildə “Aşıq poeziyasında “çıraq” obrazı adlı monoqrafiyasını oxucuların ixtiyarına vermişdir.    

Vüqar Vüqarlının şeirlərinə musiqilər bəstələnmişdir. Mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin lentə aldırdığı “Ay gözəlim, göyçəyim” mahnısı Vüqar müəllimin sözlərinə Tahir Eminov tərəfindən bəslənmişdir. 

Ətrafımızda baş verən hadisələr tam şəkildə, real gerçəkliyi ilə idrakımızda əks olunur ki, bu da bütün həyatımız üçün zəruri olan qavrayış prosesini yaradır. Diqqətli və istedadlı insan ətrafında olan obyektləri qavrayarkən, həm də onları bir-birindən fərqləndirməyi, müəyyən münasibət bəsləməyi bacarır. Bunu da qeyd etmək lazımdır ki, ətrafdakı cisim və hadisələrə münasibətin bəslənməsi, düzgün şəkildə onları bir-birindən ayırmaq, dəyərləndirmək əslində mürəkkəb idraki prosesdir, yəni bu proses özünü hər insanda fərqli formada biruzə verir və insanın təcrübələrindən, biliyindən, emosional vəziyyətindən, habelə marağından və meylindən asılı olaraq ortaya çıxır. Appersepsiya vəziyyəti insanların qavrayış şəklini dəyişir, birini digərindən fərqləndirir. Lakin qavrayış prosesi hələ də hadisə və cisimlərin əsl mahiyyətini dərindən anlamağa kifayət etmir. Gerçəkliyin daha dərin və dəqiq dərk edilməsində təfəkkür müstəsna əhəmiyyət kəsb edir. Təfəkkürün düzgün formalaşması isə düşüncə qabiliyyətinin tamlığından xəbər verir. Vüqar müəllimin əsas məziyyətlərindən biri də təfəkkürünün düzgün formalaşdırmasıdır. Bir məsələ də var ki, insan təfəkkürünü düzgün formalaşdırırsa onun təxəyyülü də o qədər inkişaf edir, ölçülərə sığmır. 

Vüqar müəllimin təxəyyülü isə təbii ki, heyrətamizdir. Bir ziyalının təxəyyülünün bu qədər aşıb-daşması, bir çox elmlərlə yanaşı folklorumuzu da əhatə etməsi heyrətamizdir. Əslində isə Vüqar müəllim sadəcə olaraq Uca Allahın ona verdiyi ömürdən lazımınca, səmərəli istifadə etmiş, bir saniyəsini belə boş buraxmamışdır. Elm var-dövlət kimi deyil, var-dövləti xərclədikcə azalır, elmi isə xərclədikcə çoxalır. Minlərlə kitab oxuyub beynini elm ümmanına döndərən alim bacardığı qədər elmini xərcləməkdədir və məsələ burasındadır ki, o, elmini xərclədikcə elmi fəhmi daha da işıqlanır, nurlanır. 

Müqəddəs Qurani-Kərimin “Nur” surəsində Uca Allah buyurur; “Allah göylərin və yerin nurudur. Onun nuru içində bir çıraq olan taxçaya bənzər: Taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. O, elə bir ağacdır ki, onun yağı özünə od toxunmasa da sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir”. 

Allah Vüqar Vüqarlıya elmi kəramət verərək onu nura qovuşdurmuşdur. Vüqar müəllim də bu nurun içində nurunun işığı dörd bir yana saçılır. 

Yuxarıda qeyd olunduğu kimi Vüqar Vüqarlı bədii tərcümə sahəsində də böyük işlər görmüşdür. Əsasən gürcü xalqının məişətini, yaradıcılığını, adət-ənənələrini, məişət şəraitini əks etdirən görkəmli gürcü yazıçılarının əsərlərini böyük peşəkarlıqla dilimizə çevirmişdir. Görkəmki gürcü şairi Şota Nişnianidzenin “Allahım, bizi saxla...” şeirlər kitabını (1999) dilimizə çevirmişdir. Məşhur gürcü yazıçısı və publisiti Revaz Mişvaladzenin “Yorğun adam monoloqu” (2000) və “Xeyirxah” (2009) novellar kitabları Azərbaycan dilinə tərcümə etmişdir. Gürcü dilini ana dili kimi müəkəmməl bilən Vüqar Vüqarlı bu kitabları doğma dilimizə elə nəfis və mükəmməl şəkildə çevirmişdir ki, kitabları oxuyarkən Revaz Mişvaladzenin onu Azərbaycan dilində yazdığını düşünürsən. Bir sözlə Vüqar Vüqarlının məziyyətlərindən, fəzilətlərindən gecə-gündüz söz açmaq olar və bəlkə də yüzlərlə kitab bağlamaq olar, amma yenə də onun alnının təri hesabına yaratdığı külliyatını əhatə etmək mümkün olmaz. Ən əsası isə odur ki, Vüqar müəllim haqqında söz dedikcə, yazdıqca insana qeyri-adi elə bir ilham gəlir ki, qələmi əlindən qoyub yazını bitirmək istəmirsən. Çünki Vüqar Vüqarlı haqdan yanan elə bir çıraqdır ki, qiyamətə qədər onun işığı Azərbaycan elm xəzinəsini işıqlandıracaq. Bu yaxında, yəni avqust ayının 28-də Vüqar müəllimin 70 yaşı tamam olur. Bu münasibətlə alimimizi ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, daimi ailə səadəti, yeni nailiyyətlər, uğurlar arzulayırıq! 

Vüqar Əhməd   

Filologiya elmləri doktoru, professor

Yenifikir.media