"Səthi musiqi, səthi zövq – Cəmiyyətimiz nə qazanır?" - Namiq Zeynalov

“Musiqi ruhun qidasıdır” deyirik. Amma qulaq asdığımız musiqilərin hamısı ruhumuzu qidalandırırmı? Təəssüf ki, yox.

Hər gün demək olar ki, keyfiyyətsiz musiqilər evlərimizin qonağı olur. Dinləməsək belə, televiziyalar, radio dalğaları və sosial şəbəkələr bu musiqiləri bizə təqdim edir.

Tanınmış musiqiçi,bəstəkar , aranjımançı və rejissor Namiq Zeynalov yenifikir.media-ya açıqlamasında deyir ki, musiqi yalnız əyləncə deyil, həm də duyğularımızı, düşüncə tərzimizi və mənəvi dünyamızı formalaşdıran güclü vasitədir.

Azərbaycan musiqisində 6/8 ritm (altı-səkkizlik) geniş yayılıb, xüsusilə rəqs və şənlik janrlarında. Bu ritm həm xalq musiqisində, həm də estrada və bəstəkar yaradıcığında önəmli yer tutur.

Sual yaranır: Bəs “altı-səkkizlik”dəki bəzi mahnılar zövqü korlayırmı? Texniki baxımdan ritmlər zərərsiz görünsə də, problem yalnız ritmdə deyil, onun üzərində qurulan musiqi məzmunundadır. Əgər mahnılar bədii dəyər, peşəkarlıq və emosional dərinlik daşımırsa, tədricən qulaq vərdişlərimizi dəyişdirir.

Musiqi zövqü təkcə şəxsi seçim deyil, həm də kollektiv mədəni yaddaşın bir hissəsidir. Qeyri-peşəkar və səthi ifalar, xüsusilə gənc nəsil üçün “norma”ya çevrildikdə, keyfiyyətli musiqiyə marağı azaldır. Bu, bir növ fast-food yeməyə bənzəyir: qısa müddətlik doyum verir, amma uzunmüddətli perspektivdə zövqü və musiqi sağlamlığını zəiflədir (nəzərə almaq lazımdır ki, gözəl və zəngin milli mətbəximiz də var).

Ən təhlükəli tərəfi isə odur ki, bu cür mahnılar çox vaxt kommersiya məqsədilə kütləyə təqdim olunur və intensiv şəkildə təbliğ edilir. Nəticədə, estetik baxımdan zəngin, musiqi mədəniyyətimizi inkişaf etdirən əsərlər kölgədə qalır.

Ona görə də zövqümüzün qorunması üçün keyfiyyətli musiqini həm fərdi seçimlərimizdə, həm də mədəniyyət siyasətində ön plana çıxarmaq vacibdir. Televiziya və radioda bayağı mahnılara və mövzulara, eləcə də “sosial yönümlü” verilişlərə ciddi məhdudiyyət qoyulsa, tədricən daha zəngin və məzmunlu festivalların və mədəni tədbirlərin sayı artar, keyfiyyət yüksələr və sağlam rəqabət yaranar. Nəticədə cəmiyyətin zövqü formalaşar və bayağılıq arxa plana keçir.

Yenifikir.media