Aygün Ağabalayeva - " Sosial şəbəkələr və kriminal xəbərlər: Psixoloji sağlamlıq təhlükədə"

Son illərdə sosial şəbəkələrin və onlayn xəbər platformalarının gündəlik həyatımızdakı rolu daha da artıb. İnsanlar informasiyanı, xəbərləri və əyləncəni əsasən rəqəmsal mühitdən alır. Lakin bu inkişaf bəzi problemləri də özü ilə gətirib. Xüsusilə intihar, zorakılıq, qəza və faciəvi hadisələri əks etdirən videoların paylaşılması izləyicilər üçün ciddi psixoloji risk yaradır.

Psixoloqların qeyd etdiyi kimi, belə kontent insanın emosional vəziyyətini dəyişə, əhval-ruhiyyəsini sarsıda və hətta həyatla bağlı düşüncələrinə təsir göstərə bilər. Gənc istifadəçilər və psixoloji dayanıqlığı zəif olan insanlar üçün bu tip videolar daha yüksək risk daşıyır. Üstəlik, sosial şəbəkələrin sürətli və geniş yayım imkanları bu təsiri daha da gücləndirir. Bu cür xəbərləri , videoları izlədikcə, emosional yük artır və bəzi hallarda imitasiya və təhlükəli davranışlar ortaya çıxa bilər.

Harmoniya Psixologiya Mərkəzinin direktoru, praktik psixoloq Aygün Ağabalayeva yenifikir.media - ya bildirib ki, sosial şəbəkələr və xəbər məkanında davamlı kriminal və gərginlik mövzulu məlumat axını insanların psixoloji sağlamlığına ciddi təsir göstərir. İnsanlar fərqli psixologiyaya malikdir; bəziləri pozitiv hissləri güclü olsa da, belə xəbərlər onları gərginləşdirir, sarsıdır, qorxu və təşviş yaradır. Xüsusilə yeniyetmələrdə adiləşmə yaradır , eyni zamanda aqressiv və şiddətli davranışların normallaşmasına da səbəb ola bilər.

Bəzi insanlar empatiya hissi güclü olan şəxslərdir və onlar baş verən psixoloji gərginliyi daha dərindən yaşayırlar. İnsanlarda yaxınlarına, övladlarına və doğmalarına görə qorxular yaranır ki, bu hadisələr onların başına gələ bilər. Bu məqamı da nəzərə almaq vacibdir.

Gündəlik həyatda artıq kifayət qədər stress faktorları mövcuddur və əlavə olaraq açıq formada yayılan kriminal xəbərlər insanlarda psixoloji sarsıntı, yuxusuzluq və fiziki narahatlığa yol açır. İnsanlar müəyyən dərəcədə özlərini qorumağa çalışsa da, bəziləri xəbərlərə asılılıq hissi ilə yanaşır və istəməsələr belə saytlarda bu xəbərləri izləyirlər.

Psixoloq Aygün Ağabalayeva vurğulayır ki, xəbər saytları məlumatı müəyyən qədər məhdudlaşdırmalıdır. Məsələn, insanlar yatmamışdan qabaq , heç olmasa bir saat əvvəl kriminal xəbərlərə baxmamalıdır. Eyni zamanda, media işçiləri də nəzərə almalıdırlar ki, hər birimizin ailəsi və övladları var; açıq şəkildə yayılan bu məlumatlar ciddi psixoloji gərginlik yarada bilər. Belə məhdudiyyətlərin tətbiqi həm izləyicilər, həm də ümumi ictimai psixoloji sağlamlıq üçün olduqca vacibdir.

Yenifikir.media