Heç vaxt prezident olmayan Franklin: ABŞ-ın 100 dollarında nə üçün onun şəkli var?

ABŞ-ın 100 dollarlıq əskinasını tanımayan az adam tapılar. Əksəriyyət onun üzərindəki portretin hansısa prezidentə aid olduğunu düşünür. Amma əslində bu obraz heç vaxt prezident olmamış bir şəxsə – Benjamin Frankline məxsusdur. Maraqlıdır, elə deyilmi? Prezident olmayan bir adam necə olur ki, Amerikanın ən yüksək nominal əskinasında yer alır? Franklin sadə ailədə dünyaya gəlmiş, təhsili yarımçıq qalmış, amma həyatın özünü məktəbə çevirərək bilik qazanmış bir insandır. O, öyrənməyi öyrənənlərdəndir. Çapçılıqdan başlayan yolu onu yazıçı, alim, ixtiraçı, diplomat və dövlət xadimi səviyyəsinə gətirib çıxardı. Formal vazifesi olmasa da, o, dövlətin formalaşmasında söz sahibi olanlardan biri idi.Onun yazdığı "Poor Richard’s Almanack" Amerika evlərinin əksəriyyətində oxunur, içərisindəki aforizmlər xalq arasında el deyimi kimi yaşayırdı. "Vaxt – puldur" kimi fikirlər təkcə iqtisadi düşüncəyə deyil, həyat fəlsəfəsinə çevrilmişdi. Franklinin yazdıqları ilə söylədikləri arasında ziddiyyət yox idi. O, yazdığı kimi yaşanırdı.

Elm sahəsində də Franklinin adı yaddaşlara həkk olunub. Paratoneri icad etməklə ildırımın təbiətini anlamaqda böyük addım atmışdı. İkiqat fokuslu eynəklər, Franklin sobası, odometre kimi gündəlik həyatda işə yarayan ixtiralarla adını elm tarixinə yazdırdı. Amma o, bütün bu ixtiralar üçün patent almaqdan imtina etdi. Onun fikrincə, bu yeniliklər insanlara xidmət üçün yaradılmışdı və onların qarşılığında pul tələb etmək əxlaqa zidd olardı.Siyasi arenada Franklinin rolu danılmazdır. O, Müstəqillik Bəyannaməsinin hazırlanmasında iştirak etmiş, daha sonra ABŞ Konstitusiyasının yaradılmasında da əsas simalardan biri olmuşdu. Fransaya göndərildiyi dövrdə diplomatik məharəti ilə Amerikanın beynəlxalq nüfuzunu artırmışdı. Prezident olmadı, amma prezidentlərə yol açan şəxs oldu.Onun həyat fəlsəfəsi isə bəlkə də ən dəyərli mirasıdır. Özünə 13 asas prinsip müəyyən etmişdi və həyatını bu dəyərlər üzərində qurmuşdu: dürüstlük, qənaət, nizam, təmizlik, səbir... Hər gün bu prinsipləri tətbiq edir, qeydlər aparır, çatışmazlıqlarını görərək öz üzərində işləyirdi. Bu, insanın təkamülə olan baxışının təcəssümüdür.

ABŞ-ın əskinaslarında adətən prezidentlərin şəkli yer alır. George Washington – 1 dollar, Abraham Lincoln – 5 dollar, Andrew Jackson – 20 dollar. Amma 100 dollar – ən dəyərli əskinas – Benjamin Franklinə məxsusdur. Bu seçim təsadüfi deyil. Bu, Franklinin vəzifə yox, dəyər daşıyıcısı olduğunu göstərir. O, prezidentlik olmadan da millət üçün əvəzsiz xidmətlər etmişdi.

Bəlkə də bu gün Franklinin portretini əllərdə gəzdirdiyimizə görə yox, onun ideyalarının hələ də yaşayır olmasına görə dəyərləndirməliyik. O, pulun üzərinə şəkli düşəcək qədər qiymətli idi, çünki özü pulu deyil, dəyəri təmsil edirdi.

İlkin Hüseynov

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)