Almaxanım Əhmədli – Sözün , səsin və irsin işığında

Avqustun 18-də Azərbaycan musiqi səhnəsinin gənc və parlaq simalarından biri – Almaxanım Əhmədli doğum gününü qeyd edir. Onun yaradıcılığı təkcə melodiyalarla məhdudlaşmır; bu yaradıcılığın arxasında bir mədəniyyət xəzinəsi, bir ailə irsi dayanır.

Almaxanım sənətə təsadüfi gəlməyib. Atası, şair, professor Vüqar Əhməd, Azərbaycan ədəbiyyatının və musiqisinin bilicisi kimi yüzlərlə mahnının sözlərinə imza atıb.

Onun qələmi neçə-neçə nəğməni ölümsüzləşdirib, neçə musiqiçinin dilində və qəlbində yaşayır. Vüqar Əhmədin sözləri musiqi ilə qovuşanda, onların içində həm poeziya nəfəsi, həm də xalqın ruhu duyulur. Almaxanım bu poetik nəfəsi öz səsi ilə davam etdirir.

Almaxanımın ailəsi bütövlükdə mədəniyyətin və elmin daşıyıcısıdır. Anası Səbinə Əhmədli AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş mühafizi, filologiya elmləri doktoru, dosent, mətnşünas və mənbəşünas – milli irsin qorunması və tədqiqində mühüm xidmətlər göstərib.

Poeziya , musiqi , elm mühitində böyüyən Almaxanım üçün sözün, musiqinin və tarixi mirasın dəyəri daha da dərin mənalar qazanıb.

Əslində, Əhmədli ailəsinin mədəniyyətlə bağlı tarixi daha da qədimdir. Vüqar Əhmədin atasının əmisi – Bilal Əhməd, Teatr və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru olub. Əməkdar artist, dramaturq, yazıçı və tərcüməçi kimi fəaliyyət göstərən Bilal Əhməd, səhnəmizin formalaşmasında böyük iz qoyub.

Bununla yanaşı, Vüqar Əhmədin qardaşı – Mövsüm Əhməd də dramaturq, yazıçı, tədqiqatçı və bəstəkar kimi tanınır. Onun sözlərinə bəstələnmiş mahnılar məşhur ifaçıların repertuarını bəzəyib və dinləyicilərin qəlbində özünə yer tapıb. Beləliklə, Əhmədli ailəsinin yaratdığı sənət xəzinəsi yalnız bir nəsillə deyil, bütöv bir ədəbi-musiqi zənciri ilə formalaşır.

Almaxanım Əhmədli bu zəngin irsin bugünkü nümayəndəsidir. Onun səsi – atadan gələn poeziyanın, anadan gələn elmi dəqiqliyin, əmisi və babalardan miras qalan sənətkarlığın birləşdiyi güclü bir körpüdür. Bu vəhdət onun səsində hər mahnısında bir hekayə danışdırır, hər ifasında bir ovqat yaradır. Onu dinləyən insan təkcə musiqi deyil, həm də bir ruh, bir yol görür.

O, gənc yaşında milli musiqi mühitində artıq öz yolunu tapıb. Bu yol, əslində, Əhmədli ailəsinin sənət yolunun davamıdır .Almaxanım bu irsi təkrar etmir, əksinə yeni bir nəfəs, yeni bir üslub gətirir.

Bu gün – doğum günündə Almaxanım Əhmədli həm ailəsinin, həm də Azərbaycan musiqisinin qürurudur. Onun yaradıcılığı bizə bir daha göstərir ki, sözlə səs qovuşanda, sənət daha çox yaşayır.

Yenifikir.media olaraq biz də Almaxanım Əhmədlini təbrik edir, ona yeni uğurlar , yazıb - yaratmaq arzu edirik. 

Yeni yaşınız mübarək olsun - Almaxanım Əhmədli

Samirə Adəmqızı

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)