Səadət Təhmirazqızı: “Yaxşı musiqi qeyri-peşəkar nümunələri zamanla sıradan çıxarır”

Müasir dövrdə musiqi sənəti də digər sahələr kimi sürətlə dəyişir. Yeni texnologiyalar, sosial şəbəkələrin təsiri, dəyişən dinləyici zövqü və musiqi istehsalının asanlaşması bu sənətin istiqamətini və mahiyyətini müəyyən qədər dəyişib. Bəs bu dəyişikliklərin sənətə və onun qəbuluna təsiri nə dərəcədə dərindir? Peşəkarlıq və keyfiyyət hansı mövqedədir?

Tanınmış musiqişünas, musiqi nəzəriyyəsi sahəsində dəyərli araşdırmaları ilə tanınan, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Yenifikir.media- nın sualını cavablandırıb. Onun fikirlərini olduğu kimi təqdim edirik:

Dəyişkənlik bütün sahələrdə olduğu kimi, musiqi sənətinə də sirayət edir və təbii ki, zaman və müasir dövr inkişaf etdikcə bu, musiqinin müəyyən cəhətlərinə də təsir göstərir. Amma bu o demək deyil ki, elə pis başa düşülməsin, hər yerindən duran musiqi yaza və ya mahnı oxuya bilər. Musiqi özü bir sənətdir, musiqi bir elmdir və bu sənətin, bu elmin də təbii ki, öyrənciləri onun peşəkar səviyyəsinə gəlib çata bilər.

Odur ki, musiqidə — yəni keyfiyyətsiz musiqidən bəhs edirsiniz — əlbəttə, mən “keyfiyyətsiz” deməzdim. Mən deyərdim ki, qeyri-peşəkar musiqi nümunələri var və biz bu nümunələrə bütün zamanlarda rast gəlmişik. Təbii ki, indi də var və düşünürəm, gələcəkdə də olacaq. Amma musiqi incəsənətinin elə bir növüdür ki, o, həmişə insanda xoş təəssüratlar, xoş duyğular yaradır və musiqini sevmək, onu seçmək insanın bir qədər də özündən asılıdır. Hər kəs öz mənəvi dünyasına uyğun olan musiqini seçir, hər kəs öz daxili aləminə uyğun musiqiyə qulaq asır.

Sadəcə, yaxşı musiqi və pis musiqi anlayışına və bunun insanlara təsirinə gəlincə, düşünməliyik ki, musiqi düzgün şəkildə təbliğ olunmalıdır. Yəni hər yerdə musiqinin təbliğatçıları peşəkar olsa, bu peşəkarlıq istər-istəməz insanların mənəvi və bədii zövqünün yaxşı mənada formalaşmasına təsir göstərəcək.

Qeyri-peşəkar musiqi nümunələrinə biz rast gəlirik, amma yaxşı musiqi o qədər üstündür ki, belə deyərdim, qeyri-peşəkar musiqi nümunələri itəcək, gedəcək və yaxşı musiqi daim öz yerini qoruyacaq.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)