Axı sən kimsən, yoldaş Dadaşov?!

Bir yas məclisində iştirak edirdim. Üzbəüzdə tanımadığım adamlar əyləşmişdi. Yanımda oturanlardan biri qalstuku elə möhkəm bağlamışdı ki, bir balaca alça yesəydi boğulardı. Sonradan məlum oldu ki, bu qalstuklu şəxs, əslində, üzbəüz oturan "müəllim"in köməkçisidir. Maraqlıdır ki, həmin "müəllim"in özü qalstuku bu qədər sıx bağlamamışdı. Açığını deyim, heç kostyum geyinməmişdi. Sadə, rahat, gündəlik geyimdə idi.

Əsas məsələ geyim deyil. Məsələnin maraqlı tərəfi ondadır ki, bu köməkçi qardaş bir stəkan su içmədi, əlini çaya belə uzatmadı. Gözü daim müdirinin üzündə idi. Gözləyirdi ki, görsün "müəllim" çayı içib deyəcəkmi: "Ay bala, bu soyuqdur, dəyişdir!" Müdir çayı içirdi, bu qardaş isə xidmətçini saxlayıb dəfələrlə tapşırdı: "Müəllimin çayını isti ver, müəllim isti içir!"

Mən isə arada bu qardaşın üzünə baxıb gülümsəyir, ona su süzür, qabağına çərəz düzürdüm. Ona cani qəlbdən qulluq edirdim ki, heç olmasa bir anlıq özünü xoşbəxt hiss etsin. Yazığın başı "müəllim"inə  elə  qarışmışdı ki, öz boğazına yemək yeməyə vaxt tapmırdı.

Bir anlıq düşündüm: görəsən, bu köməkçi qardaş evdə necədir? Rahat yemək yeyib, çay içə bilirmi? Ailəsinə, uşağına vaxt ayıra bilirmi? Yoxsa evdə olanda da dəqiqəbaşı müdirinə zəng edib hal-əhval tutur? Bu sualın cavabını bircə müdir bilər, bir də bu köməkçi qardaş.

Köməkçi qardaş müdirinə elə can yandırırdı ki, baxdıqca ürəyim ağrıyırdı. Elə bil üstümdən tank keçirdi. Öz-özümə deyirdim, şair Moşu demişkən: "A Seda, sən anadangəlmə sırtıqsan, yoxsa sonradan belə olmusan?" İndi həmin sitat yadıma düşəndə fikirləşirəm: görəsən bu köməkçi qardaş bu cür canyandırmağı müdirinin yanında öyrənib, yoxsa elə doğulandan belədir?

Yadıma İsi Məlikzadənin "Qatarda" tamaşası düşür. Yəqin hamımız bu möhtəşəm ekran işinə baxmışıq. Ordakı Fatı necə yoldaş Dadaşovun qarşısında əyilib-qalxırdısa, yas məclisində gördüyüm bu köməkçi qardaş da elə o cür canfəşanlıq edirdi.

Mənə çox maraqlıdır: bu gənc və "perspektivli" köməkçi özünü rahat hiss edirmi? Sərf etdiyi enerjinin qarşılığında  heç olmasa aldığı maaşla rahat dolana bilirmi? Yəni, doğrudan da hər şey yaxşıdırmı?

Allah göstərməsin, dillərə qurğuşun — birdən həmin müdir onu işdən çıxartsa, yaxud gözlənilmədən yerinə başqasını təyin etsə, görəsən köməkçi qardaşın axırı necə olar?

Lap tamaşadakı kimi: “Axı sən kimsən, yoldaş Dadaşov?!”

Savalan Talıblı

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)