"Massaj düzgün aparılmadıqda insan şikəst qala bilər"- MÜSAHİBƏ 

Massaj həm müalicəvi, həm də profilaktik əhəmiyyət daşıyan bir bədən terapiyasıdır. Düzgün aparıldıqda orqanizmdə qan dövranını yaxşılaşdırır, əzələləri rahatladır və ümumi sağlamlığa müsbət təsir göstərir.

– Sədaqət xanım  peşəkar massajçı olmaq üçün nə etmək lazımdır ?

-İlk növbədə, tibbi bilik vacibdir. Anatomiya, sinir və qan damarlarının keçdiyi yerləri bilmədən bu işə girişmək olmaz. Peşəkar kurslara yazılmaq, təcrübəli masajçıların yanında öyrənmək lazımdır. Bu sahədə diplom almaq da önəmlidir, çünki məsuliyyət daşıyırsan.

– Bəs təcrübə vacibdirmi?

-Bəli, mütləqdir. Bu peşədə təcrübə olmadan işləmək olmaz. Artıq 11 ildir ki, bu sahədəyəm və deməliyəm ki, massaj düzgün aparılmadıqda ciddi fəsadlara yol aça bilər. Qrija çıxa, insan şikəst qala bilər. Bu işdə ehtiyatsızlıq olmaz. Bədənin hər yerində incə və qalın damarlar, sinir ucları var. Onlardan biri zədələnsə, nəticəsi iflic ola bilər. Ona görə də bu sahədə çalışanlar diqqətli və bilikli olmalıdır.

– Hazırda masajçıların da  sayı çoxdur. Bu sahəni öyrənmək istəyənlərə nə tövsiyə edərdiniz?

-Əslində çox insan “massajçıyam” deyir, amma onların çoxu sadəcə müştəriyə yüngül toxunur, nə etdiyini bilmir. Oynaqları tuta bilmirlər, anatomiyanı bilmirlər. Massaj sadəcə əl sürtmək deyil.

– Bəzi SPA-larda olan massaj xidmətlərindən razısınızmı?

-Təəssüf ki, yox. Son vaxtlar sabun və su ilə massaj adı altında xidmətlər göstərilir. Müştərilərimdən bəziləri tanınmış otellərə gediblər, amma narazı qalıblar. Bir saat demələrinə baxmayaraq, vaxt tamamlanmadan müştəriyə xidməti dayandırıblar. Hətta elə hallar olub ki, düzgün aparılmayan massaj onurğa probleminə səbəb olub, insanı şikəst vəziyyətə salıb. Bu çox risklidir.

– Qiymətlər nə qədərdir?

-Qiymətlər yerindən asılı olaraq dəyişir. Məsələn, mən bir saatlıq fərdi massaj xidmətini 60 manat edirəm. Hamamlarda isə bu xidmət daha ucuzdur – təxminən 30 manat civarında. Amma qiymətdən çox keyfiyyət vacibdir. Massajdan sonra insan rahatlamalı, bədəni yüngülləşməlidir, əksinə, ağırlaşmamalıdır.

– Massaj kimə tövsiyə olunmur?

-Massaj hər kəsə olmaz. Məsələn, yüksək təzyiqi olanlara, onkoloji xəstələrə, dəri infeksiyaları və ya sümüklə bağlı ciddi problemləri olan insanlara ehtiyatla yanaşmaq lazımdır. Belə hallarda əvvəlcə həkimlə məsləhətləşmək vacibdir.

Səidə Vəliyeva

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)