
Bir kadrla başlayan tarix
Azərbaycan kinosunun yaranma tarixi təkcə texniki hadisə deyil, həm də mədəni bir inqilabdır. 2 avqust 1898-ci ildə Bakıdakı “Edison” kinoteatrında Aleksandr Mişonun çəkdiyi qısa süjetlərin nümayişi ilə milli kino sənətinin ilk addımı atıldı. Bu sadə görünən çəkilişlər — “Neft buruqları”, “Dəniz sahilində gəzinti”, “At yarışları” kimi gündəlik səhnələr əslində bir xalqın tarixini lentə almaq cəhdinin başlanğıcı idi.
Azərbaycan xalqı XX əsrin əvvəlində, mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, kinematoqrafiya sahəsində də öz sözünü deməyə başlamışdı. Əslində, bu ilk filmlər bizim milli yaddaşımızın arxivinə çevrilmişdi. Tarixin dumanında itmək təhlükəsi ilə üzləşsə də, bu görüntülər bizim keçmişimizi danışan səssiz şahidlərdir.
Səssizlikdən səsə: Milli ifadənin axtarışı
Səssiz kino dövrü tezliklə səsli kinoya keçid etdi. Bu, həm texnoloji yenilik idi, həm də ifadə vasitələrinin genişlənməsi demək idi. Azərbaycan kinosu artıq sadəcə “görüntü” deyil, həm də “söz”lə öz fikrini deməyə başlayırdı.
1930-1950-ci illər arasında Azərbaycan kinosu Sovet İttifaqının mərkəzləşdirilmiş ideoloji sisteminə tabe idi. Senzura, təbliğat xarakterli filmlər, partiya ideologiyasını tərənnüm edən ssenarilər üstünlük təşkil edirdi. Buna baxmayaraq, bu illərdə milli kolorit qorunmağa çalışılırdı. “Bəxtiyar”, “O olmasın, bu olsun” kimi filmlər həm dövrün ideoloji tələblərinə uyğun gəlirdi, həm də xalqın musiqisini, yumorunu, mənəviyyatını daşıyırdı. Mədəni dirəniş kino vasitəsilə həyata keçirilirdi.
Qızıl Dövr: “Azərbaycanfilm” və Milli intibah
1960-1980-ci illər Azərbaycan kinosunun "qızıl dövrü" hesab edilir. Bu dövr “Azərbaycanfilm” kinostudiyasının dirçəlişi, peşəkar rejissorların və ssenaristlərin fəaliyyəti ilə yadda qaldı. Rasim Ocaqov, Həsən Seyidbəyli, Arif Babayev, Tofiq Tağızadə kimi sənətkarların filmləri yalnız estetik baxımdan deyil, həm də ictimai və fəlsəfi baxımdan dərin məna daşıyırdı.
“Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “İstintaq”, “Ad günü”, “Yaramaz”, “Ölsəm, bağışla” kimi filmlər təkcə ekran əsəri deyildi — onlar bir xalqın düşüncəsinin, inamının, kimliyinin ifadəsi idi. Azərbaycan aktyor məktəbi də bu illərdə formalaşdı. Həsənağa Turabov, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Şahmar Ələkbərov kimi sənətkarlar milli kino tariximizə möhür vurdular.
Müstəqillik və kino: kimliklə hesablaşma
1991-ci ildə Azərbaycanın müstəqillik qazanması kinomuz üçün həm azadlıq, həm də böyük bir boşluq dövrü oldu. Dövlətin maliyyə dəstəyi zəiflədi, kinostudiyalar fəaliyyətini dayandırdı, kino sahəsi uzun illər iflic vəziyyətində qaldı. Lakin bu da keçdi.
Yeni əsrdə, xüsusilə 2000-ci illərdən başlayaraq Azərbaycan kinosunda canlanma hiss olunmağa başladı. Gənc rejissorlar və prodüserlər müasir mövzulara toxunmağa, festivallara qatılmağa, qısametrajlı filmlərlə beynəlxalq diqqət çəkməyə başladılar.
"Çölçü”, “Nabat”, “Nar bağı”, “Pəri”, “Axınla aşağı”, “Sonuncu” kimi filmlər postmüstəqillik dövründə həm modern, həm də dərin simvolik məna daşıyan əsərlər kimi çıxış etdi. Bu filmlər vətən, itki, qürbət, qadın taleyi kimi mövzuları yeni bədii dil vasitəsilə təqdim etdi.
Milli kino gələcəyə doğru
Müasir dövrdə Azərbaycan kinosu bir neçə istiqamətdə inkişaf edir: sənədli filmlər, festival filmləri, kommersiya yönümlü məhsullar və animasiya. Dövlət sifarişləri ilə hazırlanan tarixi-siyasi mövzulu filmlərlə yanaşı, fərdi təşəbbüslərlə ərsəyə gələn eksperimental və sosial yönlü filmlər də artmaqdadır.
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kino sənayesinə dövlət səviyyəsində diqqətin artdığını göstərir. Yeni nəsil rejissorlar – Hilal Baydarov, Elmar İmanov, Teymur Hacıyev və digərləri artıq beynəlxalq festivallarda Azərbaycan adını tanıdırlar. Bu da sübut edir ki, kino sadəcə sənət deyil, həm də diplomatiyadır.
Lakin hələ də qarşıda duran çətinliklər var: kino məktəblərinin təkmilləşdirilməsi, regionlarda kino yayımının bərpası, kino tənqidinin inkişafı, milli kino bazarının formalaşması kimi problemlər həllini gözləyir.
Son Söz və Təbrik
Milli kino — bizim kollektiv yaddaşımız, tariximizin lentə alınmış versiyasıdır. O, bir xalqın iç səsi, təlatümü, üsyanı və sevgisidir. Hər bir film, istər tarixi epopeya olsun, istərsə də sadə bir həyat hekayəsi — millətin ruhuna, dünyagörüşünə işıq tutur.
Bu gün, Azərbaycan kinosunun 127 illik yubileyi münasibətilə bütün kinematoqrafçılarımızı — rejissorları, ssenaristləri, operatorları, aktyorları, montajçıları və kino sahəsində çalışan bütün zəhmətkeşləri səmimi-qəlbdən təbrik edirik!
Siz bu gün də kameranın arxasında xalqın tarixini yazırsınız. Əlləriniz işıqlı, kadrlarınız uğurlu, ekranlarınız bol tamaşaçılı olsun!
Raifə Səfərova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva