"Qusman xəbər çatdıran deyil, mənəvi kompas idi" -David Seliverstov 

Mixail Qusmanın işdən çıxarılması hüquqi əsaslara söykənirmi, yoxsa bu siyasi sifarişdir?

Bu, hüquqi deyil, siyasi xarakterli bir qərardır. Rusiya Federasiyasının Əmək Məcəlləsinin 77 və 64-cü maddələri yaş və şəxsi fikirlərə görə işdən çıxarılmanı qadağan edir. Qusman nə peşəkar baxımdan yararsız olub, nə də intizam pozuntusuna yol verib. Onun işdən çıxarılması hüquqi arqumentlərlə izah oluna bilməz — bu, açıq şəkildə fikir və mövqe azadlığına qarşı yönəlmiş siyasi qərardır.

Qusmanın fəaliyyətini jurnalist kimi necə qiymətləndirirsiniz?

O, sadəcə xəbər çatdıran deyil, mənəvi kompas idi. Onun səsi informasiya xaosunda ağlın, təmkinin və anlayışın səsi idi. O, informasiyanı silaha çevirənlərin içində, sözə ləyaqət gətirən bir şəxsiyyət idi. O, sözün və jurnalistikanın məğzini qoruyan azsaylı insanlardandır.

Bu qərar beynəlxalq hüquq baxımından necə dəyərləndirilə bilər?

Qusmanın uzaqlaşdırılması BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müvafiq müddəalarına ziddir. Hər bir insanın fikir bildirmək, azad şəkildə danışmaq və ictimai dialoqlarda iştirak etmək hüququ var. Jurnalistin azadlığına təzyiq — cəmiyyətin nəfəsini kəsməkdir.

 Qusmanın III Şuşa Qlobal Media Forumunda iştirakı bu qərara təsir edə bilərmi?


Viktor Hüqonun bir gözəl kəlami yadima düşdü."Öz işigina güvənən başqasinin partlamasindan narahat olmaz". Əlbəttə bu daxili bir narahatligin cox ciddi gostəricisidir.

O, orada bir mövqe bildirmədi — həqiqətin yanında oldu. Qusman Azərbaycanın dostu kimi yox, sülhü və qarşılıqlı anlaşmanı təşviq edən bir insan kimi iştirak etdi. Bu, bir çox dairələrin xoşuna gəlmədi. Onun iştirakını “siyasi xəyanət” kimi qiymətləndirmək istəyənlər unudurlar: jurnalist millət üçün yox, insanlıq üçün yazır.

 Bu hadisə gənc jurnalistlər üçün hansı siqnaldır?

Təəssüf ki, bu bir qorxutma siqnalıdır: “Azad fikirlə yaşamaq istəyirsənsə, hazır ol — susdurulacaqsan.” Lakin həm də bu, çağırışdır: əgər vicdanlı olmağa cəsarətin çatırsa, Qusman kimi ol! Çünki azadlığın haqqını qorumaq da cəsarət tələb edir.

 Sizcə, bu hadisə uzunmüddətli baxışla nə deməkdir?

Bəzən bir insanın işdən çıxarılması — bir sistemin çökməkdə olduğunu göstərən ilk səsdir. Vicdan işdən çıxarıla bilməz. Qusman və onun kimilər — tarixə deyil, gələcəyə xidmət edir. Onlar bizə xatırladır: azad fikir susmaz, onu sadəcə bir müddət kəsmək olar. Ancaq sonra o, daha da güclü qayıdar.

Əgər bir millət jurnalistinin vicdanını qorumağı bacarmırsa, o millətin gələcəyi karanlıqdır.”

David Seliverstov 
Hüquq müdafiəçisi, beynəlxalq müşahidəçi

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)