
1 Avqust Azərbaycanda Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu münasibətlə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Yenifikir.media saytına müsahibəsində Azərbaycan dilinin hazırkı inkişaf vəziyyətini dəyərləndirib.
2001-ci il avqust ayının 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanan xüsusi fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı. Artıq 24 ildir ki, bu əlamətdar gün qeyd olunur.
Həmin dövrdə Azərbaycan əlifbası ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunurdu və taleyüklü qərarlar qəbul edilirdi. Təxminən 10 illik keçid prosesindən sonra latın qrafikalı əlifbaya tam keçidlə bağlı qərar dövlətin dil siyasətində öz əksini tapdı və dilin tətbiqinin təkmilləşdirilməsi haqqında fərmanda müvafiq göstəriş verildi.
Bu, gözlənilən və təbii bir hadisə idi. Həmin illərdə cəmiyyətdə “Azərbaycan yeni əlifbanı qəbul edəcək, yoxsa köhnə kiril əlifbasına qayıdacaq?” sualı ətrafında geniş müzakirələr aparılırdı. Hətta ərəb əlifbasına keçidi təklif edənlər də vardı.
Ümummilli lider Heydər Əliyev dil məsələlərinə həmişə xüsusi həssaslıqla yanaşırdı. O, bu mövzunu dərindən araşdırmış, öz mövqeyini müəyyənləşdirmiş və cəmiyyət üçün ən doğru yolu təklif etmişdi. Onun fikrincə, latın əlifbasına keçid vacib idi, çünki bu, qlobal prosesin və türk dünyasında baş verən böyük dil inteqrasiyasının bir hissəsi idi.
Latın qrafikasına keçid zamanı ciddi maneələrlə qarşılaşılmadı. Nəticədə, qəzetlər, jurnallar və ümumilikdə Azərbaycan mətbuatı yeni əlifbanı qəbul etdi.
O vaxtdan bəri Azərbaycan dili sürətlə inkişaf edir. Dövlət səviyyəsində dilin taleyinə təsir edən mühüm fərman və sərəncamlar qəbul olunub. Bu gün Azərbaycan dili dünyanın ən çox inkişaf etmiş 25 dili sırasında yer alır. Azərbaycanda və ölkə hüdudlarından kənarda 50 milyondan artıq azərbaycanlı bu dildə danışır. Azərbaycan dilində geniş mətbuat formalaşıb, elmi, mədəni və ədəbi fəaliyyətlər bu dildə aparılır.
Bütün bunlar göstərir ki, Azərbaycan dilinin gələcəyi ilə bağlı nikbin olmaq üçün əsaslar kifayət qədərdir. Lakin hər bir dildə olduğu kimi, Azərbaycan dili üçün də müəyyən təhlükələr mövcuddur. Xüsusilə dilin norma və qaydalarının qorunması vacib məsələdir.
Dil özünü ilk növbədə orfoqrafik normalarda göstərir – əlifba, düzgün tələffüz, danışıq və yazı qaydalarına əməl olunmalıdır. Təəssüf ki, həm yazılı, həm də şifahi nitqdə bu normalar bəzən pozulur. Bu da cəmiyyətin hər üzvünün dilə yüksək mədəni səviyyədə yiyələnməməsi ilə bağlıdır. Azərbaycanda da bu sahədə problemlər mövcuddur.
Hazırda mütəxəssislər və dövlət orqanları bu istiqamətdə ciddi işlər görür. Məqsəd – Azərbaycan dilində düzgün yazmaq və danışmaq vərdişlərini inkişaf etdirmək, bu sahədə mədəniyyəti təşviq etməkdir.
Məhz bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən imzalanmış son fərmanda dil mədəniyyəti məsələlərinə nəzarət funksiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olunub. Nazirlik artıq bir müddətdir ki, bu istiqamətdə araşdırmalar aparır, xüsusi konsepsiya hazırlanır. Konsepsiyada dil məsələləri ədəbiyyat, incəsənət və ümumi mədəniyyətlə yanaşı yer alıb.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bu istiqamətdə maddə-maddə maraqlı bir proqram hazırlanıb. Yeni konsepsiyanın bir hissəsi kimi, biz güman edirik – daha doğrusu, inanırıq ki – Mədəniyyət Nazirliyi Azərbaycan dilinin inkişafı ilə bağlı xüsusi təlimatlar hazırlayacaq və dilin qayda-qanunlarına əməl olunması sahəsində ciddi tədbirlər görəcək.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva