"Bayağı mahnılar cəmiyyətin böyük hissəsi tərəfindən maraqla qarşılanır"- PROFESSOR

Son zamanlar təqdim olunan bir çox mahnıların sözləri olduqca səthidir. Bu cür mahnılar qısa müddət ərzində müəyyən kütlə tərəfindən populyarlıq qazansa da, uzunömürlü olmur, tez unudulur. Təəssüf ki, bu gün peşəkar söz yazarlarının, tanınmış şairlərin şeirlərinə musiqi bəstələnməsi halları çox azalıb.

Mövzu ilə bağlı professor Minəxanım Təkləli Yenifikir.media-ya danışıb. Onun fikirlərini təqdim edirik:

“Xalq mahnılarımız var ki, əsrlərdən əsrlərə keçib. Klassik mahnılara baxın – onların üzərindən zamanın küləyi belə əsə bilməyib. Çünki onlar sənət əsəridir – ürəkdən çıxıb, sənətkar əlindən yoğrulmuş musiqilərdir.

İndiki mənzərə isə fərqlidir. Ritm tutulsun, sözlər uyğunlaşsın, kifayətdir. Amma o sözlərdə nə ruh var, nə də məna. Sadəcə havada qalan, təsirsiz ifadələrdir, söz yığınıdır. Halbuki söz mədəniyyətdir. Söz seçmək, onu yerində işlətmək istedad, zövq, müşahidə və təcrübə tələb edir. Təkcə savad kifayət etmir.

Təəssüf ki, bu cür bayağı mahnılar cəmiyyətin böyük hissəsi tərəfindən maraqla qarşılanır. Məzmunsuz, ucuz sözlərə dəyər verilir. Elə bil, söz artıq öz gücünü, çəkisini itirib. Gənclər, yeniyetmələr, hətta uşaqlar belə bu səviyyəsiz musiqilərə aludə olurlar.

Mən TikTok platformasında səhifə açıb tariximiz, mədəniyyətimiz, milli kimliyimizlə bağlı qısa, lakin məzmunlu söhbətlər edirəm. Arxiv materiallarına əsaslanan, silinməyən və pozulmayan mədəni etüdlər təqdim edirəm. Lakin görürsən ki, səviyyəsiz videolar – qiybət, söyüş, məntiqsiz şoular minlərlə baxış toplayır. Tarix, kimlik, vətənpərvərlik mövzularında paylaşdığım videolara isə çox zaman biganə yanaşılır.

Yaxınlarda Nobel mükafatı laureatı Əziz Sancarın çıxışına qulaq asdım. Elə hikmətli sözlər deyirdi ki... Amma bu dəyərli çıxışa qulaq asan azdır. Əvəzində aşağı səviyyəli səhnələrə minlərlə insan baxır, bəyənir.

Təəssüf ki, bu hal təkcə musiqi sahəsində deyil, ümumilikdə kitaba, maarifə, təfəkkürə münasibətdə də özünü göstərir. Əlinə kitab alan, düşünən, oxuyan insanların sayı günbəgün azalır. Halbuki bir xalqın gələcəyi onun oxumaq və düşünmək qabiliyyəti ilə bağlıdır.”

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)