Azərbaycan kinosunda rəqs sənəti  

Hər hansı bir film üçün xoreoqrafik parça seçmək kinematoqrafiyanın dilini bilmədən mümkün deyildir. Xoreoqrafiya rəqs inşa etmək sənətidir, onun kinoda intişar tapması səhnədəki, hər hansı bir sənət meydanındakı təcəssümündən yerlə göy qədər fərqli bir sənət sahəsidir. Bir də ki, müasir kino, tamaşaçısını xoreoqrafiyanın imkanlarıyla cəlb etmək sahəsində elə uğurlara imza atıb ki, bu həm kino dilinin , həm də xoreoqrafik elementlərin zənginləşməsinə qarşılıqlı təsir meydanı aça bilib. 

Kinoda hətta aktyor rəqs etməsə belə onun hər hansı bir plastik hərəkəti kadrarxası musiqinin müşayiətilə xoreoqrafik hərəkət ola bilər və ya əksinə hər hansı bir xoreoqrafik element kinoda aktyorun dillə ifadə etmədiyi monoloquna çevrilə bilər. Müasir kino texnikası rəqs janrlarının mexaniki şəkildə ekrana köçürülməsinə imkan yarada bilsə də, bu kinematoqrafiyadakı mövcud şərtiliklərlə uzlaşmır, yəni rəqsin ekranda seyr edilməsi kinoya baxmaq demək deyildir. Bunu Hegelin məşhur “Nəzəriyyə quru ağac, həyat isə həmişəyaşıldır” fikrinin məzmunu əsasında xoreoqrafiyanın kinoya münasibətinə şamil etsək onda belə deyə bilərik: “Xoreoqrafiya quru bir agac, onun kino həyatı isə həmişəyaşıldır”. Bəli, kinoda hər hansı bir rəqs müxtəlif rakurs və baxış bucağından çəkilərkən müxtəlif məzmun kəsb edir və fərqli təsir bağışlayır.Burda rəqsi kinoya daxil edən montajın da rolunu xüsusi vurğulamaq lazımdır. Ən ümdəsi isə odur ki, kinoda görünən rəqs eşıdılən musiqi ilə audiovisual təsvir yaradır. Rəqs musiqiylə əlaqəli musiqili - xoreoqrafik obraz yaradır və bu əlaqədə rəqs musiqidən, musiqi də rəqsdən asılı olur. Ancaq bunu da qeyd edək ki,kinoda rəqs musiqisiz də canlana bilər və bu isə kino kamerayla və digər kino vasitələriylə reallaşır; məsələn işıq, rəng,digər səslər, kameranın hərəkəti, axan kadralar və s, və i.a.

Azərbaycan kinematoqrafında xoreoqrafiyanın imkanlarından hələ kinomuzun ilk addımlarında istifadə edilmişdir. Filmin adı da elə sadəcə “Qafqaz rəqsi” adlanırdı. Onu kinomuzun xoreoqrafiyaya ilk müraciətlərindən biri kimi də qəbul edək. Daha qədim köklərə malik olan xoreoqrafiyayla dil tapmaq imkanları dar idi. 1898-ci il, kinomuzun təşəkkül tapdığı dövrdə ilk filmlərimiz sırasına daxil olan “Qafqaz rəqsi” 127 il öncə kinonun Azərbaycanda reallaşmasında xidməti olan A.M. Mişonun rejissorluğuyla çəkilmişdir. Film konsert janrında çəkilmiş olan bu ilk filmimiz əslində kinosüjet adlanır və digər xronikal kinosüjetlərlə birgə əvvəlcə Bakıda, 1900 cü ildə Ümumdünya Paris sərgisində nümayiş etdirilmişdir. Filmi görmək imkanlarım olmadığından onun haqda Azərbaycan kinosu kataloqundakı kiçik məlumata diqqət yetirək, filmin süjeti belə nəql edilir: “Əynində milli paltar geymiş rəqqas Qafqaz rəqsini ifa edir. Onun agzinda, əllərində və belində xəncərlər var. O hər dəfə səhnənin ortasına çatanda başı üzərindən xəncəri arxaya tullayır və xəncər taxta döşəməyə sancılır. Bu minvalla rəqqas xəncərlərin hamısını yerə sancıb qurtarana kimi rəqs edir”. (Azərbaycan kinosu kataloqu. 1-ci cild. Bakı 2003). Göründüyü kimi bu xronikal filmdəki rəqsin özünün süjeti var və o filmin sujeti sayilmir; filmdə məqsəd hər hansı bir ideyanın bədii kino həllinə deyil, adı çəkilən rəqsi seyriçiyə təqdim etməkçin çəkilmiş informasiyadır və səssiz kino nümunəsi olaraq da, sadəcə rəqsi ekranda canlındırmış, tamaşaçı rəqsin şəkillərinin canlı variantını seyr etmışdır.

Belliklə, kameraya köcürülmüş rəqs, kinonun xoreoqrafiyanın dilindən istifadəsi demək deyildir. Belə ki, biz kameranın köməyilə hər hansı bir rəqs proqramını, (rəqs ansamblının, rəqqasların konsertini) çəkib ekrana gətirə bilərik. Bəli, bu da xoreoqrafiyanın ekran təcəssümüdür, lakin kino dilinin çox baxımlı və maraqlı vasitəsi olan xoreoqrafiya deyildir.

Ümumiyyətlə, Azərbaycan kinosunun inkişafında musiqi və rəqs ayrılmaz sənət ünsürləri kimi çıxış etmişdir. Xalq rəqslərinin kino vasitəsilə yaşadılması və təbliği bir çox ekran əsərlərində öz əksini tapmışdır. Bu baxımdan, musiqili komediyalar janrında çəkilən filmlər xüsusi yer tutur. Bu ənənənin ən parlaq nümunələrindən biri də “Arşın mal alan” filmidir.

“Arşın mala alan” filmi 4 dəfə ekranlaşdırılmışdır ki, o variantlardan biri də korifey sənətkarımız Tofiq Tağızadənin məhz 1965-ci ildə ekranlaşdırdığı “ Arşın mal alan” idi. Kinoda xoreoqrafiyadan aparıcı bir vasitə kimi istifadə etməyin zəruriliyindəndir ki, rejissor filmində aktyor plastikasının bu məhək daşından yararlanmaqçın baş rola baletmeyster və xoreoqrafiya ustası olan aktrisa Leyla Şıxlinskayanı təsdiqləmişdi. Milli rəqs janrının bütün imkanlarından istifadə etməklə kinomuzda milli kolorit yaratmaq istəyən rejissor, bu filmiylə kinonun imkanlariyla xoreoqrafiyanın imknları arasında ustaliqla bağlılıq yarada bilmişdi. Tofiq Tagözadənin 1962-ci ildə çəkdiyi “Mən rəqs edəcəyəm” filmi də məhz xoreoqrafiyanın kino dilinə çevrilməsinə xidmət etdiyi üçün böyük sənətkarımızın bu sahədəki rejissor tapıntıları üzərində durmaq istərdim. “Mən rəqs edəcəyəm” filminin rəqs sənəti ilə bağlılığı elə “Qafqaz rəqsi” kimi adından bəllidir. Onu da deyək ki, bu iki film arasındakı ümumi cəhətlərdən biri də elə onun Qafqazla bağlılığıydı. Aralarında tam 30 ildən də cox bir zaman kəsiyi olan bu film öz zamanının ideologiyasına uygun olaraq sovet beynəlmiləlciliyinin bir nümüunəsi kimi Qafqaz xalqlarından biri olan çeçen- inquşların milli mənəvi dəyərləri probleminə və həm də bir rəqqasın həyat və yaradıcılığına həsr olunmuşdur. Film, ekran titrlərində “Əmək və qızıl gül” adlansa da xalq içində elə rəqs sənətinə məhəbbətlə “Mən rəqs edəcəyəm” kimi şöhrət qazanmışdır. “Əmək və qızılgül” isə o zamankı sovet dövrünün ideoloji siyasətinə əsasən əməyin ideallaşdırılması əmrinə tabe olaraq seçılmış bir ad idi. Belə ki, əvvəldən axira kimi rəqslərlə müşaiyət olunan bu filmə baxmaq bu adın süniliyini təsdiqləyə bilir. Əgər Tofiq Tagızadənin yaradıcılğına diqqət etsək onun məhz 60-ci illər kino tariximizə aid olan adlarını çəkdiyimiz iki filmi “Əmək və qızıl gül” və “ Arşın mal alan” kinomuzda xoreoqrafiya sənətinə geniş meydan açan film olmaqla bərabər həm də onun ustad bir rejissor olaraq təsdiqlənməsində rol oynayan bir amildir. Təsadüfi deyil ki, məhz “Əmək və qızılgül” filminin uğurundan sonra çeçen hökuməti onun əməyinə layiqli qiymət verərək rejissorumuzu Cecenistanın əməkdar incəsənət xadimi olaraq mükafatlandırmışdı.

Ardı var.........

  

Raifə Səfərova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Yenifikir.media




© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)