Justin Timberlake Bakıda: Musiqidən kənarda iqtisadi

27 iyul tarixində Bakıda baş tutan Justin Timberlake-in konserti təkcə musiqisevərlərin yox, həm də ölkə iqtisadiyyatının diqqət mərkəzində idi. Dünyaşöhrətli ulduzun çıxışı bir musiqi hadisəsindən daha çox, strateji turizm və iqtisadi inkişaf alətinə çevrildi.

Konsertə dünyanın müxtəlif ölkələrindən təxminən 25 min turist qatılıb. Onların böyük əksəriyyəti səfərini yalnız konsertlə məhdudlaşdırmayaraq, Bakının tarixi və mədəni məkanlarına turlar, yerli restoran və qastronomik marşrutlar, eləcə də kültür proqramları ilə zənginləşdirilmiş tur paketləri çərçivəsində həyata keçirib. Bu isə bir daha göstərir ki, belə miqyaslı tədbirlər ölkənin turizm sektoruna yeni nəfəs, xidmət və qonaqpərvərlik sahəsinə isə əlavə gəlir mənbəyi gətirir.

Əldə olunan təcrübə həm də yerli turizm şirkətləri üçün yeni imkanlar yaradıb. Artıq bir neçə operator xaricdə təşkil olunan konsert və festivallara uyğunlaşdırılmış tur paketləri təklif edir. Beləliklə, iki istiqamətli bir turizm axını formalaşır və bu, Azərbaycanın qlobal mədəniyyət və istirahət xəritəsindəki yerini möhkəmləndirir.

Justin Timberlake-in Bakıya səfəri göstərdi ki, beynəlxalq ulduzların iştirakı ilə keçirilən tədbirlər yalnız mədəni deyil, həm də iqtisadi təsirə malikdir. Ümidvarıq ki, yaxın gələcəkdə Jennifer Lopez, Beyoncé, Coldplay kimi digər məşhur ifaçıları da Bakıda görəcəyik. Çünki bu cür layihələr ölkəmizin beynəlxalq imicinə, iqtisadi inkişafına və turizm potensialına ciddi töhfə verir.

Əzizə İsgəndərova 
İqtisadçı


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)