Prezident İlham Əliyevin Çin səfəri: Zəngəzur dəhlizi və sülh mesajları

Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına budəfəki səfəri əlamətdar olmaqla yanaşı bir sıra maraqlı məqamlarla da yadda qaldı. Ölkə başçımızın xüsusi qarşılanması dövlətimizə, xüsusən cənab İlham Əliyevə olan xüsusi hörmətin nümayişi idi. Çinə dəvət olunmuş dövlət və hökumət başçılarının prezidentimizlə görüşə böyük maraq göstərdiklərini maraqla izlədik. Çin Xalq Respublikasının sədri Si Tsinpin ilə görüş zamanı Çin liderinin ölkə başçımıza əziz dostum deyə müraciətini xüsusi vurğulamalıyıq. Dünyanın ən böyük və qüdrətli bir ölkəsinin başçısının prezidentimizə bu münasibəti Azərbaycanla Çin arasında dostluğun, strateji tərəfdaşlığın ən yüksək göstəricisidir. Bu gün Azərbaycan Çinin regionda ən yaxın və etibarlı dostudur. 

Prezident cənab İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında təşkil edilmiş tədbirdə çıxışı zamanı dünyanı maraqlandıran bir sıra məqamlara toxundu. Ölkə başçımız bu yaxınlarda ABŞ da Azərbaycanla Ermənistan arasında baş tutan görüş zamanı Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz əlaqə yaradılması haqqında razılaşmanın olduğunu vurğuladı. Bu razılaşma region dövlətləri ilə yanaşı Avropa və Asiya ölkələri üçün də çox əhəmiyyətlidir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafi bir məkanda yerləşir. Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu Asiya ilə Avropanı birləşdirən bir marşrut xəttidir. Çıxışında ölkə başçımız Orta Dəhlizin bir hissəsi olan bu marşrut xəttinin Zəngəzur dəhlizi adlandırmasını xüsusi vurğulamaq lazımdır. Atrıq Zəngəzur dəhlizi termin kimi beynəlxalq diplomatik platformalara daxil olmuş oldu. Ölkə başçımızın da qeyd etdiyi kimi "yaxın gələcəkdə Zəngəzur dəhlizi həm də Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək". Zəngəzur dəhlizi Avropa ilə Asiya dövlətlərini bir birinə yaxınlaşdırmaqla yanaşı bütün dövlətlərin iqtisadiyyatına da böyük fayda verəcək.

Cənab İlham Əliyevin apardığı müdrik, uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Çin kimi nəhəng dövlət Zəngəzur dəhlizinin reallaşmasına böyük maraq göstərmiş oldu. Ölkə başçımızın bu siyasəti Zəngəzur dəhlizinin açılmasına mane olan dövlətləri də kənarlaşdırdı.

Çində Hindistanın Azərbaycana qarşı sərgilədiyi qeyri konstruktiv mövqeyini vurğulamaq lazımdır. Hindistan tərəfi Azərbaycanın ŞƏT üzvlüyünə veto qoydu.

Buna səbəb kimi Azərbaycanın beynəlxalq aləmdə Pakistanı dəstəkləməsi göstərilir. Düşünürəm ki, Hindistanın bu addımıında digər dövlətlərin də iştirakı olmuşdur. ŞƏT tədbirinə Azərbaycanla bərabər Ermənistanın da dəvət olunması hər iki dövlətin quruma hər hansı formada üzvlüyü nəzərdə tutulmuşdur. Hindistanın bu addımına cavab olaraq Azərbaycana dost və qardaş olan Pakistan da Ermənistanın üzvlüyünə veto qoydu. Prezident cənab İlham Əliyev sentyabrın 1-də Pakistanın Baş Naziri Şahbaz Şəriflə görüşü zamanı Hindistanın bu addımını Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq atdığını da vurğuladı. 

Azərbaycanın dünyada nüfuzu artdıqca bəzi dövlətlərin ölkəmizə qarşı təzyiqləri də qaçılmazdır. Şahidi olmuşuq ki, sonralar bu dövlətlər öz mövqeyindən geri çəkilirlər.

Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın da Çinə səfəri və tədbirlərdə iştirak etməsi təsadüfi bir hadisə deyil. Mehriban xanım Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının Birinci xanımı Pen Liynan və "ŞƏT plyus" formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə gəmi gəzintisində də iştirak etdi. Mehriban xanım Əliyevanın Ermənistanın Baş Nazirinin həyat yoldaşı Anna Akopyanla birgə şəkil çəkdirməyi bütün dünyaya iki dövlət arasında artıq sülhün yarandığına bir mesajdır və Azərbaycanla Ermənistan arasında saxta vasitəçilik etmək istəyən dövlətləri mat vəziyyətinə saldı. Mehriban Əliyevanın bu jesti dünyaya bir sülh mesajıdır. Sözsüz ki, dünya ictimaiyyəti Mehriban Əliyevanın xeyirxah, sülhsevər bir siyasi ictimai şəxs olduğunu yaxşı bilir. Mehriban xanım bu jesti ilə dünyaya bir daha sübut etdi ki, dünyada baş verən bütün münaqişələri sülh yolu ilə həll etmək mümkündür. Çin Xalq Respublikasında bir daha dünyaya göstərdik ki, Azərbaycan hər zaman sülhün yaranmasının təşəbbüskarı olub. 

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)