Elman Cəfərli: “Moskva dəvəti Ukraynanın məğlubiyyətini qəbul etdirmək cəhdidir”

Rusiya Prezidenti Vladimir Putin bu gün bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp ilə hələ danışıqlar aparmayıb, lakin hər zaman olduğu kimi, indi də dialoqa açıqdır. O, həmçinin Ukrayna ilə danışıqlara hazır olduqlarını vurğulayıb və Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciətlə bildirib: “Zirvə üçün ən yaxşı yer Moskva olacaq, gəlin.”

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Yenifikir.media-ya verdiyi açıqlamasında Putinin Zelenskini Moskvaya dəvətindəki səbəblərə toxunaraq bildirib:

“Rusiya-Ukrayna müharibəsi, ABŞ Prezidenti Donald Trampın bütün səylərinə baxmayaraq, həm hərbi əməliyyatlar baxımından başladığı kimi davam edir, həm də diplomatik gərginliklər baxımından səngimə müşahidə olunmur. Hətta demək olar ki, münaqişənin həlli istiqamətində aparılan səylər yeni məzmun və forma kəsb edir. D.Trampın ABŞ Prezidenti seçildikdən sonra bu münaqişəyə dair siyasəti kardinal şəkildə dəyişməsi gözlənilən effekti vermədi, əksinə, Qərbin, xüsusilə Avropanın Ukraynaya dəstəyinin əhəmiyyətini xeyli zəiflətdi.

Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin məhz sentyabrın 1-də Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakından dərhal sonra Zelenskini Moskvaya görüşə dəvət etməsi diqqətçəkicidir. Avqustun 16-da Alyaskada Donald Trampla görüşən və oradan arzuladığı dividendlərlə qayıdan Putin, Çin səfəri zamanı həm ABŞ və Qərbin əsas rəqibi olan Çin, həm ABŞ-ın təzyiqlərinə məruz qalan Hindistan, həm də bir sıra başqa ölkə liderləri ilə görüşərək beynəlxalq mövqeyini daha da möhkəmləndirdi.

Zelenski bundan əvvəl dəfələrlə müxtəlif ölkələrdə Putini birbaşa görüşlərə dəvət etsə də, Rusiya rəhbəri heç bir reaksiya verməmişdi. Lakin indi birdən-birə Moskvaya çağırmasının səbəbi kifayət qədər aydındır. Putin Zelenskini Moskvaya dəvət etməklə bu görüşü vasitəçilərsiz, yəni Ukraynanın haqlı tələblərini müdafiə etməyə məcbur olan qüvvələr olmadan, öz şərtlərini doğma divarlar arasında diktə etmək və bununla həm dünyada, həm də ölkə daxilində nüfuzunu artırmaq niyyətindədir. Əgər Zelenski Moskvaya getsə, bu, tamamilə real ssenari ola bilər.

Digər tərəfdən, əgər Putində əminlik varsa ki, Zelenski Moskvaya gəlməyəcək, bu halda dəvət sadəcə Ukrayna rəhbərini və Avropanı ələ salmaq məqsədi daşıyır. Hər iki halda Putin Alyaska və Çin səfərlərindən sonra daha da ruhlanaraq Rusiya-Ukrayna müharibəsində əldə etdiklərini geri qaytarmayacağını və heç bir güzəştə getməyəcəyini nümayişkaranə şəkildə bəyan etmiş olur.”



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)