Uşaqların hüquqlarını qorumaq və onlara təhlükəsiz mühit yaratmaq hər kəsin vəzifəsidir

Bir neçə gün öncə Sabunçu rayonunda qəyyumluğa verilən azyaşlı oğlana işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının valideynlərinin hər ikisi vəfat etdiyi üçün xalasının himayəsində yaşadığı bildirilib. Amma araşdırmalar zamanı məlum olub ki, işg*əncə verən qadın oğlanın xalası yox, anasının dayısı qızı imiş. 

Uşaqların istismarı, işgəncə görməsi, təcavüzə məruz qalması ilə bağlı hadisələrlə son dövrlərdə tez-tez qarşılaşırıq. Bu cür faciəvi hallarda məsuliyyət kimin üzərinə düşür və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Əgər uşağa qarşı fiziki və ya psixoloji zorakılıq tətbiq edilibsə, bu halda birbaşa qəyyum məsuliyyət daşımalıdır. Qəyyum həm uşağın təhlükəsizliyini təmin etməli, həm də ona qarşı zorakılıq və ya istismarın qarşısını almalıdır.

Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların qorunmasına dair dövlət orqanları olaraq belə halların qarşısının alınması və qəyyumluğa verilən uşaqlara nəzarət etməlidir. Bu qurumlar uşağın hərtərəfli nəzarətini təmin etməli, onların sağlam və təhlükəsiz bir mühitdə böyüməsini təmin etməlidir. Əgər həmin qurumlar uşağın hansı şəraitdə yaşadığını yoxlamağa və qəyyumluq şəraitini monitorinq etməyə lazımi diqqət yetirməyibsə, baş verən faciəvi hadisələrdə onlar da məsuliyyət daşımalıdır.

Yerli icra orqanları da qəyyumluğa verilən uşaqların şəraitini nəzarətdə saxlamalıdır. Əgər uşağın vəziyyətini zamanında izləməyib və ya uyğun tədbirlər görülməyibsə, onlar da baş verən faciəvi hadisələrdə müəyyən qədər məsuliyyətli daşımalıdır.


Gələcəkdə belə halların baş verməməsi üçün azyaşlıların qəyyumluğa verilməsi prosesində daha geniş və dərin təhlillər aparılmalıdır. Yaxın qohumlar uşaq üçün uyğun şərait və sağlamlıq vəziyyəti üzrə müvafiq yoxlamalardan keçməli (xüsusilə psixoloji), onların uşağa necə baxa biləcəyi barədə geniş araşdırmalar aparılmalıdır.

Sosial xidmətlər, yerli icra orqanları qəyyumluğa uşaq verilən ailələrlə bağlı müntəzəm monitorinqi aparmalıdır. Uşağın məktəb və məktəbdən sonrakı ümumi vəziyyəti davamlı olaraq nəzarət altında saxlanılaraq qiymətləndirilməlidir.

Qəyyumluğa verilən uşaqlara öz hüquqları və təhlükəsizlik haqqında daha çox məlumat verilməlidir. Onlara zorakılıq və ya istismar halları barədə kimə və hansı formada müraciət etməli olduqları öyrədilməlidir. 

Uşaqları zorakılıq və istismardan qorumaq üçün qanunlar daha sərtləşdirilməli və belə hallara görə ağır cəzalar verilməlidir. 

 Elyar İslamoğlu

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,Filologiya üzrə fəlsəfə doktoru


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)