Uşaqların tərbiyəsi – ailədən başlayan əsas məsələdir

Ailənin üzərinə düşən ən böyük məsuliyyət ilk növbədə uşaqların tərbiyəsidir.  Çünki uşaq dünyanı ilk dəfə valideynlərinin davranışları, sözləri və münasibəti ilə tanıyır.

Bəzən valideynlər iş-güc səbəbindən övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Bu isə sonradan müxtəlif fəsadlara gətirib çıxara bilər. Uşaqların xarakterinin formalaşmasında, onların yaxşı və pis arasında seçim edə bilməsində valideynin rolu danılmazdır. Əgər bu sahədə boşluq yaranarsa, nəticədə uşaqlar yanlış davranış və vərdişlər qazana bilər.

Keçmişdə valideynlər bu məsələni çox ciddiyə alırdılar. Hətta uşaqların yalnız dərs oxumasına deyil, tərbiyəli böyüməsinə də xüsusi diqqət yetirilirdi. Müəllimlə yanaşı, bəzi ailələr övladlarına ayrıca tərbiyəçi də tuturdu. Bu, uşağın həm elm, həm də əxlaq baxımından inkişafına kömək edirdi.

İndi bu funksiyanı əsasən məktəblərdəki psixoloqlar yerinə yetirməyə çalışır. Ancaq onların təsiri bəzən kifayət qədər hiss olunmur. Çünki psixoloqla uşaq arasındakı ünsiyyət valideyn və ya müəllimlə qurulan münasibət qədər səmimi və davamlı ola bilmir.

Buna görə də, valideynlər və müəllimlər uşaqların tərbiyəsinə daha ciddi şəkildə diqqət etməlidirlər. Uşağın düzgün böyüməsi yalnız dərs oxumaqla deyil, həm də yaxşı tərbiyə alması ilə mümkündür. Onlara sevgi, diqqət və qayğı göstərilməli, doğru davranış nümunələri öyrədilməlidir.

Unutmayaq ki, sağlam düşüncəli, məsuliyyətli və cəmiyyətə faydalı insan yetişdirməyin əsası ailədən başlayır.

Sədaqət Əliyeva

Sosioloq



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)