Üçlü koalisiya siqnalı: Rusiya, Çin və Şimali Koreya Çində güc nümayiş etdirdi- KONFLİKTOLOQ

Bildiyimiz kimi, Çində Şimali Koreya lideri Kim Çen In, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında üçtərəfli görüş keçirilib. Görüşdə əsas müzakirə mövzuları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq olub. Həmçinin Asiya-Sakit okean bölgəsində yeni əməkdaşlıq formatları üzərində fikir mübadiləsi aparılıb.

Məsələ ilə bağlı konfliktoloq Elman Vəliyev yenifikir.media-ya açıqlama verib. O bildirib ki, uzun müddətdən sonra üç böyük liderin bir araya gəlməsi ciddi mesaj xarakteri daşıyır:

"Mənə görə bu, açıq bir mesaj idi. Dünyanın yeni nizamında 'biz də ən böyük güclərdən biriyik' mesajı verildi. Bu, artıq üçlü bir koalisiyadır. Yeni müharibələrin işartıları görünür. Bir tərəfdə Amerika və tərəfdarları, digər tərəfdə isə Rusiya, Çin və Şimali Koreya güc nümayiş etdirir. Rusiya anlayır ki, təkbaşına müqavimət göstərmək mümkün olmayacaq. Çünki əvvəlki gücünü itirib və yeni dominant aktorlar meydana çıxıb. Belə şəraitdə ən optimal variant koalisiyalar qurmaq və müttəfiqlər tapmaqdır. Putin də çox düzgün seçim etdi – Çini seçməklə. Çin hazırda təkqütblü dünya nizamı qurmağa gedə biləcək əsas namizəddir."

Ekspertin sözlərinə görə, görüşdə yeni silahların nümayişi də diqqət çəkib:

"Görüş zamanı yeni silahlar nümayiş etdirildi. Həmin silahların bir çoxu Amerikanınkının kopyası idi, bəziləri isə tamamilə yeni struktura malik silahlar idi. Xüsusilə diqqətimi çəkən o oldu ki, bəzi silahların qarşısını ala biləcək HMS (hava müdafiə sistemləri) çox məhdud saydadır və bu texnologiyaya çox ölkənin sahib olduğunu zənn etmirəm. Təbii ki, bu fikri yalnız nümayiş etdirilən silahların təqdimatına əsaslanaraq deyə bilərik. Çox güman ki, Amerika da buna cavab addımı atacaq və öz gücünü nümayiş etdirəcək. Onlardan fərqli olaraq, Amerika praktikada özünü göstərir. Çin və Şimali Koreya isə uzun müddətdir ki, birbaşa müharibələrdə və aktiv konfliktlərdə iştirak etmirlər."


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)