ABŞ Venesuelada narkoticarətdə şübhəli hədəflərə zərbələri davam etdirəcək

ABŞ Venesuelada narkoticarətdə şübhəli şəxslərə qarşı hava və dəniz zərbələrini davam etdirəcək.

Yenifikir.media bildirir ki, bu barədə sentyabrın 3-də ABŞ müdafiə naziri Pit Hegset açıqlama verib. O bildirib ki, ABŞ-ın havada, dənizdə və gəmilərdə yerləşdirilmiş hərbi resursları var və əməliyyat yalnız bir hücumla məhdudlaşmayacaq:

“Bizim üçün bu, həyati dərəcədə ciddi missiyadır və o, yalnız bu zərbə ilə bitməyəcək”.

Hegset əlavə edib ki, ABŞ Venesuelanın daxili sularında narkoterrorçu kimi tanıdığı bütün şəxsləri legitim hədəf hesab edəcək.

Xatırladaq ki, avqustun 28-də ABŞ ən azı yeddi hərbi gəmi və ballistik raketlərlə silahlanmış atom sualtı qayığını Venesuela sahillərinə göndərmişdi. Bildirilirdi ki, bu gəmilərin çoxu quru hədəflərinə zərbə endirmək imkanına malik “Tomahawk” raketləri ilə təchiz olunub.

Sentyabrın 2-də isə ABŞ ordusu Venesueladan çıxdığı iddia olunan və üzərində narkotik daşındığı bildirilən bir gəmini məhv edib. Hadisənin detalları araşdırılmalı olsa da, sonradan ABŞ Prezidenti Donald Tramp hücum nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb.

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)