Kolumbiya lideri ABŞ-ı xəbərdar etdi: “Region Suriyaya çevrilə bilər”

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın “narkotik kartelləri ilə mübarizə” bəhanəsi ilə Venesuela sahillərinə hərbi gəmilər göndərməsinə sərt reaksiya verib. Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki,  prezident  X platformasında paylaşdığı bəyanatda xəbərdarlıq edib ki, əgər Venesuelaya qarşı güclü bir hücum başlasa, Suriya və İraqda müşahidə edilən xaos bütün “Böyük Kolumbiya” bölgəsinin reallığına çevriləcək.

Prezident bildirib ki, belə bir halda qətliamçılar hərisliklə torpaqları ələ keçirəcək, dövlətlər isə ictimai sülhün təminatçısı rolunda zəifləyəcəklər. O, Simon Bolívarın ideyalarına istinad edərək vurğulayıb ki, nə Panamada, nə Ekvadorda, nə Kolumbiyada, nə də Venesuelada xarici qüvvələrə boyun əymək olmaz.

Kolumbiya lideri narkotiklə mübarizənin bəşəriyyətin problemi olduğunu və bunun yalnız bərabərlik və dialoq əsasında həll edilə biləcəyini qeyd edib.

Maduro isə cavabında ABŞ-ın mümkün müdaxiləsinə qarşı ölkəsini müdafiə edəcəklərini bəyan edərək, “Heç bir imperiya Venesuelanın və bütövlükdə Cənubi Amerikanın müqəddəs torpaqlarına toxuna bilməz,” – deyə bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəlki qərarnamə ilə Latın Amerikası mənşəli narkokartellərə qarşı daha sərt hərbi tədbirlərin görülməsi göstərişi verib. Avqustun 8-də isə ABŞ Venesuela Prezidenti Nikolas Maduronun tutulması və ya məhkum edilməsinə dair məlumat verənlər üçün mükafatı 25 milyon dollardan 50 milyon dollara qaldırıb.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)