Rusiya–Ukrayna müharibəsi: Sülhə gedən yol niyə bağlanıb?

Qərbin parçalanmış mövqeyi

Rusiya ilə Ukrayna arasında müharibə uzandıqca tərəflərin öz gücü ilə sülhə nail olması ehtimalı sıfıra enir. Ukrayna Qərbin dəstəyinə güvənib savaşa girsə də, indi həmin dəstək yetərli görünmür. ABŞ əsasən öz maraqlarını qoruyur, Avropa dövlətləri isə zaman-zaman fərqli mövqelər sərgiləyirlər. Britaniya, Fransa və Almaniyanın atdığı addımlar bəzən bir-biri ilə uzlaşmır və nəticədə Rusiyaya qarşı təsirli təzyiq mexanizmləri formalaşmır.

Rusiyanın “yubatma strategiyası”

Moskva danışıqlara maraqlı görünmür. Səbəb sadədir: onu ciddi basqıya məruz qoyan güc yoxdur. İşğal etdiyi torpaqları geri qaytarmaq niyyəti də yoxdur. Əksinə, “yubatma strategiyası” ilə mümkün qədər irəliləmək, mövqelərini möhkəmləndirmək siyasətini davam etdirir. Rusiya bu vəziyyəti öz üstünlüyünə çevirərək gələcək danışıqlarda daha sərt şərtlərlə çıxış edə bilir.

Almaniyanın sərt yanaşması

Avropa daxilində birmənalı mövqeyi ilə seçilən Almaniya kansleri Fridrix Merts Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsini vacib sayır. Onun fikrincə, sanksiyaların artırılması və hətta hərbi müdaxilə variantı da gündəmdə saxlanılmalıdır. Almaniya hesab edir ki, əgər Avropa qoşunları Ukraynaya daxil olmazsa, Rusiya heç vaxt geri çəkilməyəcək.

ABŞ və Avropa Birliyi: Zaman qazanmaq oyunu

Qərbin başqa bir yanaşması isə Rusiyanın uzunmüddətli müharibə nəticəsində daxildən zəifləməsini gözləməkdir. Bu strategiya həm risklidir, həm də zaman tələb edir. Lakin Moskvanın nüvə silahına sahib olması Qərbin sərt addımlar atmaqdan çəkinməsinə səbəb olur. Nəticədə beynəlxalq təşkilatlar da prosesdə aciz görünür.

Sülhün real yolu

Hazırda Ukraynanın işğal olunan torpaqlardan vaz keçməsi mümkünsüzdür. Rusiya isə güzəştə getmək niyyətində deyil. Belə bir şəraitdə sülh yalnız güclü beynəlxalq təzyiqlərlə mümkündür. ABŞ və Avropa Birliyi birgə, qətiyyətli addımlar atmasa, Ukraynanın məğlubiyyəti qaçılmaz ola bilər. Bu isə həm Qərbin nüfuzuna zərbə, həm də Rusiyanın hegemon siyasətinin güclənməsi deməkdir.

Tural İrfan


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)