İlham Əliyev: Münasibətlərin pozulmasında Azərbaycan günahkar deyil” - ƏLİ ORUCOVUN ŞƏRHİ

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışaraq, Rusiya ilə münasibətlərin korlanmasında Azərbaycanın məsuliyyət daşımadığını vurğulayıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü , politoloq Əli Orucov yenifikir.media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyev müsahibəsində çox ciddi və dövlətin mövqeyini əks etdirən məsələlərə toxunub. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında məsuliyyət məhz Moskvanın üzərinə düşür.

Əli Orucov vurğulayıb ki, Moskva Azərbaycanla 2022-ci il 22 fevral tarixində bağlanmış strateji müttəfiqlik bəyannaməsinin ruhuna zidd hərəkətlər edir. Azərbaycan sərnişin təyyarəsinin vurulması və sonrakı hadisələr nəticəsində iki dövlət arasında münasibətlərin soyumasına və hətta gərginləşməsinə şahid olub.

“Biz heç bir təxribatçı niyyət daşımırıq, yalnız beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini gözləyirik. Rusiya Azərbaycanın mülki təyyarəsinin vurulmasına görə rəsmi üzr istəməli, təzminat ödəməli və cinayətə imza atan şəxslər cəzalandırılmalıdır”, – deyə Orucov qeyd edib.

O əlavə edib ki, bütün bunların müqabilində Azərbaycana qarşı haqsız təzyiqlər müşahidə olunub, həmçinin Rusiyada yaşayan azərbaycanlılara və digər vətəndaşlara hücumlar və vandalizm halları baş verib. Bu da nəticədə iki dövlət arasında münasibətlərin ciddi şəkildə pozulmasına səbəb olub.

Əli Orucov bildirib ki, Moskva aqressiv tonundan əl çəkməli, Azərbaycan tərəfindən haqsızlığa yol verilmədiyini qəbul etməli və müvafiq tədbirləri – üzr, təzminat və cinayətkarların cəzalandırılmasını təmin etməlidir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan haqlı mövqedədir və Rusiya indiki hakimiyyəti münasibətlərin korlanmasına görə məsuliyyət daşıyır.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)