Bilal Əliyev: "İstedadsız ifaçılar musiqimizi korlayır"

Xalq artisti Bilal Əliyev yenifikir.media-ya açıqlamasında müasir musiqi sahəsindəki vəziyyətə toxunub və istedadlı ifaçıların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, musiqi təkcə əyləncə deyil, həm də milli kimliyin və mədəniyyətin daşıyıcısıdır. Musiqi insanın zövqünü formalaşdırır və nəsillər arasında körpü rolunu oynayır. Lakin son dövrlərdə səsi olmayan və istedadsız ifaçıların səhnəni zəbt etməsi milli dəyərlərimizə mənfi təsir göstərir.

“İstedadlı ifaçı olduqda bütün musiqi janrları gözəl səslənir. Təəssüf ki, bu gün musiqi sahəsindəki problemlər təkcə bizdə deyil, bir çox ölkələrdə müşahidə olunur. Demək olar dünyanın hər yerində istedadsız, səsi olmayan ifaçılar gündəmi zəbt edirlər”, – deyə Bilal Əliyev bildirib.

Bəzi dırnaqarası müğənnilər oxumaqdan çox, əxlaqsızlığı təbliğ edir. “Səsi və istedadı olmadan bir az musiqi öyrənib efirlərdə gözə girməyə çalışırlar. Mən deyərdim ki, bu, sadəcə bir keçid dövrüdür. Musiqi anlayışı olan insanlar üçün belə ifaçılar yaddaşda qalmayacaq. Onlar Azərbaycan xalqının mental dəyərlərinə uyğun olmayan geyimlərlə efirə çıxır və həm musiqiyə, həm də xalqa xəyanət edirlər, milli-mənəvi dəyərlərimizi sarsıdır, zövqləri korlayırlar”, – deyə Xalq artisti vurğulayıb.

Bilal Əliyev həmçinin toylarda, el şənliklərində və efirlərdə ifaçıların repertuarında dəyişiklik olduğunu qeyd edib. “Əvvəllər bu cür hallar yox idi, efirə çıxmaq hər kəs üçün əlçatan deyildi. O vaxt gözəl, qədim oynaq mahnılarımız səslənirdi. İnsan nə qədər savadlı olurdusa, musiqini də bir o qədər dərindən anlayırdı”, –  bildirib.

Xalq artisti sovet dövründə bölgələrdə keçirilən toylarda insanların muğamları tanıdığını xatırladıb. “Həftədə bir dəfə muğam axşamları təşkil olunurdu. Muğam ifa edilərkən hissələrin adları qeyd olunurdu və tamaşaçılar dərhal anlayırdı. Məsələn, ‘Rast’ muğamını Hacıbaba Hüseynov və digər xanəndələrimiz ifa edirdi. İnsanlar bilirdi ki, rast muğamının birinci hissəsi budur, sonra davamı gəlir. Toylarda muğam düzgün oxunmadıqda qonaqlar dərhal irad bildirirdilər. İndi isə insanlar muğamı tanımır, tam dəstgah oxunanda belə başa düşmürlər”, – Bilal Əliyev əlavə edib.

Müsahibəsinin sonunda o vurğulayıb ki, musiqi sahəsində əsas məqsəd milli-mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə ötürməkdir. “Musiqi ilə zövqləri korlamaq olmaz. Onlar təkcə özlərini yox, bütün xalqı şikəst qoyurlar. Yarıçılpaq efirə çıxan müğənnilərlə nəsil tərbiyə etmək mümkün deyil”, –  Xalq artisti bildirib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)