Nəsiminin məzarı ölkəmizə gətirilə bilərmi? – Mütəxəssis rəyi

Azərbaycan dövləti böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsi məsələsinə maraq göstərir. Bu istiqamətdə artıq Suriya tərəfi ilə ilkin təmaslar qurulub və qarşı tərəfə məlumat verilib.

Məsələ ilə bağlı yenifikir.media-ya açıqlama verən tanınmış ilahiyyatçı Tural İrfan bildirib ki, Nəsiminin məzarının köçürülməsi hazırda gündəmdədir. Onun sözlərinə görə, İslam dinində qəbirin ehtiyac olmadan açılması və başqa yerə köçürülməsi doğru sayılmır. Lakin zəruri səbəblər, xüsusən də qəbirin təhlükə altında olması kimi hallar meydana çıxarsa, bu zaman məzarın daha təhlükəsiz məkana köçürülməsi caizdir.

“İmadəddin Nəsimi bizim böyük şairimizdir. Mən təxminən 25 il əvvəl Hələbdə onun məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşam. Həmin dövrdə Əsəd rejimi məzarı baxımsız vəziyyətdə saxlayırdı, halbuki yerləşdiyi küçə Nəsiminin adını daşıyırdı. Hazırda Suriyada müəyyən qədər hökumət qurulsa da, ölkədə tam sabitlik və təhlükəsizlik təmin olunmayıb. Orada hələ də radikal qruplar mövcuddur. Ən dəqiq məlumat, təbii ki, dövlət qurumlarımızdadır. Əgər real təhlükə ehtimalı varsa, məzarın ölkəmizə gətirilməsi müzakirə oluna bilər”, – deyə ilahiyyatçı qeyd edib.

Onun sözlərinə görə, Nəsiminin məzarının Hələbdə qalması da mühüm simvolik məna daşıyır. Bu, Azərbaycanın mədəniyyətini tanıtmaqla yanaşı, ortaq dəyərləri qovuşdurur və xalqımızın dahilərinin bütün Şərq coğrafiyasına yayılmış olduğunu göstərir. Eyni zamanda, Nəsimi yalnız Azərbaycanın deyil, Güney Azərbaycanın, Türkmən elinin və Anadolu türklərinin də öz şairi kimi qəbul etdiyi şəxsiyyətdir.

“Bu səbəbdən məsələni yekdil şəkildə həll etmək asan deyil. Amma gələcəkdə Nəsiminin qəbrinə hər hansı müdaxilə və ya təhlükə yaranarsa, dövlətin aidiyyəti qurumları qərar qəbul edə və məzar daha təhlükəsiz məkana köçürülə bilər”, – Tural İrfan əlavə edib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)