Azər Həsrət - "  Əgər Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyarsa... "

Bu gün Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynadakı münaqişə başa çatdıqdan sonra Finlandiya ilə Rusiya arasındakı münasibətlər yenidən bərpa olunacaq. Prezident həmçinin qeyd edib ki, iki ölkənin ortaq tarixi əlaqələri gələcək əməkdaşlığın formalaşmasına əsas yaradacaq.

Mövzu ilə bağlı tanınmış siyasi şərhçi Azər Həsrət yenifikir.media-ya açıqlama verib. O bildirib ki, müharibə bitdikdən sonra münasibətlərin normallaşdırılması təbii prosesdir. Necə ki, Azərbaycan Ermənistanla münaqişəni başa vurub və hazırda sülh danışıqları aparılır, normal masa arxasında problemlər müzakirə edilir.

Azər Həsrət vurğulayıb ki, diplomatik münasibətlər bu prosesin təbii davamı olacaq. Əgər Rusiya Ukraynaya etdiyi təcavüzdən imtina edib, Ukraynanın ərazi bütövlüyünü tanıyarsa və geri çəkilərsə, həm Finlandiya, həm də digər dövlətlər onunla əlaqələrini yenidən bərpa edəcək. Avropa ölkələri və ABŞ da Rusiyanın münasibətləri əvvəlki səviyyəyə gətirmək niyyətindədir.

Lakin hazırkı mərhələdə Rusiya buna hazır görünmür. Faktiki olaraq, təcavüz davam edir və qonşu dövlətlər hədələnir. Finlandiyanın NATO-ya sürətlə üzv olması da bu səbəbdəndir; ölkə təhlükəsizliyini təmin etmək üçün belə bir addım atmaq məcburiyyətində qaldı.

Azər Həsrət qeyd edib ki, dövlət ağlı həmişə üstün olub və əbədi düşmənçilik davam etməz. Zamanla gərginliklər aradan qalxacaq və normal münasibətlər bərpa olunacaq. Finlandiyanın mövqeyi isə prezidentin qərarları ilə bağlıdır. Rusiya təcavüzdən imtina edib normal dövlət fəaliyyətinə qayıdarsa, Finlandiya və digər ölkələr onunla əlaqələrini bərpa edəcək.

Ülkər Tahirqızı

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)