Zirvə görüşü bölgədə sülhə, əməkdaşlığa və davamlı inkişafa xidmət edəcək.

Azərbaycanın beynəlxalq münasibətlərdə əsas prioritetlərindən biri yalnız siyasi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regionda dostluq və həmrəylik körpülərinin qurulmasına yönəlir. Xalqımızın rifahı, dövlətimizin möhkəmlənməsi və bölgəmizin sabit gələcəyi üçün regional əməkdaşlıq formatlarının inkişafı mühüm əhəmiyyət daşıyır. Bu, həm qardaşlıq, həm də ortaq dəyərlər üzərində qurulan etibarlı əməkdaşlıq nümunəsidir. Azərbaycanın təşəbbüsləri və fəal diplomatiyası regionda sülhün, inamın və dayanıqlı tərəfdaşlığın təmin edilməsinə xidmət edir. Bu baxımdan üç qardaş dövlət – Azərbaycan, Türkmənistan və Özbəkistanın sıx əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə həyata keçirilən birgə layihələr təkcə ölkələrimizin inkişafına deyil, eyni zamanda bütün türk dünyasının birləşdirici roluna töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının vahid güc mərkəzinə çevrilməsinə, bölgənin geosiyasi rolunun yüksəlməsinə və gələcək nəsillərə sabitlik və firavanlıq mühiti yaradılmasına xidmət edir.

Bu gün Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq daha da güclənir Xəzər dənizi üzərindən enerji və nəqliyyat layihələri, “Dostluq” yatağının birgə işlənməsi, Transxəzər marşrutunun inkişafı regionu daha da birləşdirir və Avrasiya məkanında mühüm tranzit körpü yaradır. Günü-gündən inkişaf edən bu tərəfdaşlığın məntiqi davamı olaraq, cari il avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüş keçirildi. Görüşdən sonra dövlət başçısı İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli görüşün yekunları ilə bağlı mətbuata bəyanatla çıxış etdi. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Türkmənistanın inkişafı və müasir dövrdə əldə etdiyi nailiyyətlər ölkənin etibarlı əllərdə olduğunun sübutudur. Dövlət başçımız bildirdi ki, Avaza şəhərində və bütövlükdə Türkmənistanda müşahidə olunan sürətli inkişaf Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi nəticəsində mümkün olub. Cənab Prezidentin verdiyi bəyanat regionun siyasi, iqtisadi və strateji gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüş, təkcə üç qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsini deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi arxitekturasında baş verən mühüm dəyişiklikləri əks etdirdi.

Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu bu format regional sabitliyin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və beynəlxalq nəqliyyat-logistika marşrutlarının inkişafı üçün geniş imkanlar açacaq. Avazada imzalanmış Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə sənəd Azərbaycan–Türkmənistan münasibətlərinin dərin qardaşlıq təməlini təsdiq edən mühüm siyasi və mədəni addım kimi tarixə düşdü. Türkmənistanın Füzuli şəhərində məscid inşa edəcəyi barədə qərarı Azərbaycan–Türkmənistan qardaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, bu təşəbbüs qardaş türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyini, həm də işğaldan azad edilmiş torpaqlarda birgə mədəni-mənəvi irsin dirçəlişinə xidmət etdiyini sübut edir. Artıq məscidin memarlıq layihəsi hazırlanıb və yaxın gələcəkdə onun təməlinin qoyulması planlaşdırılır.

Azərbaycan–Özbəkistan qardaşlığının bariz nümunəsi isə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial layihələrdə öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanın təşəbbüsü ilə Xankəndidə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Hazırda burada iki yüzdən çox insan çalışır, onların böyük əksəriyyəti qadınlardır. Bu təşəbbüs Qarabağda məşğulluğun artırılması, qadınların sosial-iqtisadi həyata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.Həmçinin, Füzuli şəhərində özbək xalqının dahi mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəbin inşası Qarabağın dirçəlişinə simvolik töhfədir. Bu addım Azərbaycan və Özbəkistan xalqları arasında sarsılmaz dostluğun daha bir təcəssümüdür. 

Prezident İlham Əliyev bəyan etdi ki, artıq müvafiq dövlət qurumlarına göstərişlər verilib və nəqliyyat, tranzit, logistika, enerji, neft, qaz və mədəni əlaqələr üzrə əməkdaşlıq istiqamətləri müəyyən olunacaq. Bu isə regionda yeni geosiyasi əməkdaşlıq mərkəzinin formalaşdığını göstərir. Azərbaycanın regional liderlik mövqeyi və təşəbbüskar diplomatiyası bu formatın perspektivlərini daha da möhkəmləndirir. Ölkəmiz enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və ticarət kimi strateji sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün mühüm platforma yaradır. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın dərinləşməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və tərəfdaş ölkələrin dayanıqlı inkişafına xidmət edir. Bu yanaşma, həmçinin regionun qlobal iqtisadi sistemdə rolunun artmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.

22 avqustda keçirilən Zirvə görüşü dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kim, bu tarixi hadisədir və bölgədə sülhə, əməkdaşlığa və davamlı inkişafa xidmət edəcək. Yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanat bir daha göstərdi ki, regional əməkdaşlıq həm xalqlarımızın gələcək rifahı, həm də türk dünyasının strateji birliyi baxımından tarixi əhəmiyyət daşıyır. Bu bəyanat yalnız bu günün deyil, həm də gələcək nəsillərin ortaq maraqlarını təmin edən yol xəritəsi olmaqla, Azərbaycanın təşəbbüskar və aparıcı mövqeyini təsdiqləyir.

Hüseynova Samirə Adəm qızı

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)