Sülh axtarışında Zelenski və Putin harada görüşə bilər?

Ukrayna və Rusiya arasında davam edən müharibənin fonunda dünya liderləri arasında birbaşa dialoqun zəruriliyi gündəmə gəlir. ABŞ prezidenti Donald Trampın vasitəçi qismində iştirakı ilə üçtərəfli görüş təşəbbüsü irəli sürülüb. İndi əsas sual belədir: bu görüş harada baş tutacaq?İsveçrə hökuməti, beynəlxalq hüquq baxımından mürəkkəb vəziyyətə baxmayaraq, özünün ənənəvi neytral statusuna sadiq qalaraq potensial ev sahibliyi təklif edir. İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, Putin “sülh məqsədi ilə” Cenevrəyə gəlsə, ölkə onu həbs etməyəcək və onu qəbul etməyə hazırdır. O, Cenevrənin Birləşmiş Millətlər Təşkilatının Avropa qərargahı olması ilə əlaqədar İsveçrənin diplomatik rolunu vurğulayıb. Fransa prezidenti Emmanuel Makron da İsveçrənin təklifini dəstəkləyərək Cenevrəni görüş üçün ideal sayıb. Digər tərəfdən, İsveçrə Roma Statutuna üzv olduğundan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin barəsində çıxardığı order hüquqi mübahisə yaradır, amma İsveçrə sülh niyyətini üstün tutur.Politico-nun və Guardian-ın məlumatına görə, Ağ Ev mümkün sammitin Budapeştdə keçirilməsini nəzərdən keçirir; ABŞ administrasiyasına yaxın mənbələr bu şəhərin hazırda birinci seçim kimi dəyərləndirildiyini bildirir. Bununla belə, Macarıstanın baş naziri Viktor Orbanın Kremlə yaxın siyasəti bu variantı Ukrayna üçün riskli edir. Prezident Zelenski Budapeşti potensial görüş yeri kimi “çətin” adlandırıb. Buna baxmayaraq, Macarıstan xarici işlər naziri Peter Siyarto iki dəfə sülh danışıqlarına ev sahibliyi etmək təklifini səsləndirib. Macarıstan 2025-ci ilin aprelində Roma Statutundan çıxmaq barədə qərar verib, lakin bu addım 2026-cı ilin iyununa qədər qüvvəyə minməyəcək. Bu, ICC orderinin Budapeştdə icrasını mürəkkəbləşdirir.

Avstriya da görüşə namizəddir. Kansler Kristian Stoker ölkəsinin “ədalətli və davamlı sülhə aparan bütün təşəbbüsləri dəstəklədiyini” bəyan edib. Vyana, ATƏT kimi beynəlxalq təşkilatların mərkəzi olduğu üçün diplomatik müstəvidə güclü mövqeyə malikdir və Avstriya neytrallıq ənənəsi ilə tanınır.

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neytral meydança kimi müzakirə olunur. Euronews-un məlumatına görə, Qətər dəfələrlə müxtəlif beynəlxalq münaqişələrin həllində vasitəçi rolunu oynayıb və Ukrayna-Rusiya müharibəsində də deportasiya olunan ukraynalı uşaqların geri qaytarılması məsələsində iştirak edib. Qətərin xarici siyasətində vasitəçilik əsas prinsip sayılır və bu ölkə 2020-ci ildə Talibanla ABŞ arasındakı Doha razılaşmasına ev sahibliyi etməklə nüfuz qazanıb. BƏƏ isə əsir mübadiləsi və humanitar məqsədlərlə əlaqələrin qurulmasında aktiv rol oynayıb; bu, onun Moskva ilə dialoq kanallarının açıq qalmasını təmin edir.

Son illərdə Türkiyə bir neçə dəfə vasitəçi rolunu oynayıb. Prezident Zelenski əvvəlcə Donbasda görüş təklif etsə də, bu baş tutmayıb. 2025-ci ilin mayında o, Türkiyəyə səfər edib, lakin Putin görüşə qatılmayıb. Səudiyyə Ərəbistanı da mart ayında ABŞ nümayəndələri, ukraynalılar və ruslarla ayrı-ayrılıqda görüşlər keçirib, bura da görüş yerinin rəsmi variantı olaraq qalmaqda davam edir. Putin isə Moskvada görüş təklif edib, lakin Zelenski bu ideyanı dərhal rədd edib; Trump administrasiyası da Moskvanı qəbul olunmaz hesab edir. 

Beləliklə, hal-hazırda danışıqların keçirilməsi üçün İsveçrə (Cenevrə) və Macarıstan (Budapeşt) ən real variantlar kimi önə çıxır. İsveçrənin neytrallığı və BMT strukturlarına ev sahibliyi etməsi, eyni zamanda Cassis-in Putinə diplomatik immunitet vəd etməsi bu seçimi gücləndirir. Budapeşt isə ABŞ administrasiyasının dəstəyi ilə gündəmdə olsa da, Macarıstanın Rusiyaya yaxınlığı və Zelenskinin ehtiyatlı münasibəti bu variantı mübahisəli edir. Avstriya, Qətər və BƏƏ kimi alternativlər də mövcuddur.

Qısacası, görüş yeri nə olursa olsun, bu, təkcə coğrafi seçim deyil, həm də sülh prosesinin əsas indikatoru olacaq. Təhlükəsizlik təminatları, hüquqi öhdəliklər və diplomatik mənafelər arasında tarazlıq tapmaq danışıqların müvəffəqiyyəti üçün həlledicidir.

Əli Qədimov, hüquqşünas, müstəqil tədqiqatçı

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)