
İkinci Dünya Müharibəsi insanlıq tarixinin ən qanlı və dağıdıcı fəlakətlərindən biri idi. Bu müharibənin arxasında yüzlərlə şəhərin adı var, amma elə bir şəhər var ki, onun adı nə mühasirəyə düşdü, nə bombalanıb xarabazara çevrildi, amma qələbənin taleyini həll edən əsas dayaqlardan biri oldu. Bu şəhər – Bakıdır.
1941–1945-ci illərdə SSRİ ordusunun döyüş meydanlarında irəliləməsini təmin edən əsas güc təkcə silah yox, həm də yanacaq idi. Bu yanacağın isə 70–75 faizi bir şəhərdən – Bakıdan çıxarılırdı. 75 milyon ton neft məhsulu cəbhəyə göndərildi. Qızıl Ordunun tankları, təyyarələri, zirehli texnikası və yük maşınları Bakı benzini ilə hərəkət edirdi. Sadəcə bir fakt: Stalinqrad döyüşündə istifadə olunan yanacağın demək olar ki, hamısı Bakıdan gedirdi. Bakı olmasaydı, SSRİ ordusunun təkərləri də dönməzdi, silahlar da işə düşməzdi.
1942-ci ildə Hitler “Edelweiss əməliyyatı” adlanan xüsusi planla Qafqaza doğru hücuma keçdi. Məqsəd birbaşa idi: Bakı neftini ələ keçirmək. Alman ordusu Mozdoka, Qroznıya qədər irəlilədi. Bakı artıq düşmən xəritələrində işarələnmişdi. Sovet rəhbərliyi isə şəhərin müdafiəsi üçün fövqəladə plan hazırlamışdı. Əgər düşmən yaxınlaşsaydı, neft quyuları, zavodlar, hətta Xəzər dənizindəki platformalar partladılacaqdı. Bu, o dövrün “qurban verməklə qurtulmaq” planı idi. Şükür ki, o mərhələyə gəlinmədi.
Müharibə kişiləri cəbhəyə apardı, amma zavodları, neft quyularını, hərbi istehsalatı kimlər işlədirdi? Qadınlar, qocalar və uşaqlar. Onlar gecə-gündüz işlədi. Bakı işıqsız qaldı, qaranlıqda fəaliyyət göstərdi – düşmən təyyarələrinin hədəfinə çevrilməsin deyə. Amma bu qaranlıqda belə Bakı nəfəsini kəsmədi.
1942–1943-cü illərdə minlərlə ukraynalı, belarus və rus ailəsi faşist işğalından qaçaraq Azərbaycana, əsasən Bakıya sığındı. Bakı bu insanlara ev verdi, iş verdi, çörək verdi. Onlar yerli əhali ilə çiyin-çiyinə işlədilər. Bakı yalnız neft vermədi, həm də insanlıq dərsi verdi.
600 mindən çox azərbaycanlı müharibəyə yollandı. Onların yarısı geri qayıtmadı. 42 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 14 nəfər “Şöhrət” ordeninin bütün dərəcələrinə sahib oldu.
Bəzi adlar tarixə qızıl hərflərlə yazıldı:
İsrafil Məmmədov – ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanov – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru.
Mehdi Hüseynzadə – partizan, əfsanəvi qəhrəman, ölümündən sonra qəhrəman elan olundu.
Əhmədiyyə Cəbrayılov – Fransada faşistlərə qarşı vuruşan azərbaycanlı partizan.
Ziya Bünyadov – Sovet İttifaqı Qəhrəmanı, sonradan hərbi tarixçi və alim.
Müharibədən sonra Bakı “Lenin ordeni” ilə təltif olundu. Amma şəhərə “Qəhrəman şəhər” adı verilmədi. Bu fəxri ad daha çox işğala, mühasirəyə dözmüş şəhərlərə – Moskva, Leninqrad, Kiyev, Sevastopol kimi mərkəzlərə verildi. Bakı isə görünməz qəhrəman oldu. Səngərdə yox, zavodda döyüşən, amma tarixdə unudulan qəhrəman.
Ilkin Hüseynov
Jurnalistlər Birliyinin üzvü
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva