
Onurğa sütunu insan bədəninin əsas dayağıdır və onun sağlamlığı bütün orqanizmin fəaliyyətinə təsir göstərir. Xüsusilə oturaq həyat tərzi keçirən insanlar – ofis işçiləri, sürücülər və kompüter qarşısında uzun müddət çalışan şəxslər – onurğa problemləri ilə daha çox üzləşirlər.
Bu barədə yenifikir.media-ya açıqlama verən həkim-vertebroloq, onurğa və dayaq-hərəkət sistemi üzrə uzman Nicat Məhərrəmov bildirib ki, onurğa sütunu insan anatomiyasının ana sütunu sayılır:
“Onurğa bütün orqanların birləşməsində, skelet quruluşunun formalaşmasında və bədənin dayaq funksiyasının təmin olunmasında mühüm rol oynayır. Onun quruluşu qığırdaq və sümük toxumalarından ibarətdir. Əzələlərlə sıx əlaqədə olduğu üçün insanın dayaq-hərəkət sistemini tənzimləyir, bədəni balanslaşdırır”.
Nicat Məhərrəmovun sözlərinə görə, müasir dövrdə onurğa xəstəlikləri, xüsusən də bel yırtıqları və protruziyalar sürətlə yayılıb:
“Bu problemlər daha çox oturaq həyat keçirən şəxslərdə rast gəlinir. Boyundan büzdümə qədər uzanan iki əsas əzələ qrupunun hərəkətsiz qalması və zəifləməsi nəticəsində skalioz, kifoz, lordoz kimi xəstəliklər meydana çıxır”.
Həkim həmçinin qeyd edib ki, qidalanma da onurğa sağlamlığına birbaşa təsir edir:
"Genetik olaraq dəyişdirilmiş, GMO tipli qidalar orqanizmin hüceyrə strukturuna mənfi təsir göstərir. Qaraciyər onurğa üçün lazım olan fermentləri kifayət qədər hazırlaya bilmir, metabolik proseslər pozulur. Nəticədə xəstəliklər qəfil inkişaf edə bilir. Bəzən adi bir soyuqdəymədən sonra belə kəskin ağrılar ortaya çıxır və MRT, USM müayinələrində ciddi problemlər aşkarlanır”.
Onurğa sağlamlığını qorumaq üçün mütəxəssis sadə, amma təsirli vərdişlərə əməl etməyi tövsiyə edir:
“Gündəlik hərəkət çox vacibdir. Xüsusilə səhərlər yüngül gəzinti, dartınma, elastiklik məşqləri, turnikdə dartınma və üzgüçülük onurğa üçün ən faydalı idman formalarıdır”.
Uşaqlarda da onurğa problemlərinin artdığını bildirən Məhərrəmov vurğulayıb ki, ağır məktəb çantaları, passiv həyat tərzi və mineral çatışmazlığı əsas səbəblərdəndir:
“Statistikaya görə, Azərbaycanda ürək-damar xəstəliklərindən sonra onurğa və qığırdaq xəstəlikləri ikinci yerdədir”.
Sonda həkim Çin təcrübəsindən bir yanaşmaya diqqət çəkib:
“Pekində belə bir baxış var: onurğa sütunu bambuq kimi həm möhkəm, həm də elastik olmalıdır. Əgər elastiklik itərsə, çox ciddi fəsadlar yaranır və bu gün rast gəldiyimiz xəstəliklərin əksəriyyəti məhz bunun nəticəsidir”.
Rail İbrahim
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva