Dünyanın diqqəti üç liderdə: Putin, Tramp və Zelenski danışıqlar ərəfəsində

Alyaskadakı sammitdən və Vaşinqtondakı görüşdən sonra Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında üçtərəfli formatda danışıqların keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu barədə Ali Radanın milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin üzvü Fedor Venislavskiyə istinadən UNİAN (Ukrayna mətbuatı) məlumat yayıb.

“Düşünürəm ki, Alyaskadakı sammitdən və Vaşinqtondakı görüşdən sonra belə bir görüşün baş tutma ehtimalı kifayət qədər yüksəkdir. Ümid edirəm, bu, məhz prezident Trampın iştirakı ilə üçtərəfli formatda olacaq. Hətta ən ideal variant odur ki, görüşdə Avropa tərəfdaşlarımız, Avropa ölkələrinin liderləri də iştirak etsin... Məncə, məhz bu ayın sonuna qədər, avqustun sonuna, növbəti 10 gün ərzində belə bir görüşün baş tutma ehtimalı kifayət qədər böyükdür”, — deyə Venislavski bildirib.

Yenifikir.media rus mətbuatına istinadən xəbər verir ki, danışıqlarda tərəflər hərbi əməliyyatların dayandırılmasına nail olmağa çalışacaqlar. Bundan sonra isə Ukrayna üçün nə qəbulolunandır, nə qəbuledilməzdir və prezident Vladimir Putinin nə istədiyi daha aydın görünəcək, — deyə deputat qeyd edib.

Bundan əvvəl Sky News telekanalı Putinlə Zelenskinin görüşünün Cenevrə və ya Romada keçirilə biləcəyini xəbər vermişdi.

Eləcə də, BFMTV kanalı Agence France-Presse-ə istinadən bildirmişdi ki, Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Zelenski ilə Moskvada sammit keçirməyi təklif edib. Lakin həmin mənbələrin məlumatına görə, Zelenski Putinin Moskvada görüşmək təklifinə imtina cavabı verib.

Avqustun 19-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib ki, Putinlə Zelenskinin görüşünün keçirilə biləcəyi çoxsaylı variantlar var. O, dəqiqləşdirib ki, ABŞ hazırda bu məsələni hər iki tərəflə müzakirə edir.

Bundan əvvəl Dövlət Dumasında Budapeştin Ukrayna ilə bağlı danışıqlar üçün münasib məkan ola biləcəyi qeyd olunmuşdu.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)