Şəhidin məzarına toxunan əslində öz vicdanını dəfn edir

Hörmətli həmvətənlər,

Azərbaycan xalqının vicdanına ağır toxunan hadisə — şəhidlərimizin uyuduğu müqəddəs məkanlarda baş verən hörmətsizlik — təkcə qanunlara qarşı deyil, həm də xalqımızın mənəviyyatına qarşı yönəlmiş ağır bir cinayətdir. Bu, sadəcə bir qəbir daşına toxunmaq deyil, millətin yaddaşına, ruhuna zərbə vurmaqdır.


Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan ləyaqətini, milli dəyərləri və müqəddəs məkanların toxunulmazlığını qətiyyətlə qoruyur. Bu əməllər ictimai asayişin pozulması ilə yanaşı, Cinayət Məcəlləsinin sərt şəkildə cəzalandırdığı bir cinayət aktıdır.

Daxili İşlər Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları çevik reaksiyaları ilə sübut etdilər ki, dövlətimiz belə əməllərə göz yummur və yummayacaqdır. Burada xüsusilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şəxsən təşəkkürümü bildirirəm. Onun verdiyi qətiyyətli əmrin ruhunu belə təsəvvür edirəm:

"Əmr qəti və təxirəsalınmazdır! O alçaqlar dərhal saxlanılsın və mənə məruzə edilsin!"

Bu səs, əslində, qanunun, dövlətin və ədalətin səsi idi.

Mənim şəxsi qənaətim odur ki, belə bir iyrənc hərəkəti edən şəxslər böyük ehtimalla narkotik vasitələrin təsiri altında olmuşlar. Bu, mənim subyektiv fikrimdir, lakin hadisənin təbiəti, davranışların mənasızlığı və insanlıqdan uzaqlığı belə bir ehtimalı gücləndirir. Daimi narkotik asılılığı insanı mənəvi boşluğa, hüquqa və mənəviyyata qarşı düşmən bir hala gətirir.

Hadisənin ən ağrılı tərəfi odur ki, bu hörmətsizliyi edənlərin hamısı İslam ölkələrindən gələn şəxslərdir. Onlar çox yaxşı bilirlər ki, İslam dini şəhidliyi uca bir zirvə, müqəddəs bir məqam kimi qəbul edir. Qurani-Kərimdə açıq buyurulur:

"Allah yolunda öldürülənləri ölü zənn etmə! Onlar diridirlər, Rəbbinin yanında ruzi görürlər." (Ali-İmran, 169)

Bu ilahi kəlamdan sonra heç bir müsəlman öz vicdanına sığışdırıb şəhid məzarına əl uzada bilməz. Bu hərəkət sadəcə qanunu və mənəviyyatı tapdalamaq deyil, həm də İslamın öz mahiyyətinə, onun fəlsəfi dərinliyinə kölgə salmaqdır.

Müsəlman ölkəsindən gələn, dinin əsaslarını bilən bir şəxsin şəhid müqəddəsliyinə qarşı belə bir vicdansızlıq etməsi ikiqat cinayətdir

David Seliverstov - Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri, Beynəlxalq hüquq müdafiəçisi. 

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)