Şəhid mayor Vüsal Vəliyevin qardaşı qanunvericilikdə yeni maddə təklif etdi

Şəhid mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə etdiyi paylaşımda şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericiliyə xüsusi maddə əlavə edilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, Ali Baş Komandan və Birinci vitse-prezident daim şəhid ailələrinə qayğı göstərirlər. Lakin qanunvericilikdə şəhidlərin şərəf və ləyaqətinin müdafiəsini təmin edən ayrıca müddəa mövcud deyil.

Elyar İslamoğlunun sözlərinə görə, şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verən şəxslərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirəyə çıxarılmalı və bununla bağlı müvafiq qanun qəbul edilməlidir.

“Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir”, – deyə o bildirib.

Elyar İslamoğlu bütün şəhid ailələrinin adından təklif edib ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunmasına dair ayrıca maddə əlavə edilsin.

 

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)