Otuz ildən sonra Laçında...

Otuz ildən artıq bir müddətdir həsrətini çəkirdik. Açığı, heç vaxt ağlımıza gəlməzdi ki, bir gün dostlarla yığışıb Laçına istirahətə gedəcəyik. Bu sözlər, bəlkə, adi görünür, amma içində illərin yanğısı, illərin göz yaşları var.

Yola çıxanda hamımızın üzündə təbəssüm vardı, amma ürəyimizdə başqa duyğular gizlənmişdi. Sanki hamımız eyni şeyi düşünürdük, amma dilləndirə bilmirdik. Yol boyu dağlara, dərələrə baxdıqca kövrəlirdik. O torpaqların hər qarışı bizə həm ağrı, həm də qürur yaşadırdı.

Laçına çatanda sözlər boğazımızda düyünləndi. Elə bil ki, ömrümüz boyu içimizdə gizlətdiyimiz həsrət birdən-birə göz yaşına çevrildi. Azad torpaqda dayanmaq, nəfəs almaq, dostlarla birgə orada olmaq – bu duyğuları sözlərlə ifadə etmək çətindir.

Bu gün biz Laçında azad gəzə biliriksə, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına baş verib. Onlar olmasaydı, biz hələ də torpaqlarımıza həsrət qalmışdıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə möhkəm cansağlığı versin. Onlar bizim gözümüzün nurudur, sabahımıza işıq salan qəhrəmanlardır.

Laçında quruculuq işlərini görəndə insanın qəlbi fərəhlə dolur. Hər tərəfdə abadlıq, yeni yollar, evlər, məktəblər... Hər daşın, hər kərpicin altında böyük zəhmət və böyük sevgi var. Bu, sadəcə tikinti deyil, bir millətin yenidən doğuluşudur.

Laçından qayıdanda isə hər kəs sanki sevincindən uşaqlaşmışdı. Hamı oxuyur, oynayır, şeir deyirdi; bir anlıq hər kəs uşaqlaşmışdı. Həmin an onların içindəki saf sevinci hiss etmək mümkün idi.

Bu qüruru bizə yaşadan Prezidentimizə də Tanrıdan uzun ömür və cansağlığı diləyirəm. Onun qətiyyəti olmasaydı, biz bu sevinci yaşamazdıq.

Dostlarla orada dayananda heç kim danışmırdı. Sadəcə bir-birimizin gözlərinin içinə baxırdıq. O gözlərdə həm sevinc, həm də kədər vardı. Bəzən insanın yaşadığı hissləri izah etməyə söz çatmır. Biz də həmin anı yaşadıq.

Bircə cümlə keçir ürəyimdən:

“Otuz ildən sonra Vətənimin azad torpağında olmaq yaşadığım ən böyük xoşbəxtlikdir”.

Tural Qoca

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)