Trump – Putin görüşünün legitimliyinin təhlili: “Pacta tertiis nec nocent nec prosunt” prinsipi kontekstində

Beynəlxalq hüquq sistemində legitimlik anlayışı dövlətlərarası münasibətlərin əsasını təşkil edən normativ və əxlaqi müstəvilərdə formalaşır. Xüsusilə münaqişələrin həlli və sülh sazişlərinin imzalanması zamanı bu anlayışın aktuallığı daha da artır. Hüquqi legitimliyin ən fundamental prinsiplərindən biri olan pacta tertiis nec nocent nec prosunt qaydası (yəni “müqavilələr üçüncü tərəflərə nə ziyan vura, nə də fayda gətirə bilər”) beynəlxalq müqavilələr hüququnun üstün normalarından biri kimi qəbul edilir və 1969-cu il Vyana Konvensiyasının 34-cü maddəsində təsbit olunmuşdur.

Bu prinsip kontekstində 15 avqust 2025-ci ildə Alyaskada baş tutmuş Trump – Putin görüşü hüquqi və siyasi diskussiyalara səbəb olmuşdur. Görüş rəsmi nəticə doğurmasa da, onun mümkün hüquqi nəticələri, xüsusilə də Ukraynanın iştirakı olmadan bağlana biləcək hər hansı sazişin legitimliyi məsələsi beynəlxalq hüquq nəzəriyyəsi üçün ciddi müzakirə mövzusudur. Yəni, Ukraynanın iştirakı olmadan bağlanacaq hər hansı razılaşma beynəlxalq hüquq baxımından hüquqi qüvvəyə malik ola bilərdimi?

Bu yazımızda sözügedən sual beynəlxalq hüququn normativ bazası, legitimlik konsepsiyası və praktiki nəticələr çərçivəsində təhlil edəcəyik.

Beynəlxalq hüquqda legitimlik yalnız siyasi qəbul və ya faktiki qüvvəyə əsaslanmır, həm də hüquq normalarının və prinsiplərin uyğunluğu ilə ölçülür. Müqavilələrin legitimliyi, bir tərəfdən dövlətlərin müqavilə bağlama azadlığına, digər tərəfdən isə beynəlxalq hüququn məhdudlaşdırıcı prinsiplərinə əsaslanır. Burada hüquqi qüvvənin tərəflərin razılığı ilə yanaşı, eyni zamanda üçüncü tərəflərin hüquqlarının və beynəlxalq ictimaiyyətin maraqlarının nəzərə alınması ilə müəyyənləşməsi mühüm rol oynayır. Buna görə Ukraynanın iştirakı olmadan bağlanacaq saziş beynəlxalq hüquq baxımından qəbul edilə bilməz. Bu prinsip 1969 Vyana Konvensiyasında təsbit edilmişdir.

Müqavilələrin legitimliyi eyni zamanda ius cogens normaları ilə məhdudlaşdırılır. Bu normalar dövlətlərin müqavilə bağlama azadlığını aşan, beynəlxalq ictimaiyyətin bütövlükdə tanıdığı məcburi hüquqi çərçivəni formalaşdırır. Buraya dövlətlərin suverenliyinin toxunulmazlığı, ərazi bütövlüyü, güc tətbiqinin və ya güclə hədələmənin qadağan olunması kimi fundamental prinsiplər daxildir. İus cogens normalarına zidd olan hər hansı razılaşma hüquqi baxımdan etibarsızdır, istər tərəflərin razılığı olsun, istərsə də olmasın.

Beynəlxalq münasibətlərdə əxlaqi və siyasi amillər də dövlətlərarası sazişlərin qəbul olunması və dayanıqlılığı üçün həlledici rol oynayır. Tramp – Putin görüşü kontekstində bu məsələ xüsusilə aktualdır, çünki qəbul oluna biləcək sazişin hüquqi etibarlılığı formal meyarlara cavab versə də, onun beynəlxalq aləmdə qəbul olunması əxlaqi əsasların təmin edilməsindən asılıdır.

Beynəlxalq siyasətdə legitimliyin mühüm göstəricilərindən biri tərəflərin güc balansı və siyasi çəkisidir. ABŞ və Rusiya kimi böyük güclərin razılığa gəlməsi müəyyən beynəlxalq təsir doğursa da, bu, əxlaqi legitimlik üçün kifayət deyil. Çünki güc əsasında əldə olunmuş sazişlər çox vaxt “qalibin hüququ” prinsipi ilə qiymətləndirilir və davamlı sülhün təmininə zəmanət vermir.

Digər tərəfdən legitimliyin təməl prinsiplərindən biri bütün maraqlı tərəflərin razılığıdır. Ukraynanın iştirak etmədiyi bir razılaşma yalnız hüquqi baxımdan deyil, həm də əxlaqi və siyasi müstəvidə problemli olacaq. Bu hal beynəlxalq hüquqda “consent of the parties” (tərəflərin razılığı) prinsipinin pozulması kimi qəbul edilə bilər və razılaşmanı faktiki olaraq siyasi böhran mənbəyinə çevirə bilər.

Lon L. Fuller-in “hüququn daxili əxlaqı” konsepsiyasına görə, hüquq normaları yalnız formal qaydalara deyil, həm də daxili əxlaqa – ədalətlilik, ümumilik, sabitlik, aydınlıq və icra oluna bilənlik kimi prinsiplərə uyğun olmalıdır. Ukraynanın iştirak etmədiyi bir saziş, hərçənd formaca hüquqi sənəd ola bilər, lakin bu, Fuller-in daxili əxlaq prinsiplərinə zidd düşəcək. Beləliklə, saziş beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək və legitimlik böhranı dərinləşəcək.

Dolayısı ilə, əxlaqi və siyasi legitimlik hüquqi legitimlik qədər əhəmiyyətlidir. Tramp – Putin görüşünün nəticəsində yarana biləcək hər hansı razılaşmanın davamlı və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməsi üçün yalnız güc balansı deyil, həm də ədalət, iştirak və daxili əxlaq prinsiplərinin təmin edilməsi vacibdir.

Hüquq nəzəriyyəsi çərçivəsində bu görüş “legitimlik” anlayışının müxtəlif aspektlərini işıqlandırır:

Normativ legitimlik – dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn ayrılmaz komponenti olduğundan, Ukraynanın razılığı olmadan hər hansı saziş normativ baxımdan qeyri-legitimdir.

Əxlaqi legitimlik – Fuller-in “hüququn daxili əxlaqı” konsepsiyasına əsasən, hüququn davamlılığı, qarşılıqlı etimad və iştirakçılıq prinsipləri pozulduqda, əldə edilə biləcək razılaşma əxlaqi legitimlikdən məhrum olur.

Bu baxımdan, Ukraynanın iştirakı olmadan bağlanacaq saziş beynəlxalq hüquq baxımından qəbul edilə bilməz.

Beləliklə, Trump – Putin görüşü hüquqi və nəzəri müstəvidə dövlətlərin maraqları ilə beynəlxalq hüququn prinsipləri arasındakı tarixi gərginliyi göstərir. Bu, bir tərəfdən güc siyasətinin, digər tərəfdən isə hüququn universal normalarının toqquşmasıdır.

Beynəlxalq hüquq dövlətlərin davranışını tənzimləmək üçün universal prinsiplər müəyyən etsə də, geosiyasi reallıqlar çox vaxt bu normaların tətbiqini çətinləşdirir. Xüsusilə güclü dövlətlərin maraqları beynəlxalq hüququn obyektiv icrasını zəiflədə, hətta hüquqi prinsipləri ikinci plana ata bilər.

Beynəlxalq münasibətlər tarixində güc balansı çox vaxt hüququn tətbiqində selektiv yanaşmaya səbəb olmuşdur. Məsələn, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik daimi üzvlərin davranışı göstərir ki, hüquq normalarının icrası bəzən onların siyasi maraqlarından asılı olur. Bu, beynəlxalq hüququn legitimliyini və universallığını zəiflədən əsas amillərdəndir.

Hüquq və siyasət arasındakı qarşılıqlı münasibət burada xüsusi önəm daşıyır. Hüquq normativ sabitlik və legitimlik təmin etməyə çalışdığı halda, siyasət çox vaxt güc, maraq və təsir üzərində qurulur. Trump – Putin görüşü nümunəsində də aydın olur ki, hüquq prinsiplərinin effektivliyi yalnız siyasi reallıqlar nəzərə alındıqda və tərəflərin razılığı əsasında möhkəmləndikdə dayanıqlı ola bilər.

Əxlaqi və siyasi müstəvidə isə bu cür razılaşma ədalət, tərəflərin razılığı və beynəlxalq hüququn daxili əxlaqı prinsiplərinə ziddir. Ukraynanın iştirakı olmadan qəbul ediləcək qərar beynəlxalq münasibətlərdə etimad böhranını dərinləşdirəcək, həmçinin geosiyasi reallıqların hüquq normaları üzərində üstünlük qazanması təhlükəsini gücləndirəcəkdir.

Qısacası, Trump–Putin görüşündə mümkün razılaşmalar yalnız tərəflərin qısa müddətli siyasi maraqlarını təmin edə bilər, lakin beynəlxalq hüququn legitimlik meyarlarına cavab vermədiyi üçün uzunmüddətli sabitlik yaratmaq gücündə olmayacaqdır. Bu vəziyyət bir daha göstərir ki, beynəlxalq hüquqda dayanıqlı həllərin əsas şərti tərəflərin bərabər iştirakı, ius cogens normalarına hörmət və hüquqi ilə əxlaqi legitimliyin uzlaşdırılmasıdır.

Əli Qədimov,Hüquqşünas, müstəqil tədqiqatçı

Yenifikir.media






© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)