Şəhidlər ölməz, Vətən bölünməz!- Məhəmməd Nərimanoğlu yazır

BOYANIB QANA, YATIR

Fariz Rəşid oğlu Sarıyevin şərəfli ömür və döyüş yolunun SON NÖQTƏSİ

Kəlbəcərin Zülfüqarlı kəndi. Bu kənddə Farizin ata evini tanıyanlar tanıyır, tanımayanlara tanıtmayaçağam. Bu kəndə yolu düşənlər baxan kimi tanıyacaqlar. Aradan illər keçsə də tanınacaq o ev, o həyət, o dam-daş. O həyətin həndəvərindən keçən biləcək ki, buradan şəhid çıxıb. Burada bir ana üç qızı ilə baş-başa verib oğul ağlayıb, qardaş haraylayıb. Bu həyətdə bir kişi əl ağacına dayanıb, toy mağarı əvəzinə vay mağarı quranlara baxa-baxa qalıb…

Fariz bu evdən – ata ocağından sonuncu dəfə çıxıb «öz evinə» gedib. Ata evindən ömürlük çıxıb, son mənzilinə səfər eləyib. Atası toy çaldırmamış, bacıları toyunda oynamamış, bəy taxtında oturmamış gedib Fariz…

Zülfüqarlı kəndi Farizdən əvvəl Şahlar kimi igid itirdiyinə görə qan ağlayırdı, indi isə qoşa şəhid oğullarının yasını saxlayır.

Sarıyev Fariz Rəşid oğlunun qulluq etdiyi hərbi hissədə indi onun beş-on kəlməlik tərcümeyihalı qalıb. Tərcümeyi-halda yazılıb ki, 1973-cü ildə Kəlbəcərin Zülfüqarlı kəndində kolxozcu ailəsində anadan olub. 1990-cı ildə Zülfuqarlı kənd orta məktəbini bitirib. 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Farizin anası, bacıları, qardaşları yayda ağlayıblar. Doyunca ağlaya biliblər. Aradan nə keçib, nə keçməyib, bilmirəm, indi də mən ağlayıram. O zaman dil-ağız ağlayırdı, indi isə qələm-kağız ağlayır. Allah, sən saxla, ağı-ağıya qarışıb. Mən yox, ağlaya bilmirəm. İndi qışdı. Fəsillərin qışı kimi, talelərin, qismətlərin də qışı olur. Şəhid balaların talelərinin qışıdı. Ağlamaq olmur. Göz yaşları donub. Donuq baxışlardakılarını sözə çevirə bilmirəm. Dörd yanım doludu bu baxışlarla.

Farizin balaca bir şəklini tapıb böyütmüşəm. Dil-ağzı yoxdu, amma, sanki gözləri ilə hər şeyi danışır:

- Məndən yamanca gec yazdınız. Küsmürəm, ata-anam da küsməz. Unutmamısız. Amma gərək bizi çoxdan itirib- axtaraydılar. Evimizə getməyin. Anamın ürəyi xəstədi. Əvvəllər sapsağlam idi, indi ağrı tarıb… Aradan bir az keçib, xatırlanası nə var ki? Cəmi on doqquz illik bir ömrün yeddi-səkkiz ili uşaqlıq-körpəlik, çağları on ili orta məktəb, yerdə qalan bir ili isə güllə qabağında…

Məni narahat eləyən odu ki, görən Şahlarla məndən savayı kəndimizdən şəhid olmadı ki?

- Yox, Fariz, bəyəm azdı?!

- Niyə elə həsrət çəkdin, ay qardaş?! Heç məni bəlkə də həyatda görməmisən. Bəs gör onda şəhid yiyələri nə haldadı? Darıxmayın, inşallah, az qalıb yağıların ömrünə. Allah qoysa, day şəhidlikdən yazmayacaqsan…

- Təki sən deyən olsun. Vallah, şəhidlərimiz o qədərdi ki, ağlamaqdan anaların gözlərində yaş qalmadı. Nə qədər ağı demək olar? Siz gedəli ruhlarınızla baş-başa verib, ağı deyirik. İstəyirəm ki, ağılarınız bir-birinə oxşamasın, amma olmur. Çünki bir dildən, bir qələmdən, bir ürəkdən gələn ağılardı, çünki bir torpağın üstündə boy atan fidanlar idiniz. Çünki, bir amal uğrunda vuruşurdunuz, bu amal uğrunda da şəhid oldunuz. Ona görə də yazılar oxşar taleləriniz kimi bir-birinə bənzədi.

…Farizin özündən sonra Vətənə, ata-anasına, qardaş-bacılarına qalan yadigarı bir bu ağı, bir də şəhid adıdı. Evli olsaydı, körpəsi qalsaydı, atası-anası şəhid Farizin körpələrini əzizləyərdilər. Ona görə də bu ağını yazdıq ki, qoy Farizin qoşa yadigarlarını – şəhidliyini və ağısını əzizləsinlər…

Rəşid dayı cəbdəyə iki oğul göndərmişdi. Fariz həqiqi hərbi xidmətə çağırılmışdı, Azər isə könüllü batalyonda idi. İstəyirdilər ki, Vətəni yağı tapdağından azad etsinlər. Döyüşlərin qızğın yerlərinə can atan qardaşlar bilirdilər ki, bu yolda qan var, ölüm-itim var, amma, geri dönmək yoxdu. Dönmədilər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər və nəhayət, Ağdərənin Qozlu kəndinə çatanda baxdılar ki, hər yanı qan yağışı bürüyüb. Azər nə qədər elədisə, Farizi çıxara bilmədi o qan yağışının altından.

Evdən qoşa çıxan qardaşların biri qayıtdı, o birisi yox. Azər evə Farizsiz döndü. Ata çıxdı qabağına, Farizi soruşdu:

- Fariz hanı?

Azərin dili tutuldu. Dillənə bilmədi. Deyə bilmədi Farizin getdiyi yolu.

Atanın səsinə ana çıxdı. Dalısınca Farizin o birisi qardaşı Akif çıxdı, bacıları Fəxrəndə ilə Şəhla süründü Azərin ayaqlarına, Farizi soruşdular. Azər dillənmədi, qanlı paltara bükülmüş qardaşını göstərib qıyya çəkdi:

Eləmi hana yatır,

Toxunmaz hana yatır.

Oğluna bax, ay ana,

Boyanıb qana, yatır...

Məhəmməd Nərimanoğlu

Yenifikir.media




© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)