Ədalət qalib gəldi: Separatçıların məhkəməsi və Qarabağ şəhidlərinin xatirəsi

Erməni separatçılarından Arkadi Qukasyan və digər şəxslərin məhkəmə prosesində növbəti dəfə iştirak etdim. Xalqımıza və dövlətimizə qarşı müxtəlif ağır cinayətlər törətmiş bu şəxslərin həbs olunaraq Azərbaycanda mühakimə olunması, əslində, Qarabağın azad edilməsi kimi böyük nailiyyətlərimizdəndir. Separatçıların məhkəməsində zərərçəkmişlər ifadə verir, faktlar təqdim olunur, şahidlər dinlənilir. Yüksək səviyyədə təşkil olunmuş məhkəmənin tamamilə ədalətli keçirildiyini bir daha müşahidə etdik.

Bir qədər əvvəl məhkəməsində iştirak etdiyim Bako Saakyan kimi Arkadi Qukasyan da törətdiyi cinayətlərə cavab verir. Faktlar, şahid ifadələri, hakim və prokurorların təkzibedilməz ittihamları qarşısında çarəsiz qalan müqəssirlər yalnız uzun şərhlərlə və söz oyunları ilə özlərini müdafiə etməyə çalışırlar. Lakin etdikləri əməllərin etirafı üzlərindən oxunur. Bir zaman Qarabağda dağlarda qüvvə göstərənlər bu gün Bakıda məhkəmə qarşısında bürüşürlər.

Bako Saakyan və Arayik Arutyunyan keçən məhkəmədə 44 günlük müharibə zamanı Azərbaycana qarşı təcavüz və silahlı birləşmələrin fəaliyyəti barədə suallara özlərini məlumatsız göstərməyə çalışsalar da, istintaq faktları və təqdim olunan sübutlar qarşısında boyunlarını bükməkdən başqa çarələri qalmadı.

Zülmün, təcavüzün və işğalın axırı budur. Bu məhkəmə prosesləri həm də bir ibrət dərsidir, İlahi ədalətin təntənəsidir. Dövlətimizin qüdrətinin və dövlət başçısının qətiyyətinin nəticəsidir.

Yüzlərlə insan məhkəmələrdə iştirak edir, zalımların mühakiməsini izləyir, şəhidlərə rəhmət oxuyur və bu mənzərəni görməyə nəsib olduğuna görə Allaha şükür edir.

1992-ci il dekabrın 29-da İcevan rayonunun Lələkənd kəndində 40-a yaxın igidimizin erməni faşistləri ilə qeyri-bərabər döyüşdə şəhid olduğunu, çoxlarının filmlərdə izlədiyi mənzərəni canlı görmüşəm. Qazaxın 7 kəndinin işğalının ən xırda detallarına qədər məlumatlıyam.

Qazax döyüşləri daha dəhşətli və qanlı idi, çünki əhali çıxmır, dirənirdi. Hər gecə başımıza Qrad yağırdı. İşğal edilən kəndlər anklav idi, əks halda ala bilməzdilər. Bağanıs Ayrımda insanları yandırmağa çalışsalar da, əhali torpaqları boşaltmaq istəmirdi. Lələkənddə də elə oldu. Tanıdığım oğulların da olduğu 32 nəfər xüsusi əməliyyat zamanı tələyə düşdü. 4 saata yaxın döyüş getdi, arxadan kömək gəlmirdi və mərd oğulların gülləsi bitdi. Gözümün önündə qara tüstü əvəzinə igidlərimizin son nərəsi Vəlixan meşələrində əks-səda verdi.

Avtomat və pulemyotlarla silahlanmış qardaşlarımız ermənilər tərəfindən iri çaplı silahlarla qarşılanırdı. 4 saatlıq atışmanı nəfəs tutaraq izlədim. Sonda “bizimkilər qalib gəldi” deyə sevinməyə hazırlaşarkən ermənilərin sevinc atəşləri ürəklərimizi qana boyadı. Bu gün məhkəmədə o hisslər yenidən canlandı, gah qəhərləndim, gah qürurlandım.

Uşaqlığım müharibə içində, güllə və mərmi altında keçdi. Pulemyotların atəş səsi ilə yatıb Qrad yağışına oyandım. Uşaqlıq yaşamadım, amma bərkidim, daşa və qayaya çevrildim. Camaatın mərmi altında səbr etməsindən qorxmamağı, dirəniş göstərməsindən dəyanəti və ölümün üstünə əl yalın getməyin cəsarətini öyrəndim.

Bu gün məhkəməni izləyərkən atəşlər altında keçən uşaqlığım gözümün önünə gəldi.

Nəhayət, ədalət qalib gəldi. Təki Azərbaycan yaşasın. Vətən sağ olsun!

 Tural İrfan, İlahiyyatçı – Yazar


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)