"907-ci düzəlişin ləğvi ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsinin mühüm göstəricisidir" - Eldəniz Əmirov

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə sülh sazişinin paraflanması ilə yanaşı, 907-ci düzəlişin ləğvi də Cənubi Qafqazın gələcəyini müəyyən edəcək əsas məsələlərdən biri oldu.

Görüşdə həmçinin Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafı ilə bağlı bir sıra vacib mövzular ətraflı şəkildə müzakirə edildi.

Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında 907-ci düzəlişin ləğvinin ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını vurğuladı. İqtisadçı ekspert Eldəniz Əmirov yenifikir.media üçün mövzunun iqtisadi aspektlərini geniş şərh etdi. Ekspert qeyd edir ki, 907-ci qətnamənin qüvvədən düşməsi və ləğvi ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsinin mühüm göstəricisidir. Bu addım ümumilikdə müsbət qarşılanır. Lakin Cənubi Qafqazda güc balansında əhəmiyyətli dəyişikliklərin baş verməsi ehtimalı azdır. Düzəliş qüvvədə olmasa belə, Azərbaycana 20, 30, 100 milyon manat həcmində böyük maliyyə yardımları ayrılırdı. Bundan əlavə, Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən ƏDV-nin geri qaytarılması proqramı çərçivəsində bu məbləğlərdən dəfələrlə artıq vəsait vətəndaşlara təqdim edilir.

Bu səbəbdən, həmin vəsaitlər Azərbaycan dövlətinin büdcəsinə ciddi yük deyil, daha çox kiçik məbləğ kimi qiymətləndirilir. Əsas təsiri isə psixoloji, mənəvi və siyasi sahələrdə özünü göstərir. Güc balansında əsaslı dəyişikliklərə səbəb olmur və heç bir tərəfi gücləndirib zəiflətmir. Sadəcə, 907-ci düzəlişin ləğvi iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)