Esse-şeir
C. Rubenşteynin “Stalinin son günləri” əsərini oxuyarkən
D. Şostakoviçin mərdanəliyi… Dahi bəstəkar Moisey Vaynberq həbs ediləndə Şostakoviç ona zamin durmağa hazır olduğunu bildirdi. Stalinə məktubunda onu musiqidən başqa heç bir şeyin düşündürmədiyini və bəstəkarın tam günahsız olduğunu yazdı. Məktub yetişdi və Stalin susdu. O, susmağın ustası idi…
Stalinin paranoik nifrəti heç bir hədd-hüdud tanımırdı. Vaynberq həbsdə qaldı. Övladları isə uşaq evlərində… Vaynberqin vayına oturdu sovet ideologiyası…
Stalin müharibədən sonra yəhudi soyqırımını həyata keçirmək haqda planlar qurmuşdu. Voroşilovla Molotov Stalinin bu soyqırımla bağlı qərarına açıq etiraz etmişdilər.
İlya Erenburq antisemit təbliğata qoşulmadı və o bədnam müraciətə qol çəkmədi. Konstantin Simonov isə SSRİ Yazıçılar İttifaqındakı yəhudilərin siyahısını Kremlə ötürmüşdü və onlara “ölü yük” damğası vurmuşdu.
Bu, həmin Simonov idi ki, 1944-cü ilin iyulunda Maydanekə – əsir düşərgəsinə gedib oradakı qan donduran işgəncə üsulları haqda “Krasnaya zvezda” qəzetinə yazmışdı. O, məqaləsində Avropanın hər bir tərəfindən on minlərlə yəhudinin oraya gətirilərək qaz kameralarında öldürülməsini açıq şəkildə təsvir etmişdi.
Sovet sistemi mərdi namərdə çevirmişdi,
məntiqin altını üstünə çevirmişdi,
mələyi iblisə,
iblisi mələyə çevirmişdi…
Simonov isə
“Gözlə məni” dediyi talesiz qadının
dəfninə belə getməmişdi,
Erenburq qətiyyətinə çırpılıb
çilik-çilik olmuşdu…
Moskva panteonu
heç vaxt inşa edilmədi,
Stalinin paranoik nifrəti
buna imkan vermədi qəti.
Leninin sarkofaqı Mavzoleydə qaldı,
Sovet liderləri Kreml divarları arxasında
əbədi “gizlənməyə” məhkum edildi,
bu, gizlənqaç oyunu deyildi,
onlara “gözlərinizi açın”,
“zaman üstünüzdən keçir, qaçın!” –
deyən olmayacaqdı,
SSRİ-yə rəhbərlik etmiş Malenkov öləndə
qəzetlərdə nekroloq verən olmayacaqdı…
Tarix bu qoca tülkünü dayanacaqda
avtobus gözləyərkən yaxalamışdı,
cibində “Stalin” arağı,
yellənirdi əyyaşsayağı…
Beləcə, zamanın amansız pəncəsi altında
toza çevrildi tiranlar,
faş oldu bütün yalanlar.
Stalinin dəfnində ucsuz-bucaqsız izdiham içində ayaqlar altda qalıb ölənlər də olmuşdu. Rus yazıçısı Andrey Sinyavski Moskva küçələrindəki misli görünməmiş qarmaqarışıqlığın şahidi olmuşdu. O, özünün “Gecəniz xeyirə qalsın” avtobioqrafik romanında yazırdı:
“Məlum oldu ki, ölmüş adam hələ də ziyan vurmaq qabiliyyətini itirməyib”.
“Həmin gün Moskva küçələrində yüzlərlə, bəlkə də minlərlə ölən vardı. Hərbi maşınlar cəsədləri morqlara daşıyırdılar”. Bunu da C. Rubenşteyn yazır.
Mən daha heç nə yazmıram…
22. 10. 2025
KƏNAN HACI
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

