Hər bir alimin, hər bir mütəfəkkirin dünyaya baxışının kökündə onun doğulduğu mühit, aldığı nəfəs və o dövrün ruhu dayanır. Professor Rəhim Əliyevin də bir ədəbiyyatşünas, bənzərsiz bir tənqidçi kimi formalaşması maraqlı və bir o qədər də zəhmətli bir həyat hekayətidir. Onun həyatı 1950-ci illərin əvvəllərində, Bakının o qədim, torpağı və insanı qaynayan Ramana kəndində başlayıb. Bakı kəndlərinin o özünəməxsus ab-havası, insanların dilindəki o təmiz, şirin xalq danışığı gənc Rəhimin daxilində sözə qarşı böyük bir həssaslıq oyatmışdı. Elə bu həssaslıq da onu çox keçmədən universitetin filologiya fakültəsinə gətirib çıxardı. 1970-ci illərin əvvəllərində tələbə olan bu gənc kənardan sakit, təmkinli görünsə də, onun daxilində çox fərqli bir ədəbi üsyan, fərqli bir tənqidçi zəkası formalaşırdı.
O illərdə universitetdə dərslər bəzən çox quru, ədəbi mühit isə rəsmi sovet qaydaları ilə sıxılmış bir vəziyyətdə idi. Lakin Rəhim Əliyev oxuduğu hər mətndə o dövrün standartlarından kənara çıxmağa can atırdı. Tale elə gətirdi ki, ali təhsilini bitirəndən sonra o, dərhal ədəbiyyat meydanına atılmadı, bir müddət əsgər mundiri geyinib zabit kimi xidmət etdi. Bu hərbi nizam-intizam və həyatın sərt üzü onun xarakterindəki o əyilməzliyi, sözün düzünü çəkinmədən demək prinsipiallığını daha da möhkəmləndirdi. O, hərbi xidmətdən qayıdanda artıq həm həyatı, həm də ədəbiyyatı dərindən hiss edən tam yetkin bir gənc idi.
Onun tənqid meydanına gəlişi isə əsl mənada bir cəsarət nümunəsi idi. Təsəvvür edin, 1970-ci illərin ortalarında ədəbi mühitdə Yaşar Qarayev kimi nəhəng bir dağ, bir məktəb var idi. Hamı ondan çəkinir, onun rəyinə ehtiyatla yanaşırdı. Amma gənc Rəhim Əliyev mətbuata elə o nəhəng ustadın əsərini təhlil edərək, ona rəy yazaraq qədəm qoydu. Onun bu hərəkəti kimlərəsə yaltaqlanmaq yox, mətndə həqiqəti axtarmaq istəyindən irəli gəlirdi. Çox keçmədən onun bu səmimi, sərrast və dərin təhlil üslubu böyük ustadların da diqqətini çəkdi.
Rəhim müəllim tənqidçi kimi fəaliyyətə başlayanda Azərbaycan poeziyasında sanki bir durğunluq, şablonçuluq hökm sürürdü. Şairlərin çoxu qəliblərlə yazır, süni şüarlar irəli sürürdülər. Rəhim Əliyev isə tənqidçi qələmini əlinə alıb dedi ki, şeir təbii olmalıdır. Şair oturub masa arxasında riyazi düstur kimi qafiyə düzəltməməlidir; şeir xalqın dilindən, insanın qəlbindən qaynayıb gələn bulaq kimi saf olmalıdır. Onun 1980-ci illərin əvvəllərində işıq üzü görən və o dövr üçün böyük rezonans doğuran ilk kitabının elə “Poeziyanın təbiiliyi” adlanması da təsadüfi deyildi. O, əslində ədəbiyyatı sünilikdən xilas etməyə, onu öz təbii köklərinə qaytarmağa çalışırdı. Bu kitab kiçik olsa da, onun gələcəkdə açacağı böyük cığırların, yazacağı fundamental əsərlərin ilk müjdəçisi oldu. O, tənqidi sadəcə kimisə pisləmək və ya tərifləmək vasitəsi kimi görmürdü, onun üçün tənqid sənət əsərinin ruhuna enmək, onun dil və estetik sirlərini açmaq idi.
Hər bir böyük ədəbiyyatşünasın ömründə elə bir mövzu olur ki, o, həmin mövzuya sadəcə tədqiqat obyekti kimi yanaşmır, öz ruhunu o mövzuya qatır. Rəhim Əliyev üçün də belə bir mənəvi ucalıq dahi dramaturqumuz Cəfər Cabbarlının irsi oldu. 1980-ci illərin sonlarında, hamının Cabbarlı haqqında standart, sovet ideologiyasının çərçivəsindən çıxmayan yazılar yazdığı bir vaxtda Rəhim müəllim tamamilə başqa bir cığır açdı. Onun 1989-cu ildə işıq üzü görən “Cəfər Cabbarlının yaradıcılıq təkamülü” adlı kitabı ədəbi mühitdə sanki bir bomba effekti yaratdı. Bu əsər sadəcə bir monoqrafiya deyildi, Cabbarlının daxili dünyasına, sənət laboratoriyasına enmək cəhdi idi. Alim sübut etməyə çalışırdı ki, Cabbarlı təkcə bir inqilab şairi və ya dramaturqu deyil, o, bədii dildə böyük bir estetik dönüş edən mütəfəkkirdir.
Rəhim Əliyevin bu mövzuya yanaşmasında ən maraqlı cəhət odur ki, o, dahi ədibin əsərlərini klassik qaydalarla – “filan qəhrəman yaxşıdır, bəhman qəhrəman pisdir” deyərək təhlil etmirdi. O, məsələyə sənətkarın dil təkamülü nöqteyi-nəzərindən baxırdı. Alim göstərirdi ki, Cabbarlı öz yaradıcılığı boyu şifahi xalq dilinin o canlı, qaynayan sintaksisini gətirib səhnəyə, dramaturji mətnə qoymağı bacarmışdı. Onun əsərlərindəki o canlı danışıq dili, obrazların dilindəki təbiilik məhz bu təkamülün nəticəsi idi. Biz hamımız Cabbarlının “Oqtay Eloğlu”, “Aydın”, “Sevil” kimi dramlarını sadəcə oxuyub keçmişdik, lakin Rəhim müəllim bu əsərlərin hər birini sənətkarın daxili təkamül prosesinin bir pilləsi kimi qiymətləndirirdi.
O, sübut edirdi ki, Cabbarlı sadəcə dram yazmırdı, o, eyni zamanda dildə böyük bir ad islahatı aparırdı. Oqtay, Aydın, Sevil kimi gözəl milli adların dilimizdə vətəndaşlıq qazanması məhz Cabbarlı dramaturgiyasının təsiri sayəsində mümkün olmuşdu. Rəhim Əliyevin bu tədqiqatı sonralar onun doktorluq dissertasiyasının da əsasını təşkil etdi. Lakin onun bu monoqrafiyası heç bir quru dissertasiya mətninə bənzəmirdi. O, sanki oxucu ilə canlı söhbət edir, Cabbarlı dühasının hələ açılmamış gizli qatlarını bir-bir söküb ortaya qoyurdu. Bu kitab Rəhim müəllimin təkcə tənqidçi yox, həm də çox dərin bir ədəbiyyat nəzəriyyəçisi olduğunu bütün respublika ictimaiyyətinə sübut etdi. O, süni və şablon təriflərdən uzaq qaçaraq, Cabbarlını həm xalqına bağlı bir milli sənətkar, həm də Avropa səviyyəli dramaturji təfəkkürə malik bir ustad kimi yenidən kəşf etdi
Hər bir ədəbiyyatşünasın müəyyən bir yaş dövrü olur ki, o, artıq sənətin sadəcə zahiri gözəlliyi ilə kifayətlənmir, onun ən dərin fəlsəfi və dini qatlarına enmək istəyir. Rəhim Əliyev də yaradıcılığının müdriklik çağında məhz belə etdi. O, hamımızın tanıdığı, dərsliklərdə “üsyançı şair” kimi təqdim olunan İmadəddin Nəsimi dünyasına tamamilə fərqli bir pəncərədən baxmağa başladı. Alimin 2006-cı ildə yazdığı “Nəsimi və klassik dini üslubun təşəkkülü” və sonralar 2020-ci ildə işıq üzü görən “Nəsimi nədən ənəlhəq dedi” kitabları bu sahədə əsl partlayış idi. Biz çox vaxt Nəsimidən bəhs edəndə onun dərisinin soyulmasını, faciəvi ölümünü ön plana çəkirik. Lakin Rəhim müəllim məsələni bu sosioloji və melodramatik çərçivədən çıxardı. O, Nəsimini bir söz ustası kimi deyil, dili və sözü ilahiləşdirən çox böyük bir mütəfəkkir kimi təhlil etməyə başladı.
Ən maraqlısı odur ki, Rəhim Əliyev hürufiliyi sadəcə bir din təriqəti kimi görmürdü. O, hürufiliyi ilk növbədə dildə aparılan böyük bir inqilab kimi qiymətləndirirdi. Alim sübut edirdi ki, ərəb dilinin mütləq hakim olduğu, müqəddəs Quranın başqa dillərə tərcüməsinin küfr sayıldığı bir dövrdə Nəsimi və onun ustadı Fəzlullah Nəimi dildə ilahi sirlər axtarırdılar. Onlar düşünürdülər ki, hər bir hərf, hər bir səs insanın simasında, kainatın nizamında öz əksini tapır. Rəhim müəllimin şərhlərində ən çox diqqət çəkən məqam Nəsiminin məşhur “Ənəlhəq” – yəni “Mən Haqqam” sözünün yozumudur. Alim göstərir ki, Nəsimi bu sözü deyərkən özünü Allah elan etmirdi. O, insanın daxilindəki o ilahi zərrəni, sözün və dilin gücünü ucaldırdı.
Rəhim Əliyev bu tədqiqatlarında ilk dəfə olaraq çox incə bir məqama toxundu: Fəzlullahın qətlindən sonra Nəsiminin daxilində baş qaldıran o böyük mənəvi tənhalıq və sarsıntı. Alim arxiv mənbələrinə və şairin öz şeirlərinə dayanaraq göstərdi ki, Nəsimi öz ustadının ölümündən sonra hürufi hərəkatının pərakəndə düşməməsi üçün yeni ehkamlar, yeni yollar təklif etmişdi. Rəhim müəllim Nəsimi obrazını göylərdən yerə, canlı insanın taleyinə endirdi; bizə ətiylə, qanıyla və böyük dühasıyla yaşayan, əzab çəkən bir Nəsimi təqdim etdi. Onun bu əsərləri sübut etdi ki, Nəsimi şeiri sadəcə gözəl qafiyələr toplusu deyil, o, Azərbaycan türkcəsinin ən ağır fəlsəfi yükləri belə daşımağa qadir olduğunu göstərən möhtəşəm bir abidədir. Bir insanın həm başqalarının əsərlərini tərəziyə qoyan sərast bir tənqidçi olması, həm də özünün bədii əsər yazması çox çətin, həm də maraqlı bir taleyin göstəricisidir. Çünki tənqidçi bədii əsər yazanda öz daxilindəki o amansız “tənqidçi gözü” ona rahatlıq vermir, hər cümləni, hər sözü yüz dəfə ölçüb-biçməyə məcbur edir. Rəhim Əliyev də məhz belə sənətkarlardan biri oldu. Onun ədəbi tənqiddən bədii yaradıcılığa keçidi sadəcə bir həvəs deyildi, onun daxilindəki sənətkar ruhunun, insan qəlbinin qışqırığı idi. Alimin “Göndərilməmiş məktub” və “Bütövlənməyən borc” kimi nəsr əsərləri bu mənada çox böyük maraq doğurur.
Ən maraqlısı odur ki, Rəhim müəllim nəsr yazanda illərlə tələb etdiyi o “poeziyanın təbiiliyi” prinsipini bədii təhkiyəyə gətirdi. Onun bədii dilində heç bir süni bərəkət, quru akademiklik yoxdur. O, əsərlərini xalqın şifahi danışıq dilinin o təmiz, şirin sintaksisinə söykəyərək qələmə alırdı. Onun qəhrəmanları göydən düşmə və ya uydurulmuş obrazlar deyildilər; onlar bizim aramızda yaşayan, dərdi olan, sevinən və ən əsası əzab çəkən canlı insanlardır. O, tənqidçi gözü ilə cəmiyyətdə gördüyü çatışmazlıqları, insanların daxili sarsıntılarını və milli kimlik axtarışlarını hekayə və povestlərinin canına elə hopdurmuşdu ki, oxucu mətni oxuyanda heç bir süni didaktika (öyüd-nəsihət) hiss etmirdi.
Rəhim Əliyevin nəsrində ən çox diqqət çəkən məqam dərin bir psixologizmdir. O, sadəcə hadisələri nağıl etmir, insan ruhunun ən gizli qatlarına boylanır. Sanki tənqidçi Rəhim Əliyev kənara çəkilir və yerini həssas bir qəlbə malik olan yazıçı Rəhim Əliyevə verir. Onun nəsr əsərlərində Azərbaycan xalqının yaxın keçmişi, o çətin 90-cı illərin ictimai-siyasi ab-havası və mənəvi aşınmalar bir rəssam dəqiqliyi ilə təsvir olunur. Beləliklə, o sübut etdi ki, əsl tənqidçi həm də böyük bir sənət duyumuna malik olmalıdır ki, özü də belə canlı və təsirli bədii lövhələr yarada bilsin.
Hər bir güclü tənqidçinin arxasında böyük bir nəzəriyyəçi dayanır. Çünki möhkəm elmi bazası və nəzəri dünyagörüşü olmayan bir qələm sahibi ədəbi əsərlər meydanına qədəm qoya bilməz. Rəhim Əliyev də Azərbaycan ədəbiyyatşünaslığında özünün fundamental əsərləri ilə nəzəriyyə sahəsində yeni bir məktəb yaratdı. Onun işıq üzü görən “Ədəbiyyat nəzəriyyəsi” əsəri sadəcə tələbələr üçün yazılmış quru bir dərslik deyildi. Bu kitab sənət əsərinin hansı qanunlarla yaranmasını, bədii sözün daxili mexanizmlərini anlamaq üçün yazılmış çox dərin bir fəlsəfi tədqiqat idi. Rəhim müəllim bu kitabında ədəbiyyatın hansı estetik qanunauyğunluqlarla inkişaf etdiyini, sənətin cəmiyyət və insan ruhu ilə olan gizli bağlarını bir-bir açıb göstərirdi.
Lakin Rəhim Əliyev bununla da kifayətlənmədi. O, bədii mətndəki sözlərin sadəcə səslər yığını olmadığını çox gözəl anlayırdı. O bildirdi ki, hər bir sözün arxasında bir gizli məna, bir kod, bir işarə (semiotika) gizlənir. Onun dildə apardığı semiotik araşdırmalar Azərbaycan elmi mühiti üçün olduqca yenilikçi və cəsarətli bir addım idi. Alim sübut etməyə çalışırdı ki, bizim qədim dastanlarımızda, klassik əsərlərimizdə və xalqın yaratdığı bədii nümunələrdə hər bir obraz, hər bir hərəkət, hətta bəzi səslərin özü belə xüsusi bir məna daşıyır. O, sözün mənşəyinə, onun mifoloji köklərinə enərək göstərdi ki, xalqın dili onun daxili təfəkkürünün, qan yaddaşının birbaşa ifadəsidir.
Rəhim müəllim məsələyə dünya elminin ən son nailiyyətləri — işarələr sistemi olan semiotika prizmasından baxanda çox maraqlı nəticələrə gəlib çıxırdı. O, sübut edirdi ki, Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, bütöv bir sivilizasiyanın qədim sirli kodlarını özündə saxlayan möhtəşəm bir xəzinədir. Bu mənada alimin həm ədəbiyyat nəzəriyyəsi sahəsindəki fəaliyyəti, həm də dilin dərin qatlarında apardığı semiotik axtarışlar onun yaradıcılığını sıravi ədəbiyyatşünaslıq çərçivəsindən çıxararaq çox ciddi bir mədəniyyət və fəlsəfə araşdırmasına çevirdi. Onun hər bir fərziyyəsi, hər bir təhlili oxucunu və tədqiqatçını sözün sehri qarşısında heyrətlənməyə məcbur edir.
Vüqar Əhməd
Filologiya elmləri doktoru, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

