Tarixin elə qanlı dövrləri var ki, orada işıq əvəzinə zülmət, ədalət əvəzinə amansızlıq hökm sürür. 1930-cu illərin Azərbaycanı məhz belə bir qaranlığın içində boğulurdu. Sovet hökumətinin gətirdiyi o qorxulu repressiya dalğası xalqımızın vicdanlı, ləyaqətli insanlarını bir-bir udurdu. Heç bir günahı olmayan insanlara atılan çirkin böhtanlar yüzlərlə ailənin çırağını söndürürdü. Günlərin birində bu zəhərli ox Bakıda yaşayan nüfuzlu bir ailənin də ocağına tuşlandı. Yusif kişi heç bir səbəb olmadan, böhtanla həbs edildi.
Bütün bu haqsızlıqlar baş verəndə Məlikin cəmi 12 yaşı vardı. O, dərslərini əla oxuyan, məktəbin dram dərnəyinə, ədəbiyyata, teatra böyük həvəs göstərən bir yeniyetmə idi. Lakin onun qəlbində aktyorluqdan daha böyük bir sevgi yaşayırdı: O, həkim olmaq, insanlara Allahın hökmü ilə şəfa vermək istəyirdi. Məhz bu səbəbdən biologiya fənnindən həmişə ən yüksək qiymətləri alırdı.
Atasının qəfil həbsi və onlara atılan ləkə Məlikin qayğısız dünyasını darmadağın etdi. Onun gözlərinə əbədi bir pərişanlıq çökdü. O, evdə iki qardaşı ilə tək qalmışdı — Süleyman və Salman. Üç qardaş bu böyük dərdi çiyinlərində daşımalı oldular. Sonralar böyük qardaşı Salman da sənət yolunu seçib tanınmış aktyor olacaq, Süleyman isə bütün ömrünü musiqiyə həsr edəcəkdi. Balaca Məlikin isə hələ qarşıda onu dahi bir sənətkara çevirəcək uzun və əzablı yolları vardı.
Məlik sənədlərini Tibb İnstitutuna verir və istəyinə nail olur. Lakin onun bu ağrıkəsici, şəfaverici peşəni öyrənmək arzusu yarımçıq qalır. Çünki bəşəriyyətin üstünü qara buludlar alır — dəhşətli İkinci Dünya müharibəsi başlayır. Cavan Məlik də hər bir vətənpərvər gənc kimi təhsilini saxlayıb cəbhəyə yollanır.
Cəbhədə o, əsl əsgər kimi vuruşur. Çox məsuliyyətli, güclü və son dərəcə cəsarətli bir döyüşçü kimi hamının hörmətini qazanır. Lakin Məlikin məziyyətləri təkcə silah tutmaqla bitmir. Vaxtilə Tibb İnstitutunda aldığı qısa təhsil onun köməyinə çatır. O, amansız döyüşlərin getdiyi anlarda yaralanmış əsgər dostlarına ilk tibbi yardımı özü göstərir. Lazım gələndə yaralı yoldaşlarını kürəyinə alıb, gülləbaranının altında kilometrlərlə məsafəni qət edərək səyyar tibb məntəqələrinə çatdırır. O, həkimlik andını cəbhənin qanlı səngərlərində xalqının igid oğullarının həyatını xilas etməklə yerinə yetirirdi.
Lakin müharibə amansızdır. Günlərin birində şiddətli partlayış dalğası Məlik müəllimi də yaxalayır. O, çox ağır bir kontuziya alır..
Ağır kontuziyadan sonra Məlik hələ müharibə bitməmiş ordudan tərxis olunur. Artıq həkimlik arzusu arxada qalmışdı, çünki taleyi onu başqa bir böyük missiyaya doğru çəkirdi. O, sənədlərini Teatr Texnikumuna verir. Bəxtindən burada Azərbaycan səhnəsinin nəhəng rejissoru Adil İsgəndərovdan dərs almaq nəsib olur. Adil müəllimin məktəbi gənc Məlikin daxilindəki o böyük aktyorluq potensialını üzə çıxarır.
Texnikumu bitirən kimi Məlikin təyinatını Zaqatala teatrına verirlər. O, burada bir-birindən fərqli, mürəkkəb xarakterik rollar yaradaraq gənc yaşlarından öz istedadını sübut edir. Amma Zaqatala təkcə onun sənətinin yox, həm də gənclik eşqinin məkanı olur. Məlik teatrda çalışan gözəl bir aktrisaya (Sofiya Hüseynovaya) vurulur. Hər ikisi çox gənc olmalarına baxmayaraq, böyük bir sevgi ilə nikaha girirlər.
Bu izdivacdan düz 9 ay sonra bir oğlan uşağı dünyaya gəlir. Valideynləri ona Rəfael adını qoyurlar. Gələcəkdə atası kimi xalqın sevimlisinə çevriləcək Rəfael Dadaşovun həyat hekayəsi bax belə başlayır. Lakin gənc ailənin xoşbəxtliyi uzun sürmür. Sənət adamlarının həyatında tez-tez rast gəlinən o amansız hiss — qısqanclıq bu ocağın da üstünü kəsir. Qısqanclıq ailənin dağılmasına səbəb olur. Aktrisa balaca Rəfaeli də götürüb Zaqatalanı tərk edir və Naxçıvana yola düşür..
Naxçıvandan başlayan ayrılıq və şəxsi həyatın ağır sarsıntıları Məlik müəllimi sənətdən soyutmur. Əksinə, o, daxilindəki bütün o pərişanlığı və kədəri yaradıcılığa çevirir. 1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu uğurla bitirir və elə həmin il ölkənin baş səhnəsinə — Akademik Dram Teatrına dəvət alır.
Məlik müəllimin teatra gəlişi Azərbaycan milli səhnəsinin qızıl dövrünə təsadüf edirdi. Çünki o vaxt burada Ələsgər Ələkbərov, Mehdi Məmmədov və Adil İsgəndərov kimi nəhəng sənət korifeyləri çalışırdı. O, belə bir münbit və güclü sənət mühitində parlamağa başlayır. Teatrın səhnəsində ilk dəfə “Ailə namusu” pyesində çıxış edərək tamaşaçıların və rejissorların böyük rəğbətini qazanır. Məhz bu dahi adamların əhatəsində püxtələşən Məlik müəllim gələcəkdə yaradacağı və yaddaşlara əbədi həkk olunacaq o böyük rolların təməlini məhz 1950-ci ildən — Akademik Dram Teatrının səhnəsindən qoyur.
Tamaşaçılar onu “Bir qalanın sirri”ndə sehrkar Dərviş, “Koroğlu”da hiyləgər Bolu bəy, “Dağlarda döyüş”də amansız sərhədpozan, “26-lar”da fədakar Məşədi Əzizbəyov, “Uşaqlığın son gecəsi”ndə sərt rəis Nazir kimi tanıdılar. O həm də “Birisigün, gecəyarısı…” filmində Nəriman Nərimanovun, “Ölülər”də riyakarlığın simvolu olan Şeyx Nəsrullahın daxili dünyasını ekrana gətirdi. Ömrünün son illərində isə “Fəryad” filmində erməni Armen Xaçatryan, “Güllələnmə təxirə salınır!…” əsərində isə ikiüzlü bir hüquq işçisi obrazı ilə öz aktyorluq ucalığını bir daha sübut etdi.
Təbii ki, kinoşünaslar onun “Axırıncı aşırım” filmində canlandırdığı Qəmlo obrazını sənətkarın şah əsəri hesab edirlər. Qəmlonun o daxili dramatizmi, sarsılmazlığı və eyni zamanda faciəsi Məlik müəllimin ifasında zirvəyə çatmışdı. Lakin onun yaratdığı Molla Sadıq obrazı da Qəmlodan heç də geri qalmır. “Dəli Kür” filmində Məlik müəllim cəmiyyəti içəridən çürüdən, dini pərdə altında gizlənən böyük bir münafiq tipini yaratmışdı. Molla Sadıq xalqın gözünü bağlayan o dövrün qaranlıq siması idi və Məlik müəllim bu rolu elə bir ustalıqla oynamışdı ki, tamaşaçı bu xarakterin riyakarlığına nifrət etməyə bilmirdi.
O, yalnız rol oynayan deyil, yaratdığı hər bir obrazın daxili dünyasını söküb yenidən quran bir psixoloq idi. Məlik müəllimin sənət fəlsəfəsini və yaradıcılıq gücünü bir neçə mühüm ştrixlə belə şərh edə bilərik:
Mənfi obrazların sarsılmaz ustadı: O, canlandırdığı mənfi xarakterləri (Molla Sadıq, Qəmlo, Şeyx Nəsrullah) birmənalı şəkildə “pis adam” kimi göstərmirdi. Onların daxili motivlərini, amansızlıqlarının səbəbini və ən əsası, faciəsini tamaşaçıya hiss etdirirdi.
Molla Sadıq fenomeni: Bu rol sənətkarın kamil bir münafiq portretidir. Dini pərdə arxasında gizlənən cahilliyi, hiyləgərliyi və riyakarlığı Məlik müəllim elə bir ustadlıqla oynayıb ki, Molla Sadıq obrazı Azərbaycan kinosunda xalqın maariflənməsinə mane olan o qaranlıq dövrün vizual simvoluna çevrilib.
Qəmlonun şah əsəri olması: Bu obrazda aktyor yalnız bir qaçaq yaratmadı. O, sadiqliklə vəhşilik arasında sıxışıb qalan, daxili sarsıntılar keçirən kamil bir psixoloji xarakter ortaya qoydu. Qəmlonun sükutu belə tamaşaçını ekrana kilidləyirdi.
Xarakterlərin rəngarəngliyi: Onun üçün kiçik rol yox idi. “Uşaqlığın son gecəsi”ndəki “Nazir” rəis obrazından tutmuş, “Fəryad”dakı qəddar erməni komandirinə qədər hər bir rolunda tamam fərqli bir insan taleyini, jestləri və mimikaları kəşf edirdi.
Mövsüm Əhməd
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

