NFL ulduzu Trevis Kelsi Teylor Sviftlə toyu barədə ilk dəfə danışıb. Cütlük 3 iyul 2026-cı ildə Nyu-Yorkda gizli şəkildə evlənib. İdmançı həmin gecəni həyatının ən gözəl gecəsi adlandırıb.
“Gəlib bizimlə birlikdə qeyd edən və əylənən hər kəsə minnətdaram. Həmin gecə ilə bağlı xatırladığım demək olar ki, budur. Bu, inanılmaz və əyləncə ilə dolu bir gecə idi”, – Kelsi bildirib.
Üçqat Super Bowl qalibi toy məkanı ilə bağlı hisslərini də bölüşüb:
“Uşaqlıq arzusunu gerçəkləşdirmək, bütün idman arenalarının Məkkəsi sayılan bu məkanda olmaq və burada evlənmək möhtəşəmdir”.
Toy Nyu-Yorkdakı Madison Square Garden arenasında keçirilib. Mərasimi komediyaçı və aktyor Adam Sendler aparıb. Cütlüyün geyimlərini Christian Dior moda evinin kreativ direktoru Conatan Anderson hazırlayıb. Svift isə Louboutin ayaqqabıları seçib.
Toyda aralarında çoxsaylı məşhurların da olduğu təxminən 1000 qonaq iştirak edib. Qonaqlar arasında Cennifer Lopez, Ed Şiran, Cimmi Fallon, Cici Hadid, Hyu Qrant və Bredli Kuper də olub.
Mərasim zamanı telefonlardan istifadə və foto çəkilişi qadağan edilib. Qonaqlardan həmçinin məxfilik haqqında müqavilə imzalamaq tələb olunub.
Nyu-York meri Zoran Mamdani bildirib ki, cütlük toyun təşkili ilə bağlı şəhərin xərclərini qarşılamaq üçün 160 min dollar ödəyib. Arena canlı ağaclar, güllər və çoxsəviyyəli dekorasiyalarla böyük bağa çevrilib.
Toyun rəsmi qiyməti açıqlanmayıb. Forbes mümkün şəhər xərclərini də nəzərə alaraq mərasimin ümumi dəyərini 20–30 milyon dollar arasında qiymətləndirib.
Teylor Svift və Trevis Kelsinin münasibəti
Teylor Svift və Trevis Kelsi 2023-cü ildə münasibətə başlayıblar. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb.
Toyda gəlin buketini NFL ulduzunun bacısı Eşli Smit tutub. O, mərasimə Kelsinin qonağı kimi qatılıb və sosial şəbəkədə buketdən bir neçə güllə olan fotosunu paylaşıb.
Teylor Svift dünyanın ən çox albom satan ifaçılarından biridir və “Spotify”da ən çox dinlənilən müğənnilərdən biri hesab olunur. Onun 14 “Qremmi” mükafatı var. 2019-cu ildə “American Music Awards” tərəfindən “Onilliyin ifaçısı” seçilib, həmçinin “Billboard”un “Onilliyin qadını” mükafatına layiq görülüb.
2025-ci ildə Sviftin sərvəti 2 milyard dolları keçib. Buna onun karyerasının ən böyük konsert turu olan “Eras Tour” əhəmiyyətli töhfə verib.
Trevis Kelsi isə “Kansas City Chiefs”in heyətində 2020, 2023 və 2024-cü illərdə üç dəfə Super Bowl qalibi olub və NFL tarixinin ən yaxşı tight end oyunçularından biri hesab edilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

